Martın 3-də AMEA Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunda növbəti elmi seminar keçirildi.
Tədbirdə Kimya Elmləri Bölməsinin institutlarının, həmçinin Fizika və Radiasiya Problemləri institutlarının əməkdaşları iştirak edirdilər.
Seminarı giriş sözü ilə AMEA Kimya Elmləri Bölməsinin akademik-katibi, institutun direktoru, akademik Dilqəm Tağıyev açaraq İspaniyanın Donostia Beynəlxalq Fizika Mərkəzi haqqında ətraflı məlumat verdi. Bildirdi ki, mərkəz bərk cisimlər və funksional materiallar fizikası üzrə dünyanın onlarla elmi-tədqiqat laboratoriyalarının birgə tədqiqatlarını əlaqələndirir.
Kataliz və Qeyri-Üzvi Kimya İnstitutu ilə Donostia Beynəlxalq Fizika Mərkəzi arasındakı mövcud əlaqələrdən söz açan akademik D.Tağıyev bildirdi ki, bu mərkəzin professoru Yevgeni Çulkovun Bakıya dəvət olunmasının məqsədi qeyri-üzvi materialşünaslıq sahəsində elmi əməkdaşlığın daha da inkişaf etdirilməsidir.
Sonra professor Yevgeni Çulkovun “Topoloji izolyatorlar və Buçkov-Raşba sistemlərinin elektron quruluşu və maqnit effektləri” mövzusunda məruzəsi dinlənildi.
Məruzə ətrafında geniş fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.