Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

13.09.2021 09:35
  • A-
  • A
  • A+

UNESCO kafedraları "COVID-19 pandemiyası dövründə qeyri-maddi mədəni irs” mövzusunda dəyirmi masa keçirib

UNESCO kafedraları "COVID-19 pandemiyası dövründə qeyri-maddi mədəni irs” mövzusunda dəyirmi masa keçirib

UNESCO kafedraları “COVID-19 pandemiyası dövründə qeyri-maddi mədəni irs” mövzusunda növbəti dəyirmi masa  keçirib.

Onlayn formatda keçirilən görüşü “Rəsmi və ümumi təhsildə qeyri-maddi mədəni irs” UNESCO kafedrasının müdiri, Ankara Hacı Bayram Vəli Universitetinin professoru Öcal Oğuz açaraq rəhbərlik etdiyi kafedranın pandemiya şəraitində fəaliyyət perspektivlərindən bəhs edib. Sonra sözügedən kafedranın üzvü Dr.Ahmet Erman Aral dəyirmi masanın təqdimat və sual-cavabdan ibarət iki sessiyada davam edəcəyini dəyirmi masa iştirakçılarının nəzərinə çatdırıb.

İlk bölmədə təqdimat üçün söz alan AMEA-nın Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov təmsil etdiyi institutun nəzdində yaradılmış və rəhbəri olduğu “Xalq musiqi irsi və dastançılıq ənənələri üzrə UNESCO “Aşıq Şəmşir” kafedrası”nın fəaliyyəti barədə geniş məlumat verib. Akademik kafedranın təsisi üçün Azərbaycanda və dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən 40-a yaxın elm və mədəniyyət qurumlarından müsbət rəy alındığını, Azərbaycanın görkəmli saz-söz sənətkarı Aşıq Şəmşirin adını daşıyan bu kafedranın dastançılıq ənənələri üzrə dünyada ilk UNESCO kafedrası olduğunu diqqətə çatdırıb. Akademik bildirib ki, sözügedən kafedra Azərbaycan xalq musiqisinə və dastanlarına beynəlxalq tədqiqatçıların diqqətini cəlb etməklə yanaşı, Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağın şifahi xalq ədəbiyyatı və Qarabağ musiqi mədəniyyətinin görkəmli nümayəndəsi Aşıq Şəmşirin irsini beynəlxalq səviyyədə tanıtmağa imkan yaradır. M.İmanov vurğulayıb ki, COVID-19 pandemiyası ilə əlaqədar kafedranın tədbirləri elektron vasitələrdən istifadə edilərək onlayn formatda təşkil olunur. Kafedranın ilk tədbiri 2021-ci ilin yanvar ayında onlayn formatda təşkil edilib. Azərbaycanın və Türkiyənin elm və mədəniyyət xadimlərinin iştirakı ilə baş tutan tədbirdə kafedranın fəaliyyət perspektivləri müzakirə olunub. Akademik M.İmanov aprel ayında Azərbaycan və Türkiyənin UNESCO üzrə milli komissiyalarının birgə təşkilatçılığı ilə keçirilən tədbirin məqsədinin Folklor İnstitutunun nəzdində fəaliyyətə başlamış “Aşıq Şəmşir xalq musiqi irsi və dastançılıq ənənələri” UNESCO kafedrası” ilə Ankara Hacı Bayram Vəli Universitetinin Türk Folkloru Təcrübə və Araşdırma Mərkəzində fəaliyyət göstərən “Rəsmi və ümumi təhsildə qeyri-maddi mədəni irs” UNESCO kafedrası arasında əməkdaşlığı təşviq etmək və qeyri-maddi mədəni irsin qorunması sahəsində yeni əməkdaşlıq imkanlarını dəyərləndirmək olduğunu qeyd edib.

Dəyirmi masada, həmçinin  “Kritik irs araşdırmaları və qeyri-maddi mədəni irsin qorunması” UNESCO kafedrasının müdiri, Brüssel Vrije Universitetinin professoru Mark Cakobs, “Qeyri-maddi mədəni irs siyasəti və qanun” UNESCO kafedrasının müdiri, Latviya Mədəniyyət Akademiyasının doktoru Anita Vaivade, “Qeyri-maddi mədəni irs və ənənəvi bilik: irsi əlaqələndirmək” UNESCO kafedrasının müdiri,  Evora Universitetinin professoru Filipe Temudo Barata, “Mədəniyyətlərarası musiqi araşdırmaları” UNESCO kaferasının müdiri, Franz Liszt Veymar Musiqi Universitetinin professoru Tiaqo de Oliveira Pinto, “Qeyri-maddi mədəni irsin tətbiqi araşdırmaları” UNESCO kafedrasının müdiri, Tartu Universitetinin professoru Kristin Kuutma və “Rəsmi və ümumi təhsildə qeyri-maddi mədəni irs” UNESCO kafedrasının üzvü, Ankara Hacı Bayram Vəli Universitetinin doktoru Ahmet Erman Aral çıxış edərək kafedraların iş prinsipi, fəaliyyət perspektivləri ilə bağlı fikirlərini bölüşüblər.

Dəyirmi masanın ikinci hissəsində tədbir iştirakçılarına verilən dörd sual ətrafında geniş müzakirələr aparılıb. Belə ki, görüş iştirakçıları pandemiya dövründə UNESCO kafedralarının fəaliyyətlərində  üzləşdikləri əsas çətinliklər, elektron vasitələrin və internet mühitinin qeyri-maddi mədəni irsin bir hissəsi olduğu dövrdə UNESCO kafedralarının rolu, qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitədə və UNESCO Baş Assambleyasında verilən qərarlara təsir etmə yolları, eləcə də gələcəkdə qeyri-maddi mədəni irs üzrə kafedralar arasında əməkdaşlığın gücləndirilməsi məqsədilə atılacaq addımlar istiqamətində fikir mübadiləsi aparıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: