AMEA-nın Ədəbiyyat İnstitutunda “Qardaş qələmlər” dərgisinin Nizami Gəncəviyə həsr olunmuş sayının təqdimatı keçirilib. Onlayn təqdimatda Türkiyədən Yaqub Öməroğlu, Mustafa İsen, Orxan Söyləməz və başqa ziyalılar iştirak ediblər.
Tədbiri AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli açaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında 5 yanvar 2021-ci il tarixli Sərəncamından sonra Akademiyada və institutda bu yöndə görülmüş işlər barədə iştirakçıları məlumatlandırıb. Bu Sərəncamın mahiyyətinə uyğun olaraq, Nizami Gəncəvinin müstəqillik işığında Azərbaycan şairi kimi tədqiq və təbliğ olunmasına diqqəti yönəldib: “Təəssüf ki, bu gün də Nizaminin milli mənsubiyyəti ilə bağlı lazımsız fikirlər qalmaqdadır. Bu mənada “Qardaş qələmlər” dərgisinin bir sayının Nizami Gəncəviyə həsr olunması tarixi hadisədir. Bu say dünyada Nizami Gəncəviyə bütövlükdə həsr olunan ilk jurnaldır. Dərginin bu sayında Əlyazmalar İnstitutunun alimlərinin də əsərləri yer alıb, həmçinin türkiyəli müəlliflərin də məqalələri var. Bu iş Nizami uğrunda birgə nəşrdir, nizamişünaslığa mötəbər xidmətdir. Jurnalın həmin sayını Azərbaycanın dövlət rəsmilərinə və Türkiyə səfirliyinə göndərmişik. İnstitutumuzun əməkdaşı Təhminə Bədəlovanın Nizami Gəncəviyə həsr olunmuş say haqqında irihəcmli məqaləsi “Ədəbiyyat qəzeti”ndə çap olunub”.
Sonra Azərbaycan Yazıçılar Birliyinin sədri Anar çıxış edərək bildirib ki, “Nizami ili”ndə önəmli hadisələrdən biri də “Qardaş qələmlər” dərgisinin bir sayının Nizamiyə həsr edilməsidir. O, Türkiyədə çıxan bir dərgidə Nizaminin türk şairi kimi təqdim olunmasını uğurlu addım kimi dəyərləndirib.
Nizamişünaslıq şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Nüşabə Araslı isə bu nəşri türk xalqlarının, xüsusilə Türkiyə ictimaiyyətinin Nizamiyə bir töhfəsi kimi xarakterizə edib.
Türk Dünyası Ağsaqqallar Şurasının Türkiyə təmsilçisi Mustafa İsen çıxışında Nizamini dünyaya lütf edilmiş bir dahi adlandırıb. Vurğulayıb ki, dünyada 880-ci ildönümünü qeyd edəcəyi dahisi olan xalqlar çox azdır. Türk xalqlarının isə Nizami Gəncəvi kimi kifayət qədər min illik tarixə malik dahiləri var.
Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli dərginin bu sayını Azərbaycanın zəfərinin davamı kimi qiymətləndirib: “44 günlük savaş zəfərlə bitdi, bizim mənəvi savaşımız isə davam edir. Buna görə də biz həmişə türk qardaşlarımızla birlikdə olmalıyıq. Bu jurnal gələcək qələbələrin əsasını sanballı bir işlə qoyub”.
Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid “Qardaş qələmlər” dərgisinin türk dünyasında və Azərbaycanda ədəbi-mədəni əlaqələrin inkişafına verdiyi töhfələrdən söz açıb. Avrasiya Yazarlar Birliyinin, xüsusilə onun başqanı Yaqub Öməroğlunun son onillikdə türk xalqları ədəbiyyatının təbliğində böyük işlər gördüyünü xatırladıb. Türk dövlətləri arasında yayılmış dərginin və onun baş redaktorunun Azərbaycana xüsusi münasibətinin olduğunu bildirib. Buna nümunə olaraq indiyədək Türkiyədə “Bengü” nəşriyyatında Azərbaycana məxsus 50-dən çox kitabın işıq üzü gördüyünü qeyd edib.
Təqdimatda qonaqlardan Orxan Söyləməz, Aygün Babaşova, Nizamişünaslıq şöbəsinin əməkdaşlarından Zəhra Allahverdiyeva, Təhminə Bədəlova, Yelena Teyer, Ədəbiyyat nəzəriyyəsi şöbəsinin baş elmi işçisi Pərvanə İsayeva, Ortaq başlanğıc və İntibah dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İmamverdi Həmidov və başqaları da nəşrin xüsusi önəmindən bəhs ediblər.
Sonda Avrasiya Yazarlar Birliyinin başqanı, “Qardaş qələmlər” dərgisinin baş redaktoru Yaqub Öməroğlu çıxış edərək əlaqələrimizin daha da güclənməsi yolunda nəşrin əməkdaşlığının davam edəcəyini diqqətə çatdırıb. Dərginin ilk sayının nəşr olunmasından indiyə kimi akademik İsa Həbibbəylinin dəstəyini daim hiss etdiklərini vurğulayıb. Səmərəli əməkdaşlığın bundan sonra da davam edəcəyinə əminliyini ifadə edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.