Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Qarabağ şikəstəsi - zəfərin gur nəğməsi
17.09.2021 16:05
  • A-
  • A
  • A+

Qarabağ şikəstəsi - zəfərin gur nəğməsi

18 sentyabr – ölkəmizdə “Milli Musiqi günü” kimi qeyd olunur. Bu tarix dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin doğum günü ilə bağlıdır. 1995-ci ildə - Ü.Hacıbəylinin 110 illik yubileyi ərəfəsində ümummilli lider Heydər Əliyevin Fərmanı ilə 18 sentyabr Milli Musiqi Günü elan edilmişdir.

Milli Musiqi Günü hər il böyük təntənə ilə qeyd olunmuşdur. Görkəmli dirijor və bəstəkar Niyazinin rəhbərliyi altında hər il sentyabrın 18-də Konservatoriyanın – indiki Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının qarşısında simfonik orkestr, xor və solistlərin ifasında böyük konsert proqramı təşkil olunmuş, minlərlə insanın – musiqisevərlərin  qarşısında dahi bəstəkarın ölməz əsərləri səsləndirilmişdir. Bu ənənə indi də davam etməkdədir. Musiqi gününü açan bu tədbir, daha sonra, bir neçə gün ərzində bütün ölkə miqyasında – ayrı-ayrı şəhər və bölgələrdə müxtəlif tədbirlərlə - konsertlər, xatirə gecələri, elmi-praktik konfrans və simpoziumlar, sosial layihələrlə və s. ilə davam etdirilir.

Builki Milli Musiqi gününün isə xüsusi bir önəmi vardır. Milli Musiqi Günü – azad Şuşada, azad Qarabağda keçiriləcəkdir. Musiqi bayramı çox böyük tarixi-siyasi, ictimai-mədəni əhəmiyyət daşıyır və rəmzi məna kəsb edir. Ü.Hacıbəylinin 135 illik yubileyi ilə üst-üstə düşən və 18-24 sentyabr tarixində keçirilməsi nəzərdə tutulan bu böyük musiqi bayramını hamı səbirsizliklə gözləyir. İnanırıq ki, hələ də möhtəşəm “Xarı bülbül” festivalının təsiri altında yaşayan xalqımız üçün, neçə illər sonra, doğma Şuşada keçiriləcək “Üzeyir günləri” şanlı qələbəmizin, mədəniyyətimizin təntənəsinə çevriləcəkdir.

Aşağıdakı məqalə dahi Üzeyir Hacıbəylinin ana yurdu Qarabağ və Qarabağ musiqiçiləri – Şuşada yaşayıb yaradan xanəndə və sazəndələr və onların musiqi mədəniyyətimizin inkişafında rolu haqqındadır. Məqalə Milli Musiqi Gününə həsr olunur.

QARABAĞ ŞİKƏSTƏSİ – ZƏFƏRİN GUR NƏĞMƏSİ

Qarabağ – musiqi mədəniyyətimizin bütün qollarının bir-birilə sıx çulğalaşdığı, bir-birilə zənginləşdiyi bir diyardır, musiqi yaradıcılığının hər bir sahəsinin – xalq mahnı və rəqs yaradıcılığı, aşıq və muğam sənəti, dini musiqi yaradıcılığının birgə fəaliyyət göstərdiyi bölgələrdən biridir. Azərbaycan musiqi mədəniyyətinin yaradıcılıq qolları yüzilliklər boyu, bu yurdda yanaşı addımlamış, qarşılıqlı faydalanma, qarşılıqlı əlaqə və təsir zəminində yaşamışdır.

Aşıq sənətinin “qızıl dövrü” hesab edilən XVI-XVII yüzilliklərdə və ondan sonrakı dövrlərdə də Qarabağ mədəni mühiti böyük sənətkarlar yetişdirmişdir. Qurbani (XVI ə.), Lələ (XVII ə.), Abdalgülablı Valeh (XVIII ə.), Aşıq Pəri (XIXə.) kimi qüdrətli saz-söz ustadları məhz bu mühitdə yaşayıb yaratmışlar. Onların yaratdıqları zəngin və parlaq mədəni irs həm musiqi mədəniyyəti, həm də Azərbaycan yazılı ədəbiyyatının inkişafına böyük təkan vermişdir. Aşıq ədəbiyyatından bəhs edərkən Məmmədhüseyn Təhmasib aşıqlıq mədəniyyətinin hakim mövqeyini qeyd edərək yazırdı: “XVII-XVIII əsrlərdə aşıq ədəbiyyatı, aşıq şeiri o qədər geniş yayılmış, elə böyük şəxsiyyətlər yetirmişdir ki, hətta yazılı ədəbiyyatın önündə getməyə, ona istiqamət verməyə başlamış, Vaqif ədəbi məktəbinin formalaşmasında həlledici rol oynamışdır”. XVII-XIX yüzilliklərdə aşıq ədəbiyyatı özünün çiçəklənmə dövrünü yaşamış, xalq arasında və eləcə də, mədəniyyət sahəsində hakim mövqe tutmuşdur. Aşıq sənəti musiqi mədəniyyətinin bütün sahələrinə təsir etmiş, muğamların milliləşməsinə, aşıq havaları əsasında yeni bir janrın – “Qarabağ şikəstəsi, Arazbarı, Mani, Kərəmi və s. kimi zərbi-muğam ünvanlı, xanəndələrin sevə-sevə oxuduqları musiqi nümunələrinin yaranmasına gətirib çıxarmışdır. Bir çox aşıq havaları xalq mahnısı statusu qazanmışdır.

Qarabağın ürəyi olan Şuşa – hamımız üçün – bütün Azərbaycan xalqı üçün müqəddəsdir. Lakin biz musiqiçilər üçün Şuşanın öz yeri var. Şuşa – Azərbaycanın musiqi beşiyidir. Səcdə etdiyi “Məkkə”sidir. Mədəniyyət ocağıdır. Musiqimizin peyğəmbəri, dahi Üzeyir bəyin ana yurdudur. Bütün Qafqazın, əslində, Yaxın Şərqin Konservatoriyasıdır. Musiqi xəzinəmizin,  zəngin sənət örnəklərinin əksər çoxluğu məhz Qarabağın xanəndə və sazəndələrinin, eləcə də, ustad aşıqlarının adı ilə bağlıdır. Azərbaycan milli musiqi irsinin böyük bir hissəsi məhz Qarabağın payına düşür – desək, yanılmarıq. Bunu hamımızın sevə-sevə dinlədiyimiz musiqi folklor nümunələrinin – el havalarının adları da deyir: “Qarabağı”, “Uzundərə”, “Güllücə”, “Qaradağı”, “Arazbarı”, “Gülüstanı”, “Əsgəranı”, “Tərəkəmə”, “Çanaqqala”, və bu kimi bir çox oyun havaları Qarabağın dağlı-yamaclı, güllü-çiçəkli, gözəl təbiətə malik, igid oğul və qızlarının yaşadığı kənd və obalarının adı ilə bağlıdır.

Xalq mahnıları içərisində Qarabağla bağlı olan adlar, eyni zamanda poetik mətnində bu diyarın səfalı yerlərinin adlarını daşıyan havalar da kifayət qədərdir: “Qarabağda bir dənəsən”, “Qarabağın yollarına düşəydim”, “Şuşa ceyranı”, “Bağın bağımca varmı”, “Azərbaycan maralı” (Ay qız gəzmə aralı), “Xarı bülbül” (“Vətən bağı”), “Şuşalı” (“Neylərəm”), “Alma” (“Alma almaya bənzər”), “Laçın”, “Qoy gülüm gəlsin” (“Qarabağın düzü var”), “Aman yar” (“Gəlin gedək Daşaltına gəzməyə”), “Yarım çıxdı qabaqdan” (“Gəlin gedək Xan bağına, xəzələ”), “Yadıma sən düşəndə” (“Şuşa, Şirvan dağ üstə”), “Evləri Tərtər üstə”, “Necə qıydın” (“Gəlin gedək Xoruzlunun düzünə”), “Naxçıvanın gədiyindən aşaydım”, “Eyləmi daşlı dağlar” və başqaları.

“Qarabağ dübeytisi”, “Qarabağ kərəmisi”, “Qarabağ ləngəri”, “Qarabağ qaytağısı”, “Qarabağ gözəlləməsi”, “Qarabağ şikəstəsi”, “Qarabağ kəsməsi”, “Arazbarı” və bir çox havaları isə bu yurdun aşıqlarının yaratdığı sənət nümunələridir ki, məhz Qarabağda ərsəyə gəlib, elimizin bütün yerlərinə səs salaraq yayılıb, yeni-yeni sənət örnəklərinin yaranmasına səbəb olub.

Şuşanın musiqi həyatını təsvir edən Y.V.Çəmənzəminli yazırdı: “Küçədə evimizin qarşısındakı quyuluqda gözəl şərqilər söylərdilər, saz... çalınardı. Nə oxuyanlar vardı! Axşam çağı qatıq almağa gedən uşaqlar qazanı yanağına dayayıb, elə bayatı və şikəstə oxuyardılar ki, adamın gösləri yaşarırdı. Vaqif və Zakirin vətəni olan bu şəhərə təbiət şeir, musiqi və şərqi ilhamı bağışlamışdı. Qafqazın bütün adlı-sanlı türk xanəndə və sazəndələrini bu şəhər yetişdirərdi. Məşədi İsi, Hacı Üsü, Qaryağdı oğlu Cabbar, Əbdül Bağı, Seyid, İslam kimi oxuyanlar, Sadıxcan kimi çalanlar Şuşada yetişmişdir”.

Bu sıranı bəstəkar, xanəndə, sazəndə və aşıqların adları ilə sanki sonsuza qədər uzatmaq olar: Dahi Üzeyir bəy Hacıbəyli, Z.Hacıbəyov, Niyazi, S.Hacıbəyov...

Belə bir bir mühitdə – aşıq və xanəndə sənətinin yanaşı addımladığı, hətta kəsişdiyi bir məkanda yaradıcı mühit formalaşır, qarşılıqlı münasibətlər yaşanırdı. “Azərbaycan musiqi tarixi” kitabında oxuyuruq: “Azərbaycan musiqisinin müxtəlif qollarının, xüsusilə, muğamın və aşıq yaradıcılığının qarşılıqlı təsiri nəticəsində zənginləşməsi prosesi güclənirdi. Aşıq musiqisinin təsiri xanəndəlik sənətinə xüsusi təravət verir və muğamı yeni çalarlarla zənginləşdirirdi”. Xalq şənliklərinə, toy-düyünlərə həm sazəndə, həm də aşıq dəstələri dəvət olunar, növbə ilə çıxış edər, ilk təşkil olunan “Şərq konsertləri” və “Şərq gecələri”ndən başlayaraq (1901-Şuşa, 1902- Bakı və s. ) eyni səhnəni bölüşər, hətta birlikdə oxuyardılar.

Qarabağ mühitində yetişmiş böyük sənətkar – Azərbaycan milli oxuma üslubunun yaradıcısı hesab edilən Cabbar Qaryağdıoğlu görkəmli xanəndə - muğam ustadı kimi musiqi tarixinə daxil olmuşdur. Bununla belə o, xalq musiqi yaradıcılığını, mahnı və rəqsləri, el havalarını, eləcə də, aşıq yaradıcılığını da dərindən bilmiş, bu ruhda şeirlər yazmış, mahnılar bəstələmiş, el havalarını oxuyan ilk xanəndə kimi də tarixə düşmüşdür. “Cabbar Qaryağdıoğlu böyük muğam ustası olmaqla bərabər musiqi folklorumuzun, xalq mahnılarımızın gözəl bilicisi və bəstəcisi idi... Təsadüfi deyildi ki, Cabbar Qaryağdıoğlunu musiqi folklorumuzun “canlı ensiklopediyası” adlandırırdılar. O, 500 yaxın xalq mahnısını əzbər bilirdi və onlardan 300-nü fonovalikə yazdırmışdır”. “Qaryağdının musiqi yaddaşı – xalq melodiyalarının əsil xəzinəsidir”.

Ümumiyyətlə, Qarabağın musiqi sərvətinin, o cümlədən, musiqili-ədəbi folklorunun yaşaması, bu günə çatdırılması faktı, ilk növbədə, Cabbar Qaryağdıoğlunun adı ilə bağlıdır desək, yanılmarıq. C.Qaryağdıoğlu məhz Qarabağ mühitində formalaşmışdı, bu yerlərin musiqi sərvətinin həm yaradıcısı, həm daşıyıcısı, həm də ötürücüsü olmuşdur. Məlum olduğu kimi, Cabbar Qaryağdıoğlu Şuşada doğulmuş, ömrünün 39 ilini Şuşanın ən səfalı, mənzərəli məkanlarından birində - Cıdır düzünə yaxın “Seyidlər” məhəlləsində yaşamışdır. Böyük sənətkar kimi məhz burada yetişmişdi və xalq nəğməkarı kimi böyük ad qazanmışdı. 1900-cu illərdən başlayaraq, o, ilin çox hissəsini Bakı şəhərində yaşayaraq müxtəlif konsertlərdə, tamaşalarda çıxış etmiş, toy-düyünlərdə oxumuşdur. 1909-cu ildə Bakıda ev tikdirmiş və ailə həyatı quraraq həyatının sonrakı 36 ilini burada yaşayıb-yaratmışdır. Yay aylarını isə Şuşada keçirən böyük xanəndə doğma yurdu ilə sıx tellərini kəsməmiş, üstəlik, Qarabağın zəngin musiqi sərvətini, o cümlədən, Qarabağ musiqi folklorunu da özü ilə birlikdə Bakıya gətirmişdir. Cabbar Qaryağdıoğlunun oxuduğu xalq mahnıları, təsniflər, el havaları və s. tez bir zamanda bütün Azərbaycana yayılmışdır. Fonovaliklərə yazdırdığı havalar da yaddaşında qoruyub saxladığı, sevə-sevə oxuduğu həmin musiqi irsinin ayrı-ayrı sənət inciləridir. Azərbaycan milli musiqi mədəniyyətinin bütün qollarını (muğam və aşıq sənətini, xalq yaradıcılığını, eləcə də, dini musiqini) bütün qanı və ruhu ilə dərk edərək özündə cəmləməsi və gələcək nəsillərə ötürməsi Cabbar Qaryağdı oğlu fenomeninin əsas qayəsidir.

Başqa bir böyük muğam ustası – Seyid Şuşinski yaradıcılığına aşıq kimi başlamış, gənc yaşlarında aşıq dəstəsində oxumuşdur. “Arazbarı” aşıq havasını zərbi-muğam şəklində ilk oxuyan da məhz o olmuş, zil səsi, coşqun zəngulələri, ifaçılıq məharəti ilə hamını heyran etmişdir. Azərbaycanda Sovet  hakimiyyəti qurulduqdan sonra Bakı şəhərinə köçmüş (1919) və fəaliyyətini burada davam etdirmişdir. O, 1926-1933-cü illərdə Azərbaycan Dövlət Konservatoriyasında, 1943-1963-dək Musiqi texnikumunda dərs deyib. H.Rzayeva, R.Muradova, İ.Rzayev, Ə.Əliyev, Y.Məmmədov və başqaları onun yetirmələridir.

Görkəmli müğənni Bülbül 23-24 yaşınadək həm xanəndə, həm də aşıq kimi fəaliyyət göstərmiş, həm aşıq, həm el havaları, həm də muğam və təsnifləri böyük məharətlə ifa etmişdir. Azərbaycan musiqisinin, eləcə də, aşıq yaradıcılığına bütün qəlbi ilə bağlı olan Bülbül, 1921-ci ildən Bakı şəhərində yaşayıb-yaradıb, professional vokal ifaçılığı məktəbinin, Konservatoriya nəzdində Elmi Tədqiqat Musiqi Kabinetinin və s. yaradıcısı olub, Azərbaycan musiqi mədəniyyətinin inkişafına misilsiz töhfələr verib.  

Qarabağ musiqi mühitinin böyük ustadı, böyük tarzən – Aşıq Valehin nəticəsi Qurban Pirimov ilk öncə sazda çalmış, sonra tar ifaçılığına keçmiş və ustad tarzən kimi tanınmışdır. Aşıq Valehin nəvəsi Aşıq Abbasqulu isə, Sadıxcan, C.Qaryağdı oğlu və başqaları ilə eyni məclis və səhnələri bölüşmüş, tarda çalmağı bacarmış, tarın müşayiəti ilə muğam oxumuş, muğam zəngulələrini aşıq havalarına daxil etmişdir.

Adları çəkilən bu şəxsiyyətlərin hər biri Azərbaycan mədəniyyəti tarixində misilsiz xidmətləri olan şəxslərdir. Onların hər biri həm qədim aşıq sənəti, həm zəngin muğam sənəti, həm də çoxçeşidli xalq mahnı və rəqs havalarına dərindən, bütün incəliklərinə kimi bələd olmuş və öz yaradıcılığında bu sənət qollarının üzvi vəhdətinə – ortaq səs-məqam, səs-intonasiya birliyinə, milli oxuma üslubunun formalaşmasına, parlaq ifa imkanlarının pöhrələnməsinə nail olmuşlar. Bu sənətkarların dahi simalarının sirri də məhz bundadır – desək, zənnimizcə yanılmarıq.

Göründüyü kimi, Qarabağ musiqi məktəbinin, ifaçılıq ənənələrinin, zəngin musiqi mədəniyyətinin yayılmasında bu diyarın musiqiçilərinin böyük rolu olmuşdur. İlk növbədə, Şuşada, o cümlədən, Qarabağın ayrı-ayrı bölgələrində  doğulub, boya-başa çatmış, xanəndə, sazəndə, aşıq kimi formalaşmış musiqiçilər Azərbaycanın əksər şəhər və kəndlərində, Qafqazın, və yaxın ölkələrin bir çox şəhərlərində  konsertlər vermiş, oxuyub-çaldıqları şaqraq havalar ilə doğma vətənin sədasını hər tərəfə yaymışlar. Şuşada doğulub boya-başa çatmış xanəndə və sazəndələrin çox hissəsi, Azərbaycanda sovet hakimiyyəti qurulduqdan əvvəl və sonra, bu və ya digər səbəblərdən, Bakıya, Gəncəyə və başqa şəhərlərə köçmüş və burada fəaliyyətlərini davam etdirmiş, musiqi məktəblərində dərslər vermiş və gələcək nəsillərin yetişməsində müstəsna rol oynamışlar. Hər bir musiqiçi öz ifası, ustad dərsləri ilə yeni nəslə, həm də, Qarabağın sanki bir hissəciyini də ötürmüş, Şuşa şəhərinin zəngin musiqi ruhunu aşılamışlar. Qarabağ musiqi mühitinə xas olan obrazlılıq – təbiətə vurğunluq, füsunkar dağların-çeşmələrin, gözəllərin poetik təsviri, hadisələrə dərin emosional münasibət, saf, içdən gələn musiqi intonasiyaları, əsil milli ruh, səs tembrinin özünəməxsusluğu, şaqraq zəngulələr, zəngin melodik, metr-ritmik müxtəliflik, zil səsli xanəndələrin, xüsusilə, sevilməsi, ifa zamanı dərin hisslərin çatdırılması, və ya coşqun emosionallıq və bu kimi özəlliklər Qarabağdan Azərbaycanın bütün bölgələrinə daşınmış və yeni nəsil xanəndələri tərəfindən inkişaf etdirilmişdir. Bu baxımdan, demək mümkündür ki, Qarabağ məktəbi musiqi mədəniyyətimizin böyük bir mərhələsini təşkil edir, “Şuşa musiqiçiləri” Azərbaycan musiqisinin tarixini yaratmışlar və onu təkcə öz vətənlərində deyil, Şərqin başqa ölkələrində də təmsil etmişlər”.

Bu yazı çərçivəsində, biz, diqqəti Azərbaycan tarınının yaradıcısı – Qarabağ mühitinin yetirməsi, böyük musiqiçi Mirzə Sadıq Əsəd oğluya (Sadıxcan) yönəltmək istərdik. Məlum olduğu kimi, tar uzun əsrlik bir inkişaf tarixi keçmiş, dəyişikliklərə uğramış, təkmilləşmə prosesi yaşamışdır. Yaxın keçmişdə tar üzərində aparılmış ən böyük dəyişikliklərdən biri XIX əsrin altmışıncı illərində - məhz Azərbaycanda, Qarabağın Şuşa şəhərində baş tutmuşdur. Sadıxcanın həyata keçirdiyi reforma nəticəsində, hal-hazırda bütün Qafqazda, Qafqazyanı ölkələrdə, Orta Asiyada geniş yayılan sırf milli Azərbaycan tarı yaranmışdır. 

Mirzə Sadıx, dövrünün böyük tar ustası Əli Əsgərdən dərs almışdır. O fitri istedada malik, virtuoz tar ifaçısı kimi yetişmiş, yeni muğam növlərinin, o cümlədən, sırf milli janrlardan biri olan “zərbi-muğam”ların yaradıcısı, muğamın, eləcə də, xalq musiqisinin mahir bilicisi, tar alətinin novator ustası, kamança ifaçısı, ən önəmlisi, milli musiqi təfəkkürünün daşıyıcısı olmuşdur.

Tarın rekonstruksiyasında dəyişikliyin edilməsi Azərbaycan musiqisinin, Azərbaycan muğamının daha zəngin, daha parlaq milli xüsusiyyətlər, milli çalar, milli rəng əldə etməsinə,  məqam-intonasiya məzmununun daxili gözəlliklərinin,  özəl milli keyfiyyətlərinin üzə çıxarılmasına şərait yaratdı. Eyni zamanda, “Segah” muğamının inkişaf etməsi, yeni-yeni növlərinin yaranması, “Segah”ın əksər muğamlara nüfuz etməsi prosesi gücləndi.

      

Qeyd olunduğu kimi, Sadıxcanın yaşadığı mühitdə - Qarabağda muğam sənəti ilə yanaşı, aşıq musiqisi, saz ifaçılığı da geniş yayılmışdı (F.Köçərli təkcə Gülablıda fəaliyyət göstərən 26 aşığın adını çəkmişdir). Azərbaycan musiqisinin iki möhtəşəm qolu – muğam sənəti və aşıq yaradıcılığının qarşılıqlı əlaqə və təsiri nəticəsində zənginləşmə prosesi artırdı. Xalq tərəfindən sevilən, geniş yayılmış bir sıra aşıq havaları xanəndə yaradıcılığına sirayət edir və xanəndələr tərəfindən oxunurdu. Çox sevilən havalardan biri də aşıq “şikəstə”ləri idi. Beşsimli tarda bu havaların milli intonasiya səciyyəsini ifadə etmək, olduğu kimi çalmaq mümkün deyildi. Zərurət buradan yaranmışdı. Qarabağ hələ də böyük ustad Aşıq Valehin təsiri altında yaşayırdı. Mənbələrə görə, Qarabağ şikəstəsi, Qarabağ kərəmisi, Qarabağ dübeytisi, Arazbarı və b. havaları da məhz Aşıq Valeh yaratmışdı. Belə bir mühitdə - aşıq mühiti ilə sıx təmasda yaşayan Sadıxcan sinədə çalınan sazı görüb-eşitmişdi, onun səsi və havacatı ilə böyümüşdü. Çox yəqin ki, tarı da saz kimi, sinəyə qaldırıb çalmaq istəyi buradan qaynaqlanmışdı.

O, çalğı, səs, texniki imkan baxımdan onu qane etməyən alətdə çalmaq istəmirdi və “ürəyinin başında” çalınan doğma hava, təmiz səs, milli səslənmə axtarışında idi. O istəyinə çatdı və adını Azərbaycan tarixinə qızıl hərflərlə yazdırdı.

Beləliklə, Sadıxcanın tarda yeni səs sistemini yaratması ilə Azərbaycan tarı XIX əsrə qədər tarzənlərimiz tərəfindən çalınan qədim şərq tarından fərqlənmişdir. Bu dəyişikliklər alətin milliləşməsinə, onun xalq alətinə çevrilməsinə, Azərbaycan muğamının xalq musiqisi ilə qovuşmasına, daha zəngin və parlaq milli çalarlar əldə etməsinə, milli məqam-intonasiya məzmununun üzə çıxmasına imkan yaratmışdır. “Segah”, “Şur” muğamlarının, xalq havalarının, “Qarabağ şikəstəsi” və digər şikəstələrin tarda ifası dəqiqləşmiş, milli intonasiyaları daha düzgün ifadə etmək mümkün olmuşdur.

Hər bir xalqın milli özünəməxsusluğunu təyin edən bir çox amillər vardır. Bu amillər xalqın həyatının hər bir sahəsində mövcuddur və özünün bənzərsizliyi, sabitliyi və yaşarılığı ilə fərqlənir. Bu baxımdan, Azərbaycan musiqisində, milli-ictimai toplum olaraq hamı tərəfindən dərk olunmuş və qəbul edilmiş, özündə milli musiqinin tipikləşmiş ifadə vasitələrini – poetik, melodik, metr-ritmik, məzmun, ovqat, ifa xüsusiyyətlərinin üzvi vəhdətini cəmləmiş ənənəvi hava-formullardan, hava-modellərdən biri məhz şikəstədir.

Azər­bay­can xalq ya­ra­dı­cı­lı­ğı­nın bir çox sa­hə­lə­rin­də -  aşıq mu­si­qi ya­ra­dı­cı­lı­ğı, aşıq po­e­zi­ya­sı, elə­cə də mu­ğam sə­nə­tin­də “şi­kəs­tə”lərin xü­su­si ye­ri var­dır: şikəstə-ağı, şikəstə-bayatı, aşıq şikəstələri, şikəstə - zərbi-muğamlar və  muğam şöbəsi – şikəsteyi-fars və hətta, şikəstə-məqam. Şi­kəs­tə­lə­rin məzmun, obraz, ovqat, bədii təsir dairəsi xal­qımızın mənə­vi alə­mi­nə, hisslər dün­ya­sı­na çox yaxın və doğmadır. Bu mu­si­qi özəllikləri şikəstə­lə­ri­n ge­niş ya­yıl­ma­sına və se­vil­mə­si­nə, nə­sil­dən-nəs­lə ke­çə­rək bu gü­nü­mü­zə gəlib çat­ma­sı­na əsas zə­min ol­muş­dur. Bu el ha­va­la­rı xal­qın şad gün­lə­rin­də on­la­ra yük­sək zövq və se­vinc hisslə­ri bəxş et­miş, qəm­li vaxtla­rın­da isə san­ki kə­də­ri, ağ­rı­nı ovun­dur­ma­ğa, so­yut­ma­ğa qa­dir ol­muş­dur.

Azərbaycan ifaçılıq sə­nə­ti­nin ən qüdrətli sənətkarları  - Ha­cı Hü­sü, Cab­bar Qar­yağ­dıoğ­lu, o cüm­lə­dən, Ke­çə­çi oğ­lu Mə­həm­məd, Za­bul Qa­sım, Mə­şə­di Məm­məd Fər­zə­li­yev, Se­yid Şu­şinski, Xan Şu­şinski və bir çox­la­rı “Qa­ra­bağ şi­kəs­tə­si”ni böyük məharət və şövqlə oxumuşlar. Bu­nun nə­ti­cə­si­dir ki, Azər­bay­can­da məş­hur xa­nən­də­lə­ri­mi­zin say­ca çox az olan val­la­rı­na – Ke­çə­çi oğ­lu Mə­həm­mə­din (1912-ci il, Sport-Re­kord, Var­şa­va), Aşıq Ab­bas­qu­lu­nun (1914, Sport-Re­kord, Tif­lis) val­la­rı­na baş­qa mu­si­qi ha­va­la­rı ilə ya­na­şı, şi­kəs­tə­lər də da­xil edil­miş­dir. XX yüzillikdə və çağdaş dövrümüz­də ya­şa­yıb-ya­ra­dan xa­nən­də­lə­ri­miz də şi­kəs­tə­lə­rin ma­hir ifa­çı­la­rı ki­mi məş­hur­laş­mış­lar.

Qeyd edək ki, Azər­bay­can bəs­tə­kar­la­rı­ ilk əsər­lə­rini ya­ra­dar­kən xal­qı pro­fes­si­o­nal mu­si­qi­yə alış­dır­maq, cəlb et­mək məq­sə­di­lə xalq ru­hu­na da­ha ya­xın olan musiqi nümunələrindən, janr və for­ma­lar­dan is­ti­fa­də et­miş və bu məna­da, məhz şi­kəs­tələr bəs­tə­kar və ta­ma­şa­çı ara­sın­da bir növ va­si­tə­çi ro­lu­nu oy­na­mış­dır. Bu­nun əsas sə­bə­bi o idi ki, məhz şi­kəs­tə­lər, hər bir azər­bay­can­lı­nın mil­li du­yu­mu, mənə­vi alə­mi­nə çox doğma idi və ha­mı­nın daxilən duyduğu, yad­da­şı­na hə­mi­şə­lik hop­muş, saf bir “se­gah” üs­tün­də yoğ­rul­muş mu­si­qi nü­mu­nə­lə­ri idi. Şikəstələrin milli özəlliyini duyan və şi­kəs­tə­lər­dən əsər­lə­rin­də ta­pın­tı ki­mi is­ti­fa­də edən də bi­zim öl­məz bəs­tə­kar­lar ol­muş­lar. Ü.Hacıbəyli “Əsli və Kərəm”, Z.Hacıbəyov “Aşıq Qərib”, R.M.Qliyer “Şahsənəm” və b. operalarına “Qarabağ şikəstəsi”ni daxil etmişlər.

“Qarabağ şikəstəsi”ndən danışarkən istər-istəməz daha bir qarabağlı – Xan Şuşinski yada düşür. Bu ad isə bizi bir daha gözəl Qarabağ torpağına, Şuşaya aparıb çıxarır.

Xan Şuşinski bu torpaqda göz açmışdı. Bu torpağın suyundan, havasından udmuşdu, burada boya-başa çatmışdı. Təsadüfi deyildir ki, öz dövründə Qarabağ şikəstəsini onun qədər təsirli oxuyan olmamışdır. Xanın səsi Allahın Davud Peyğəmbərə bəxş etdiyi füsunkar səslə - “Ləhni Davud”la müqayisə edilirdi. Səsinin milli koloriti, milli çalarları var idi. O həm muğam və zərbi muğamların, xalq mahnılarının, eləcə də aşıq havalarının mahir ifaçısı idi. Xan Şuşinskinin ifa üslubunun özü bu bədii qovuşuqluğun təcəssümü idi. Özünün dediyinə görə, aşıqdan eşitdiyi “Apardı sellər Saranı” havasını, “Əlində sazın, qurbanı” və b. havaları xanəndə ifaçılığına gətirən, ona yeni həyat verən də Xan idi.

Sonralar bir çox xanəndə və sazəndələr, müxtəlif müğənni və ifaçılar bu havanı oxuyub, ona yeni rəng, yeni nəfəs qatıb, öz yaradıcı möhürünü vurub. Son otuz ildə isə bu möhtəşəm musiqi nümunəsi yeni obraz, yeni məzmun çalarları, qəhrəmanlıq, mərdlik cizgiləri əldə edib. Müxtəlif təfsirlərlə, yeni interpretasiyalarla təqdim edilməklə “Qarabağ şikəstəsi” xalqın ruhunu təzələyib, həm ürəyini sazladıb, həm yaddaşını oyadıb, həm də mübarizəyə səsləyib, qələbəyə doğru aparıb. Qarabağın musiqi rəmzinə çevrilib. Azərbaycan xalqının məhtəşəm qələbəsi isə bu havaya yeni məna qatıb. Artıq Qarabağ şikəstəsi – bu qədim yurdun zəfər himnidir. Ürəyimizin ən iç qatlarından, neçə illərin həsrətindən qopan sədasıdır, Qarabağ mübarizəsinin qələbə akkordlarıdır: “Sən azadsan – Şuşa!”

....Uca dağ başında, sıldırım qayaların üstündə məğrur bir yurd ocağı görünür: sanki bir üzük qaşıdır, sanki bir baş tacıdır, sanki Uca Tanrının öz əli ilə çəkdiyi, xeyir-duası ilə yaratdığı, həm dahiyanə, həm də sadə - təbii bir gözəlliyin özüdür... Bizi keçmişimizə bağlayan, milli ruhumuzun rəmzi olan qədim Şuşadır.

Uzaqdan yenə də doğma bir səs gəlir – “Qarabağ şikəstəsi” havalanır. Bu dəfə isə oxuyan xalqımızın igid oğlu – Qalib Azərbaycan əsgəridir. O qəhrəman ömrünün bütün yaşantılarını – torpaq itkisi, vətən həsrəti, mübarizəsi, qələbəsi... sevgisini səsinə yansıdaraq hayqırır:

Əzizinəm, Qarabağ,

Şəki, Şirvan Qarabağ.

Aləm cənnətə dönsə,

Yaddan çıxmaz Qarabağ!!!

İradə KÖÇƏRLİ, AMEA-nın Memarlıq və İncəsənət İnstitutu, sənətşünaslıq üzrə elmlər doktoru, professor

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: