Sentyabrın 15-də AMEA-nın Tarix İnstitutu, Türkiyənin Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumu və Atatürk Araşdırma Mərkəzinin Ağdam Rayon İcra Hakimiyyəti ilə birgə təşkilatçılığı ilə “Azərbaycan-Türkiyə əlaqələri və beynəlxalq münasibətlər” mövzusunda beynəlxalq simpozium öz işinə başlayıb.
Simpoziumda iştirak edən Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumu və Atatürk Araşdırma Mərkəzinin rəhbərləri, eləcə də Türkiyə və Azərbaycandan 30-dan çox tarixçi-alim tədbir çərçivəsində AMEA Rəyasət Heyətini ziyarət edib, tarixi əhəmiyyətə malik bina ilə yaxından tanış olublar.
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli və AMEA-nın akademik-katibi, akademik Arif Həşimov qonaqlara Rəyasət Heyətinin binası haqqında məlumat verib, burada Azərbaycan elminin inkişafına xidmət edən mühüm qərarların qəbul edildiyini bildiriblər.
Akademik İsa Həbibbəyli Azərbaycan-Türkiyə qardaşlığının, dostluğunun dünya üçün nümunə olduğunu bildirib. O, Azərbaycan-Türkiyə birliyinin və “Bir millət, iki dövlət” tezisinin Azərbaycanın zəfər savaşında ən yüksək səviyyədə isbat olunduğunu qeyd edib.
Daha sonra İsa Həbibbəyli müəllifi olduğu “Kitabi-Dədə Qorqud” Yazılı epos və ya epopeya” kitabını, türkoloq Seyfəddin Altaylının “Azərbaycan türkcəsi sözlüyü” adlı üçcildliyini, həmçinin Atatürk Araşdırma Mərkəzinin “Nutuk 1919 – 1927” və AMEA-nın 75 illik (1945-2020) yubileyinə həsr edilən “Azərbaycan Milli Elmlər Akademiyası simalarda” kitablarını qonaqlara hədiyyə edib.
Sonda xatirə şəkli çəkilib.
Simpozium iştirakçıları tədbirin keçiriləcəyi Ağdam rayonuna yola düşüblər.
Qeyd edək ki, 3 gün davam edəcək tədbirdə “Azərbaycan Respublikasının müstəqillik dövr tarixi”, “Qarabağ Zəfərinə doğru gedən prosesdə Türkiyə-Azərbaycan strateji əlaqələri”, “Batum müqaviləsindən (4 iyun 1918) Şuşa Bəyannaməsinə (15 iyun 2021) Türkiyə-Azərbaycan əlaqələri” və digər mövzular üzrə məruzələr dinləniləcək.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.