Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

15.09.2021 10:53
  • A-
  • A
  • A+

1918-ci ildə Bakının azad olunması Azərbaycan-Türkiyə qardaşlığının şanlı səhifəsidir

1918-ci ildə Bakının azad olunması Azərbaycan-Türkiyə qardaşlığının şanlı səhifəsidir

Birinci Dünya müharibəsi başlananda Qafqaz ərazisi “xalqlar həbsxanası” adlandırılan Rusiya imperiyasının əsarəti altında idi. 1914-cü ilin oktyabrında Qafqaz cəbhəsində ümumi hərbi-siyasi vəziyyət gərgin idi. 1917-ci ilin fevralında Rusiyada burjua inqilabı nəticəsində Romanovlar sülaləsi devrildi, müstəmləkəçilik iflasa uğradı. Nəticədə, Qafqaz xalqları öz müqəddəratını təyin etmək hüququ əldə edərək, azadlıqlarına qovuşdular. Bu zaman Qafqazda sülh və əmin-amanlıq üçün yeganə təhlükəli qüvvə erməni daşnakları idi. Onların bir hissəsi Qərbin imperialist dövlətlərinin işğalçılıq planlarında siyasi alətə çevrilmiş, qalanları isə bolşevik şineli geyinərək Qafqazda öz havadarlarının köməyilə tarixdə heç vaxt mövcud olmayan qondarma erməni dövləti yaratmağa çalışırdılar. Hələ Rusiya imperiyası mövcud olduğu dövrdə azərbaycanlıları kütləvi şəkildə orduya cəlb etmir, həmçinin onların qanuni şəkildə hərbi dəstələr yaratmasını qadağan etmişdi. Lakin Rusiya imperiyası havadarlıq etdiyi erməniləri nəinki orduya cəlb edir, hətta onların terrorçu silahlı dəstələr yaratmasına açıq-aşkar şərait yaradırdı. Məhz buna görə XX əsrin əvvəllərində erməni daşnakları yüzlərlə azərbaycanlı kəndlərini viran qoymuş, əhalisini isə qətlə yetirmişdir.

Bu fikirləri AMEA-nın Tarix İnstitutunun böyük elmi işçisi Ramin Əlizadə söyləyib. O bildirib ki, 1918-ci ilin may ayı Azərbaycan tarixində əsasən iki mühüm hadisə ilə yadda qaldı: həm müstəqil dövlətçiliyimiz elan edildi, həm də Cənubi Qafqaz regionunda Azərbaycanın tarixi ərazisində erməni dövləti yaradıldı. Azərbaycan Xalq Cümhuriyyəti yarandığı ilk gündən qonşuluq münasibətlərinə, dünya dövlətləri ilə qarşılıqlı dostluq əlaqələrinə hazır olduğunu bəyan etdi. 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurasının altı bənddən ibarət “İstiqlal bəyannaməsi”ni qəbul etməsi ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması elan edildi. Bu hüquqi sənəddə Azərbaycan ərazisində hakimiyyətin xalqa məxsus olması, Azərbaycan dövlətinin əhatə etdiyi coğrafi məkan, dövlətçiliyin əsas fəaliyyət prinsipləri, hər kəsin milli, dini, silki və cinsi mənsubiyyətindən asılı olmayaraq azad və bərabərhüquqlu yaşaması, demokratik hakimiyyətin əsas forması kimi hakimiyyətin bölünməsi prinsipi əks olunub. Mayın 30-da isə Azərbaycan Xalq Cümhuriyyəti öz müstəqilliyini elan etməsi ilə bağlı dünya dövlətlərinə radioteleqrafla məlumat verdi.

“1918-ci ilin mart-aprel aylarında Stepan Şaumyanın göstərişi ilə erməni-daşnak dəstələri Azərbaycanın bir çox yerlərində olduğu kimi, Bakıda da azərbaycanlılara qarşı soyqırımı törətmişdilər. Məhz bu hadisədən sonra Azərbaycan ziyalıları və milli burjuaziyası dostun və düşmənin kim olduğunu qətiləşdirdilər. Onlar Azərbaycan xalqını soyqırımına məruz qoyan erməni daşnak və bolşevik qruplaşmalarına qarşı mübarizədə Osmanlı dövlətinin qardaşlıq yardımına güvənməyin vacib olduğunu başa düşdülər. 1918-ci il iyunun 4-də Batumda Osmanlı dövləti ilə Azərbaycan Xalq Cümhuriyyəti arasında dostluq və əməkdaşlıq müqaviləsi imzalandı. Bu müqaviləyə görə, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadə Qafqazdakı türk-müsəlman əhalisinə qarşı törədilən qırğınlara son qoymaq üçün Osmanlı dövlətindən hərbi yardım istədi. Bundan sonra Osmanlı ordusunun Baş Komandanı Ənvər Paşa 5-ci Piyada Diviziyasının Qafqaz İslam Ordusuna qatılması barədə əmr verdi. Qafqaz İslam Ordusunun Azərbaycana daxil olması ilə əvvəlcə Qazax və Tovuz ərazilərində asayiş təmin edildi. Daha sonra mayın 25-də Gəncəyə çatan xilaskar türk ordusunu Azərbaycan xalqı böyük sevinc hissi ilə qarşıladı, türk əsgərlərinə qurbanlar kəsildi. Qafqaz İslam Ordusunun tərkibində 5 minə yaxın azərbaycanlı vardı. 1918-ci ilin iyun-iyul aylarında Göyçay döyüşlərində bolşevik və erməni daşnak silahlı dəstələri üzərində möhtəşəm qələbədən sonra Qafqaz İslam Ordusunun əsas məqsədi Bakını düşməndən azad etmək oldu. Əvvəlcə Göyçay, Ağdaş, Kürdəmir və Ağsu bolşevik və erməni daşnak silahlı dəstələrindən təmizləndi. Qafqaz İslam Ordusu Şamaxını azad etdikdən sonra Bakıya yolu açıldı. Bu zaman Bakıda anti-Azərbaycan siyasəti yürüdən Stepan Şaumyanın başçılıq etdiyi separat hökumət qurumu bolşevik Rusiyasının rəhbəri Leninin köməyinə arxalanırdı. Sentyabrın 13-də Biləcəri dəmiryolu istiqamətində irəliləyən Qafqaz İslam Ordusu düşmənin birinci müdafiə xəttini yardı. Sentyabrın 14-də günorta saatlarına qədər davam edən döyüşlər nəticəsində düşmənin müqaviməti tamamilə qırıldı. Qafqaz İslam Ordusu və onun tərkibində döyüşən azərbaycanlı əsgərlər Bakının tələfatsız azad olunması üçün əllərindən gələni etdilər. Lakin bolşevik və erməni daşnak silahlı dəstələri küçə döyüşləri zamanı dinc əhalini qətlə yetirirdilər. Nəhayət, sentyabrın 15-də Bakı düşməndən azad edildi. Səhəri gün Qafqaz İslam Ordusunun şərəfinə şəhərdə ziyafətlər təşkil edildi. Bakının azad olunması ilə Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin böyük bir hissəsində öz hakimiyyətini bərqərar etdi. Bakının azad olunduğu gün Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biri oldu. Bu gün tariximizə Azərbaycan-Türkiyə qardaşlığının şanlı səhifəsi kimi yazıldı”, - deyə tarixçi-alim fikrini yekunlaşdırıb.

AzərTac

  • Paylaş: