Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

14.09.2021 11:43
  • A-
  • A
  • A+

Ədəbiyyat İnstitutunun Elmi şurasının iclası keçirilib

Ədəbiyyat İnstitutunun Elmi şurasının iclası keçirilib

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib. İclasda şuranın üzvləri və müəssisənin şöbə müdirləri iştirak ediblər.

Tədbiri AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli açaraq gündəlikdəki məsələlərlə iştirakçıları tanış edib.

Əvvəlcə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında 5 yanvar 2021-ci il tarixli Sərəncamına uyğun olaraq institutun həyata keçirdiyi tədbirlər və qarşıda duran vəzifələr müzakirə edilib. Akademik İsa Həbibbəyli keçirilmiş tədbir və konfranslarla bağlı ətraflı məlumat verib və yeni nəşrləri - Nizami Gəncəviyə həsr olunmuş “Qardaş qələmlər” və “Türk ədəbiyyatı” jurnallarını, həmçinin Nüşabə Araslının “Nizami  Gəncəvi və türk ədəbiyyatı” kitablarını təqdim edib. “Nizami ili” çərçivəsində indiyədək Akademiyada 18 kitab və 5 jurnalın işıq üzü gördüyünü diqqətə çatdırıb.

Sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında 18 fevral 2021-ci il tarixli Sərəncamına uyğun olaraq müəssisənin həyata keçirdiyi tədbirlər və qarşıda duran vəzifələr barəsində professor Məhərrəm Qasımlı məlumat verib. Ədəbiyyat İnstitutu ilə AAB-nin birgə nəşri olan “Aşıq Ələsgərlə bağlı dastan-rəvayətlər” kitabı və oktyabrda keçirilməsi nəzərdə tutulan konfrans haqqında iştirakçıları məlumatlandırıb.

Bundan əlavə, Xalq yazıçısı Mirzə İbrahimovun 110 illik yubileyinin qeyd edilməsi haqqında və Türkiyədə elan olunmuş “Yunus Əmrə və Türk dili ili” ilə əlaqədar olaraq institutda keçiriləcək “Yunus Əmrənin sənət dünyası və idealları” mövzusunda beynəlxalq elmi konfransa hazırlıq haqqında müzakirələr aparılıb.

İclasda institutun XX əsr (sovet dövrü) Azərbaycan ədəbiyyatı şöbəsinin baş elmi işçisi, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Fəridə Vəlixanovanın 85 illik yubileyinin qeyd edilməsi qərara alınıb.

Sonra qurumun Elmi informasiya və tərcümə şöbəsinin 20 illik fəaliyyəti haqqında şöbənin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Zakirə Əliyeva ətraflı məlumat verib. Həmçinin yubiley münasibətilə Zakirə Əliyevaya institutun Fəxri fərmanı təqdim olunub.

Gündəlikdəki 2021-ci il üçün elmlər və fəlsəfə doktorluğu hazırlığı üzrə doktorantura və dissertanturaya qəbul olanların elmi rəhbər və mövzularının təsdiqi, magistratura tədris planlarının müzakirəsi və təsdiq edilməsi və digər məsələlər barəsində Təhsil şöbəsinin müdiri, sosiologiya üzrə fəlsəfə doktoru Samir Səttarov məlumat verib.

Sonda institutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Mehman Həsənli çap və müsabiqə məsələləri ilə bağlı görülən işləri diqqətə çatdırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: