AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun direktor müavini, tarix elmləri doktoru professor Nəcəf Müseyiblinin rəhbərlik etdiyi ekspedisiya Ağstafa rayonu ərazisindəki Neolit dövrünə (e.ə. VI minillik) aid Çağrıtəpə yaşayış yerində keçən il başlanmış geniş miqyaslı arxeoloji qazıntı işlərini bu yay mövsümündə də davam etdirib.
Hələ 2013-cü ildə bu ekspedisiyanın abidədə apardığı ilk qazıntı işləri ilə yaşayış yerinin Neolit dövrünə, Şomutəpə arxeoloji mədəniyyətinə aid olduğu müəyyən edilib.
Son iki qazıntı mövsümündə Çağrıtəpədə 200 kvadrat metr sahədə qazıntı işləri aparılıb. Məlum olub ki, burada Neolit dövrü yaşayış yerinin üstündə, təpənin şərq tərəfində minilliklər sonra – Orta əsrlərdə (VIII-X əsrlərdə) yaşayış məskəni salınıb. Qazıntı zamanı həmin dövrə aid saxsı qab nümunələri, dən daşları, ocaq yerləri ortaya çıxıb. Buna görə də üst qatlarda Neolit və Orta əsrlərə aid qalıqlar qarışıq aşkar edilib.
Çağrıtəpədə Neolit dövrünə aid çiy kərpic və möhrə ilə inşa edilmiş dairəvi-oval planlı tikili qalıqları, eyni zamanda təsərrüfat quyuları və ocaq yerləri aşkar edilib. Kəsici alətlərin əksəriyyəti obsidiandan (vulkanik şüşədən) hazırlanıblar. Bunlar oraq dişləri, qaşov, iskənə, yonqar, kəsər tipli alətlərdir. Respublikamızda ən zəngin obsidian yataqları Kəlbəcər rayonu ərazisindədir. Çaxmaqdaşından da az sayda eyni tipli alətlər hazırlanıb. Daş alətlər dən daşları, sürtgəclər, həvəng-dəstə və s. tapıntılardır. Heyvan sümüklərindən düzəldilmiş deşici alətlər, bizlər aşkar edilib.
Maraqlı tapıntılar sırasında alət hazırlanması üçün tədarük edilmiş obsidian lövhələrin və qəlpələrin dəfinələrini qeyd etmək olar. Qazıntı sahəsində bir neçə yerdə belə dəfinələr aşkar edilib.
Çağrıtəpədə aparılmış qazıntılarla müəyyən edilib ki, abidənin Neolit dövrü sakinləri, dairəvi-oval quruluşlu, biri-birinə yaxın, sıx tikilmiş evlərdə yaşayıb, əkinçilik, maldarlıq və ev sənətkarlığı ilə məşğul olublar.
Gələcək illərdə aparılacaq qazıntılar nəticəsində abidə haqqında yeni məlumatların əldə ediləcəyi gözlənilir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.