Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Azərbaycan-Türkiyə qardaşlığı getdikcə sarsılmaz və əbədi olur
16.09.2021 10:32
  • A-
  • A
  • A+

Azərbaycan-Türkiyə qardaşlığı getdikcə sarsılmaz və əbədi olur

Xalqımız Osmanlı dövlətinin gənc Azərbaycan Xalq Cümhuriyyətinə qardaşlıq köməyini, 4 iyun 1918-ci il tarixində türk qoşunları tərəfindən rus işğalından azad olunan Batum şəhərində Osmanlı Türkiyəsi ilə Azərbaycan Xalq Cümhuriyyəti arasında imzalanan “Dostluq” müqaviləsi əsasında türk ordusunun yenicə qurulmağa başlayan Azərbaycan hərbi hissələri ilə birlikdə xilaskarlıq hərəkatını hər ilin sentyabrında minnətdarlıqla xatırlayır. Azərbaycanın görkəmli ictimai-siyasi xadimləri hələ adı çəkilən müqavilədən xeyli əvvəl Osmanlı dövlətinin yüksək məqamlarına yardım göstərilməsi üçün müraciət etmişdilər. Osmanlı dövləti qardaş Azərbaycan xalqına kömək etmək üçün Hərbi nazir Ənvər Paşaya səlahiyyət vermişdi. Ənvər Paşa qardaşı gənc yarbəy (polkovnik-leytenant) Nuru bəyə paşa (general) rütbəsi və yüksək səlahiyyət verərək Azərbaycana göndərmək üçün hazırlıqlara başlamışdı. Nuru Paşanın sərəncamına paşalar və yüksək rütbəli zabitlər daxil edərək Qafqaz İslam Ordusunun təşkili üçün müvafiq təlimatlar vermişdi. Qeyd edilməlidir ki, bu proseslərin təfsilatlı şərhi professor Anar İsgəndərovun “Qafqaz İslam Ordusu və Azərbaycanın xilası” əsərində verilmişdir.

1918-ci il iyun ayının ortalarından başlanan xilaskarlıq hərəkatı sentyabrın 15-də Bakının azad edilməsi ilə zəfərlə tamamlandı. Türkiyə və Azərbaycan oğullarının canı-qanı bahasına bu tarixi qələbə əldə edildi.

Gənc və vətənpərvər qəhrəman, Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın rəhbərliyində olan beşinci Qafqaz diviziyasının qərargah rəisi Rüşdü bəyin sonralar dilə gətirdiyi ürək sözlərini burada yada salmaq yerinə düşər: “Qafqaz İslam Ordusunun dörd aydan bəri Azərbaycanın istiqlalı uğrunda çarpışaraq verdiyi şəhid və məcruhların qanları ilə sulanan bu qardaş məmləkətin torpağı üzərində - Gəncədə, Göyçay-Ağsu-Şamaxı-Bakı şosesinin hər iki tərəfində, Müsüslü-Kürdəmir-Karrar-Hacıqabul-Bakı dəmir yolu boyunda, Qarabağda və Kür nəhri sahillərində xalqın ziyarətgah yerinə çevirdiyi bir çox mütəvazi və həzin məzarlara təsadüf olunur. Bunlar irqinin imdadına gələn Anadolu mehmetçiklərinin mübarək məzarlarıdır. Əksər yerlərdə mehmetçiklə bərabər baş-başa yatan azəri türkləri də vardır. Türk zabit və əsgərləri Azərbaycanda əmsalsız bir fəraqəti-nəfsilə və yüksək bir duyğu ilə çalışmış və çarpışmışlar. Eyni irqə mənsub bu iki millət arasındakı rabitə və münasibət axıdılan qanlara bir qat daha rəsanət peyda etmişdir. Əminəm ki, Anadolu türklərinin Azərbaycanın istiqlal və istiqbalı uğrunda yapdıqları çətin və qanlı müharibələr və mücadilələr nəsildən-nəslə nəql ediləcək və unudulmaz bir dastan halında qalacaqdır”.

Minnətdarlıqla vurğulamalıyıq ki, yalnız qardaş Türkiyənin o zaman göstərdiyi hərbi və mənəvi yardım sayəsində Azərbaycan xalqının müsəlman Şərqində meydana gətirdiyi ilk demokratik respublikasını qoruyub saxlamaq, bütün Azərbaycan ərazisində onun hakimiyyətini bərqərar etmək, Bakını azad edib hökuməti Gəncədən Bakıya köçürmək mümkün oldu.

2018-ci il sentyabrın 15-də Azərbaycan Respublikasının və Türkiyə Cümhuriyyətinin prezidentləri İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə iki qardaş ölkə silahlı qüvvələrinin hissələrinin birgə hərbi keçid-nümayişinin keçirilməsi 100 il əvvəlki xilaskarlıq yürüşünün necə dəyərli və unudulmaz olduğunun bariz nümunəsi olmuşdu. Ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” təliminin daha bir təntənəsi olan həmin möhtəşəm paradda Prezident İlham Əliyev demişdi ki, Qafqaz İslam Ordusunun Azərbaycana gəlməsi və Nuru paşanın rəhbərliyi altında Gəncədən Bakıya yürüşü, bir neçə şəhərin azad edilməsi və sentyabrın 15-də Bakının azad edilməsi tarixi hadisə idi. Qədirbilən Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq, şəhidlərin əziz xatirəsini daim öz qəlbində yaşadacaqdır”.

Cümhuriyyət tariximizin ən şərəfli səhifələrindən sayılan bu xilaskarlıq hərəkatının təcrübəsi və aşıladığı ruh milli ordumuzun qələbə əzminin daha da yüksəlməsində, Azərbaycan əsgərinin vətənin bütövlüyü üçün hər cür fədakarlığa hazır olmasında ən bariz şəkildə özünü göstərdi. 2020-ci il sentyabrın 27-də Vətən müharibəsinə qalxan ordumuz 44 gündən sonra erməni faşizminə sarsıdıcı zərbələr vuraraq torpaqlarımızı işğaldan azad etdi. Azərbaycan Prezideni, Ali Baş Komandan İlham Əliyevin polad iradəsi və dəmir yumruğu, ordumuzun rəşadətli qəhrəmanlığı xalqımızı zəfərə yetirdi. Bu tarixi məqamda qardaş Türkiyə yenə yanımızda idi. Türkiyə Cümhuriyyəti dövlətinin qətiyyətli siyasi-mənəvi dəstəyi həm gücümüzə güc qatdı, həm də erməni havadarlarını bölgədəki proseslərə müdaxilə etməkdən çəkindirdi. Azərbaycan-Türkiyə qardaşlığı tarixin daha bir imtahanından üzüağ, alnıaçıq çıxdı. Bu gün bu qardaşlıq daha geniş müstəvidə uğurla davam edir, getdikcə sarsılmaz və əbədi olur.

Eynulla MƏDƏTLİ, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, Fövqəladə və səlahiyyətli səfir

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: