Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

10.09.2021 15:44
  • A-
  • A
  • A+

Tarix Muzeyində “Malazgirt döyüşünün 950 illik yubileyinə həsr olunmuş” elmi-praktik seminar keçirilib

Tarix Muzeyində “Malazgirt döyüşünün 950 illik yubileyinə həsr olunmuş” elmi-praktik seminar keçirilib

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin baş direktoru, akademik Nailə Vəlixanlının bilavasitə dəstəyilə AMEA-nın gənc əməkdaşları və yaradıcı heyətin təşəbbüsü ilə “Malazgirt döyüşünün 950 illik yubileyinə həsr olunmuş” elmi-praktik seminarın ikinci hissəsi baş tutub.

Tədbirdə Malazgirt döyüşünün Azərbaycan və Türk dünyası üçün əhəmiyyəti, onun tarixi gerçəklikləri, hərbi-texnoloji aspektləri ətrafında müasir tariximiz və türk xalqlarınının birliyi mövqeyindən işıqlandırılması həyata keçirilib. Seminar çərçivəsində AMEA-nın Tarix İnstitutunun əməkdaşı, rəssam Cəmaləddin İsmayılovun Malazgirt döyüşünə və onun yubileyinə həsr olunmuş iri ölçülü batalist janrda rəsm əsəri də təqdim edilib. Seminarı giriş sözü ilə Nailə Vəlixanlı açıb.

Seminar Elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin müdiri, t.ü.f.d., dosent Səbuhi Əhmədovun moderatorluğu ilə keçirilib. Tədbirdə S.Əhmədov və digər mütəxəssislərin mövzu ilə bağlı məruzələri dinlənilib. Xüsusilə Azərbaycan tarix elmini Türkiyədə uğurla təmsil edən Kastamonu Universitetinin professoru Namiq Musalının Azərbaycan və Malazgirt zəfəri adlı məruzəsi yeniliyi ilə diqqəti cəlb edib. Tədbirdə Türkiyədən internet vasitəsilə qoşulan qonaqların və eləcə də, Azərbaycandan mövzu ilə bağlı əyani təqdimatlar ilə çıxış edən mütəxəssislərin təqdimatları dövrün ruhunun duyulması baxımından olduqca maraqlı olub. Seminarın əyani hissəsində Eltan Qədimbəylinin, İlqar Həsənəlizadənin və Cahangir Əhmədovun oxçuluq və türk yayına həsr olunmuş təqdimatları yüksək qiymətləndirilib.

Daha sonra “Malazgirt döyüşünün 950 illik yubileyinə həsr olunmuş” elmi-praktik seminar çərçivəsində döyüşə həsr olunmuş rəsmin və “Şuşa qələbəsinə” həsr olunmuş əsərlərin nümayişi, muzeyin Avropa zalında sərgilənən “Nizami dövrü ekspozisiyası” qonaqlara əhatəli təqdim edilib. “Malazgirt zəfəri” rəsmi özünün bədii tərtibatı və kreativliyi baxımından xüsusi olaraq qeyd edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: