Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Şuşa fəthi
21.09.2021 16:41
  • A-
  • A
  • A+

Şuşa fəthi

İnsan ömrü yollarla bağlıdır. Həyatımızın uzunu daim irili-xırdalı yollardan keçirik. Yola insanlar həmişə müqəddəs kimi baxıblar, yola and içiblər. Yol insanın nəzərində həmişə bir sınaqçı olub. Hətta “Qardaşın necə adamdır?” soruşulanda da cavab veriblər ki, “Yol yoldaşı olmamışıq”.

Ancaq bir var tək-tək adamların getdiyi yol, bir də var bütöv xalqın, millətin keçdiyi yol.

Azərbaycanın minilləri aşan tarxində xalqımız çox yollardan adlayıb. Lakin 2020-ci ilin 27 sentyabrından başlanaraq 44 gün davam etmiş Qarabağ uğrunda savaş yolu bu millətin şərəf tarixində həmişə ən ibrətli və iftixarlı bir səhifə kimi yaşayacaq.

Nəsil-nəsil azərbaycanlılar bir Vətən Kitabı kimi o yolu “oxuyacaqlar”, öyrənəcəklər, həmin yolun öyüdlərindən yaxşı vətəndaş olmağın dərslərini alacaqlar!

Ötən əsrlərdə Qarabağımızın dünənindən gələcəkdəki soydaşlar da gərəyincə agah olsun deyə xeyli salnamələr qələmə alınıb. Mirzə Adıgözəl bəyin, Mirzə Camal Cavanşirin, Əhməd bəy Cavanşirin, Mirzə Yusif Qarabağinin, Mir Mehdi Xəzaninin, Rzaqulu bəy Mirzə Camal oğlunun, Mirzə Rəhim Fənanın, Məhəmmədəli bəy Məxfinin, Həsən İxfa Əlizadənin, Həsənəli xan Qaradağinin, Məhəmməd ağa Müctəhidzadənin bu diyarın tarixi haqqında yazdığı bir başqa cür adlansa da, onların hamısını qovuşdura bilən bir ünvan var: “Qarabağnamə”.

Geridə buraxdığımız 30 illik keşməkeşli tarixin bir hikməti də bu olsun ki, keçmişi yaxşı bilək, yaxın və uzaq dünənlərdə baş vermişləri heç zaman unutmayaq, o “Qarabağnamə”ləri də dönə-dönə oxuyaq, öyrənək ki, mötəbər bələdçilərin nəsihətləri bizə sabahkı yanılmalardan nicat versin.

Amma 2020-ci ilin payız günlərində vaxtın yeni “Qarabağnamə”si yazıldı.

Başdan-ayağa hünər dastanı olan yeni “Qarabağnamə”!

Və çağımızın bu möhtəşəm “Qarabağnamə”sinin ilk imza Ali Baş Komandan, Müzəffər Prezident İlham Əliyevin imzası oldu.

Və bu yeni “Qarabağnamə”nin əks-sədası Azərbaycanın bütün gələcəyindən yüksələcək, yeni nəsillər bu mərdlik kitabından Vətəni məcnuncasına sevmək, Vətən yolunda canından keçməyi xoşbəxtlik saya bilməyin dərslərini alacaq.

2020-ci ilin payızından sonrakı Azərbaycan bir başqa Azərbaycandır. Milyonlarla könüldə vulkan kimi püskürən Vətən eşqi bütün azərbaycanlılara qanad verib.

Qarabağ azaddır. Dünən qırıcıların uçduğu işğal altındakı torpaqlara bu gün viranəyə çevrilmiş ərazilərə yenidən həyat verən, düşmən caynağından xilas edilmiş torpaqlarımızda inşa edilmiş hava limanına səmt götürən qurucular uçur…

…Başdan-ayağa möcüzə olan Şuşanın möcüzəliyi dünənin-bugünün söhbəti deyil ki!

Şuşa möcüzəsi minillər öncədən, hələ buraların Şuşa olmasından çox-çox əsrlər əvvəldən başlayır.

Sanki Tanrı bu dağları, qayaları, meşələri, yamacları, bu məkanın havasını-suyunu elə binədən füsunkar bir təbiət parçası kimi yox, başlanğıcdan möcüzə kimi xəlq edib.

Pənahəli xan Cavanşir də Şuşanı iqamətgah seçib quruculuğa başlayanda niyyəti sadəcə gözəl bir başkənd yaratmaq yox, elə möcüzə şəhər qurmaq idi. Səbəbsiz deyil ki, o, təməlini qoyduğu, məhəllə-məhəllə ərsəyə gətirdiyi bu örnək şəhərin təkcə hər ustasını, sənətkarını, çalıb-oxuyanını seçib sonalamırdı, bura yüz ölçüb bir biçəndən sonra gətirmirdi, həm də köklü-köməcli nəsillərin seçmə adamlarını cəm edirdi ki, bu məkan, bu QALA hər cəhətdən sağlam olsun, misilsiz olsun.

Mayası o cür yoğrulduğundandır ki, yalnız bu şəhərə xas olan bir saf ruh, ovqat həmişə Şuşayla oldu, ən qəddar əyyamlarda belə bu müqəddəs yurdu tərk etmədi.

Prezident İlham Əliyevin müşahidəsi və qənaətləri çox sərrastdır: “İşğala baxmayaraq, Şuşa Azərbaycan ruhunu saxlaya bildi. Şuşaya gələn hər insan bunu görür. Hətta dağılmış vəziyyətdə, hətta işğal dövründə vandalizmə məruz qalmış şəkildə Şuşa öz ruhunu, öz qamətini saxlaya bildi, əyilmədi, sınmadı, bizi gözləyirdi, biz gəlməli idik və biz gəldik. Müzəffər xalq kimi gəldik. Danışıqlar yolu ilə yox, Ermənistan tərəfindən edilə biləcək hansısa güzəşt nəticəsində yox, döyüş meydanında qan tökərək, şəhidlər verərək, fədakarlıq göstərərək gəldik, öz ərazi bütövlüyümüzü bərpa etdik və milli ləyaqətimizi bərpa etdik”.

Avqustun son günləri idi. Sağı-solu illərcə davam etmiş qəsbin, talançılığın, insansızlığın yaratdığı xarabalıqların qəlbağrıdan mənzərələri ilə dolu haphamar, rahat, geniş və bir neçə ay içərisində necə salındığı heyrət doğuran yolla irəliləyirdik, Şuşaya doğru gedirdik.

Ara-sıra elə həmin sağda-soldakı viranəliklərdə bomboş səhradakı həyatla dolu bir yaşıl vahə, torpağı cadar-cadar olmuş yalın düzəndə pardaqlanmış gül kolu kimi tək-tək tikililər gözə dəyirdi.

İşğalçının tar-mar etdiyi, dağıtmağı, xarabazara çevirməyi azmış kimi, gələcəkdə də bərpasının mümkün olmaması üçün minalarla doldurduğu ərazilərə insan gəlib, yerin sahibi gəlib, dirçəltməyə, sönmüş həyatı oyatmağa gəlib.

Alnına möcüzəlilik yazılmış Şuşanın, Qarabağın bu gün yaşadıqları da əslində ayrı bir möcüzədir.

İşğalın bitməsindən, əsir torpaqlarımızı azad etməyimizdən nə keçir ki! Heç on ayı tamam deyil. Lakin bunca qısa müddətdə hər qarışında gizlədilmiş ölüm saçan minaları təmizləmək, yaralı ərazilərdə Zəfər yolunu salmaq, ən müasir tələblərə cavab verən hava limanını tikib başa çatdırmaq, mehmanxanalar, inzibati binalar inşa etmək, üç onilə sığan uzun və məşəqqətli vaxt boyunca nəfəsi tıncıxmış yerlərə həyat işığı saçmaq da gerçəkdən bir möcüzədir.

2021-ci ilin 29 avqustunda həyatı boyu daş üstünə daş qoymayanların daşını daş üstündə qoymadıqları viranəliklər arasından şüşə kimi rəvan yolla gedə-gedə onu da düşünürəm ki, biz bu gün bu yoldan belə asudəliklə keçək, dəqiqələr ərzində kilometrlər qət edərək Şuşaya yetişək deyə aylar öncə cəsur əsgərimiz top-mərmi atəşləri, güllə yağışı altında qan tökə-tökə bu yolları ölümlə göz-gözə, addım-addım irəliləyirmiş.

Ey bu gün və bütün sabahlarda bu yollardan elə bizim kimi beləcə rahat adlayacaq yolçu!

Sənin bu yollardan keçməyinçün cavan canlarını qurban verənləri heç zaman unutma, onlara borclu olduğunu heç zaman yaddan çıxarma!

Bundan sonra ömür boyu bu yollardan keçdikcə bu yolu açanlara (“yolu açmaq” deyiminin bütün mənalarında!) rəhmət və məhəbbət dilindən və ürəyindən əskik olmasın!

...Çox yox, lap bir il əvvəl hələ xoşbəxt günlərimiz qarşıdaydı, hətta xəyal olaraq da bunca yaxınlarda təsəvvür edilmirdi.

Bir neçə il qabaq yenə haçansa günlərin birində Şuşaya qayıdacağımız ümidi ilə, bu niyyəti insanlarımızın içərisində daim diri, kökdə saxlamaq məqsədilə Azərbaycan radiosunda növbəti verilişimi hazırlayırdım və 1982-ci ilin qışında Vaqif məqbərəsinin açılışı ilə bağlı yazıları, sənədləri, qəzetləri qaldırırdım.

O tədbirin başdan-sona səs yazısını tapdım, həmin lenti lap axıracan dinlədim və heç vaxt efirə getməmiş bu lentin bitəcəyindəki bir məqam diqqətimi çox çəkdi.

1982-ci ilin 14 yanvarı. O qarlı-sazaqlı gündə coşqun çıxışlar edilir, şeirlər oxunur və nəhayət, Vaqif bayramının həlledici anı, məqbərənin açılış lentinin kəsilmə məqamı yetişir. Ağsaqqal ədiblər – Mirzə İbrahimov, Süleyman Rüstəm Azərbaycanın rəhbəri Heydər Əliyevə müraciət edirlər ki, buyurun, lenti siz kəsin. Heydər Əliyev imtina edir: “Yox, siz şairsiniz, yazıçısınız, Vaqifin davamçılarısınız, siz kəssəniz məsləhətdir”.

Mirzə müəllimgil əl çəkmirlər ki, yox, bu, sizin haqqınızdır, bu mərasim baş tutubsa, bu abidə ucalıbsa, ilk növbədə sizin xidmətinizdir.

Heydər Əliyev yenə təkid edir ki, yox, daha yaxşısı lenti sizin kəsməyinizdir, lap çox istəyirsinizsə, mən də lentin bir tərəfindən yapışaram.

Yenə yazıçılar inad edirlər və əlbəttə ki, bu inadlarında haqlı idilər.

Axı təvazö ilə özünün sadəcə açılış lentinin bir qırağından yapışmağını mümkün sayan Heydər Əliyevin nüfuzu, iradəsi, Kreml səviyyəsində gücü, sözükeçərliyi olmasaydı, heç o abidənin ucaldılması baş tutardımı?

Axı Şuşada Vaqifin məzarının varlığı da, onun mədəniyyət, dövlətçilik tariximizdəki yüksək yeri də Heydər Əliyevin Azərbaycan hakimiyyətinə gəlişinə qədər hər kəsə, o sıradan Azərbaycana rəhbərlik edənlərə də bəlli idi. Ola bilsin, hətta hansılarınınsa ürəyindən nələrisə etmək də keçirmiş. Ancaq edə bilməmişdilər və onları qınamağın da yeri yoxdur.

Erməni əl altından işini görürdü, Moskva səviyyəsində ən müxtəlif məkrli vasitələrlə müqavimətini də göstərirdi.

Şuşada erməni müharibə qəhrəmanı Nelson Stepanyana, sovet naziri İvan Tevosyana, 26 Bakı komissarlarından olmuş Baqdasar Avakyana, Aram Kostandyana abidə qoymaq mümkün olurdu, amma Natəvana, Cabbar Qaryağdı oğluna, Üzeyir bəyə, Bülbülə, digər şuşalı görkəmli tarixi şəxsiyyətlərimizə yox.

Və ifrat təvazö ilə mədəniyyət xadimlərini irəli buraxaraq sadəcə lentin bir kənarından yapışmağı özü üçün yetərli bilən unudulmaz Heydər Əliyev əslində bütün böyük azərbaycançı, vətənçi əməllərin təməlçisi, qoruyucusu, gerçəkləşməsinin səbəbkarı idi və arxada onillər qalandan sonra bütün bunların hansı gərgin mübarizələr nəticəsində həyata keçdiyi bəlli olur.

Vaqif heykələ çevrilərək Şuşaya qayıtmağın intizarını çox çəkmişdi.

Hələ 1936-cı ildə Azərbaycan Xalq Komissarları Soveti Vaqifin qırmızı qranitdən abidəsinin hazırlanması haqda qərar qəbul etmiş, Cəlal Qaryağdının düzəldəcəyi və pyedestalı ilə birlikdə hündürlüyü 18 metr olacaq bu heykəl üçün büdcə də dəqiqliyi ilə müəyyənləşdirilmiş (ümumilikdə 188.520 rubl), onun 7 hektarlıq ərazidə yeni salınacaq Vaqif adına Mərkəzi şəhər parkında yerləşdirilməsi haqda rəsmi qərar qəbul edilmişdi. Nəzərdə tutulurdu ki, bütün bu işlər 1944-cü ildə başa çatdırılsın.

Lakin araya müharibə girir (müharibələr zavallı Vaqifin taleyində həmişə bəd ləpirini qoyub) və layihənin gerçəkləşdirilməsi təxirə salınır.

Əldən qalan əlli il qalar deyiblər. Elə təxminən atalar deyən kimi alınır.

1967-1968-ci illərdə, Molla Pənahın 250 illiyinin təntənə ilə keçirildiyi və xeyli də əhəmiyyətli işlər görülən ərəfədə Vaqifin Şuşadakı abidəsi məsələsi yenidən gündəmə gəlsə də, yenə iş tərsə düşür və bu arzu yalnız 1982-ci ildə Heydər Əliyevin səyləri ilə, nəhayət ki, gerçəkləşir.

Lakin nə acı ki, Vaqifin bu sevinci də uzun çəkmədi. On il sonra Şuşa işğala uğradı və Vaqifin mavzoleyi də dağıdıldı.

2001-ci ilin yanvarında Strasburqda Prezident Heydər Əliyevlə Ermənistan dövlətinin başçısı Pobert Koçaryanın danışıqlarını müşahidə etmiş, o vaxtlar ölkəmizin xarici işlər naziri vəzifəsini tutan Vilayət Quliyev xatırlayır ki, görüş bitəndən sonra ayağa qalxanda Heydər Əliyev ermənistanlı həmkarına müraciətlə dedi: “Bilirsən də, bizim böyük şairimiz olub Vaqif, o həm də Qarabağ xanının vəziri idi. Vaxtilə Şuşada mənim təşəbbüsümlə onun məqbərəsi tikilmişdi, indi həmin məqbərənin vəziyyəti necədir?”

Koçaryan qayıdır ki, biz xəbər tutanacan bütün alüminium hissələrini, mərmər üzlükləri söküb aparmışdılar, karkası isə durur.

Heydər Əliyev kinayə ilə dillənir: “Надеюсь, ты к этому руку не приложил?» (Ümidvaram ki, bu işdə sənin əlin olmayıb).

Koçaryan tələsik cavab verir: “Yox, Heydər Əliyeviç, siz nə danışırsınız?”

Erməni nümayəndə heyəti aralanınca Heydər Əliyev köks ötürür: “Gözünün içinə kimi yalan deyir. Quldurbaşının yekəsi elə bu özüdür”.

Strasburqda həmin gün, yanvarın 25-də Ermənistan və Azərbaycan prezidentlərinin mətbuat konfransını, Koçaryanın həmin toplantıdakı sırtıq ədalarını, yekəxana cavablarını, unudulmaz Heydər Əliyevin təmkinli, hədəfə sərrast vuran ifadələrini xatırlayıram. Mətbuat konfransından sonra Avropa Şurasındakı ilk nümayəndə heyətimizə yaxınlaşan Heydər Əliyevə dedim ki, cənab Prezident, sizin bir böyüklüyünüz də bu cür adamlarla yanaşı oturmağa dözməkdir.

Yorğun-yorğun gülümsündü: “Görürsünüz də...”

Böyük siyasət həm də tab gətirə bilmək, səbirli olmaq, son sözünü əvvəldə deməmək, həlledici zərbəni məhz ən zəruri məqamında endirə bilmək istedadıdır.

Məgər Prezident İlham Əliyev də illərcə ayağının tozu sayılmağa layiq olmayan Koçaryanla, Sarkisyanla, Paşinyanla və onlara bənzərlərlə üz-üzə oturaraq bu cılızların heyvərə bəyanatlarını, həyasız iddialarını eşitmək zorunda qalmadımı?

Dözürdü, çünki hansı addımı haçan atmağın, hansı qərarı nə vaxt qəbul etməyin gizlincini bilirdi.

Ancaq bircə bunlar olsaydı, dərd nə idi?!

Bəs qıraqdakı kərtənkələlərin ağu verdiyi daxildəki gürzələr?

Bunu da unutmamışam ki, o vaxt həmin mətbuat konfransından sonra Heydər Əliyev Avropa Şurasındakı ilk nümayəndə heyətimizlə görüşəndə ona dediyim sözlər səfərlə bağlı Azərbaycan televiziyasında nümayiş etdirilən reportajda da getmişdi. Həmin anda mən heç görünmürdüm, kadrda Heydər Əliyev idi, səsim kadr arxasından gəlirdi və mürtəce müxalif mövqeli bir qəzet səsdən tanıyaraq məni ittiham edirdi ki, niyə o cür demişəm.

Elə bu arxada qalan illərdə Prezident İlham Əliyevin dilindən dəfələrlə səslənən “Lazım gəldiyi anda hərb yolu ilə sözümüzü deyəcəyik” vədləri və xəbərdarlıqlarını siyasət tümüklərinin irişə-irişə lağla yozmalarına, “Bəs sizin Lazım harda qaldı?” kimi irinli atmacalarına da düşmən həmlələrinə tab gətirən kimi səbrini basaraq dözməsinin şahidi olmadıqmı?

“Nəyi nə zaman, necə etməyi mən bilirəm”.

Bu da Prezident İlham Əliyevin sözləridir.

Bütün başqa deyimləri kimi, bu sözlərinin də mütləq həqiqətini özümüzünkülərə də, düşmənə də, bütün dünyaya da sübut etdi.

Di gedin çala-çala!..

Məşhur müxəmməslərindən birində Molla Pənah qüssəylə şikayətlənirdi:

Qəm əlindən bikəs-ü biçarə gördüm Vaqifi,

Bağrı olmuş sərbəsər sədparə gördüm Vaqifi,

Gecə-gündüz müntəzir didarə gördüm Vaqifi

Görməyə didarini hər dəm çəkər çox intizar,

Gözlərin dikmiş, baxar yollara gördüm Vaqifi.

Nəhayət ki, gözləməkdən gözünün kökü saralmış Vaqifin intizarına son qoyuldu və o qayıtdı.

Molla Pənah Vaqif Şuşaya ilk gəlişində Saatlı məhəlləsində yerləşmişdi və orada indiyəcən qalan Saatlı məscidinin yanında bir məktəb açmışdı.

Görünür, bu da rəmziymiş və Vaqif Şuşaya qədəm basandan sonra burada onun şəxsiyyəti və açdığı məktəblə ayrı bir saat işləməyə başlamışdı.

Şuşa da, Qarabağ da, Azərbaycan da yeni bir zaman zolağına daxil olurdu və Vaqif qələmi ilə, sözü ilə, təfəkkürü ilə yeni zamanı gətirənlər, Vaxt saatını idarə edənlərdən idi.

Və indi, yeni minilliyin iyirminci illərinin başlanğıcından etibarən yenə Şuşada tamam başqa saat işləməyə başlayır.

Sanki 30 ilə yaxın idi ki, bu yerlərdə zaman donmuşdu, vaxt saatının əqrəblərindən daş asılmışdı və bir vaxtlar hər oxuyanın qazana bilmədiyi biliklərə malik Molla Pənah Vaqif zaman saatını yeni səmtə doğru necə yönəltmişdisə, indi də həmin işi Prezident İlham Əliyev gördü!

Hər dövlət başçısının, hər sərkərdənin çatmasının çətindən-çətin olduğu misilsiz zəfər qazandı, düşmən tapdağı altındakı torpaqlarımızı xilas etmiş Qalib Prezident İlham Əliyev də yeni zamanın saatını özü qurmağa başladı.

Bəlkə elə həmin səbəbdəndir ki, Şuşadakı quruculuğun ilk ən parlaq səhifələrindən biri olaraq buradakı Vaqif məqbərəsini dirçəltməyi, ona yeni həyat verməyi vacib saydı.

2021-ci ilin 30 avqustunda Şuşada, Vaqif məqbərəsinin önündə əyləşənlərin hamısı bəxtiyar idi.

Azad Şuşada, yenidən əzəlki möhtəşəmliyi ilə bərpa edilmiş Vaqif türbəsi önündə, bizsiz qaldığı, uzun həsrətlərdən sonra özümüzə qayıtmış bu yerlərdə olmağı kim səadət saymaz?!

Ancaq o adamların içərisində bir nəfər hamıdan xoşbəxt idi.

Prezident İlham Əliyev!

Bir dövlət başçısı, millət öndəri üçün xalqına qürur bağışlamaqdan, onun vüqarını sınmaqdan xilas etməkdən, həmvətənlərinin ləyaqətini hifz etməkdən üstün şərəf ola bilməz!

Qarabağ savaşında qazandığı qələbə ilə, bu müharibədəki uğurun ən parlaq rəmzi olan Şuşa fəthi, xəyanətlə təslim edilmiş şəhərin dəyanətlə geri alınması ilə Prezident İlham Əliyev millətimizə gözə dik baxa bilmək, məğrur olmaq, məğlub deyil, müzəffər adlanmaq məsudluğunu bağışladı.

Həm də Azərbaycan Respublikasının vətəndaşlarına yox, dünyanın hər guşəsindəki hər bir azərbaycanlıya!

Unudulmaz Heydər Əliyev “Mən azərbaycanlı olmağımla fəxr edirəm” söyləmişdi.

Prezident İlham Əliyev Azərbaycan insanının içərisindəki sınıqlıq kölgəsini dağıtdı, Azərbaycan insanının üstündən “məcburi köçkün” damğasını sildi və vətəndaşına tam ürək açıqlığı və qürurla azərbaycanlı olması ilə gerçəkdən iftixar duymaq haqqını nəsib etdi.

Bir dövlət rəhbəri üçün bir ömür içərisində qazanıla biləcək bundan artıq mükafat və bəxtiyarlıq ola bilməz!

Əlbəttə ki, Vaqif türbəsinin ətrafına xoşbəxt azərbaycanlıların toplaşdığı həmin anlarda onların arasında ən məsud olan məhz bu səbəbdən elə Prezident İlham Əliyev idi!

Tarix boyu qılınc və qələm, silah və söz bir-biriylə döyüşüb də, hərdən vəhdətdə olub da.

44 günlük Vətən müharibəsində Prezident və Ali Baş Komandan İlham Əliyev qılınc və qələmin birgə olanda hansı yenilməz qüdrətə çevrildiyini aləmə aşkar etdi!

Böyük zəfərə doğru Prezident İlham Əliyev illərcə yol gəlmişdi. Həmin əziz günü gətirməkçün bir anı belə fövtə vermədən, usanmadan möhkəm bünövrələr yaratmışdı.

Lakin bizim qarşı-qarşıya dayandığımız düşmən və ona havadarlıq edən güclər elə idi ki, ən mükəmməl ordu ilə də onun öhdəsindən gəlmək müşkül idi. Böyük qara qüvvələr ən həlledici anlarda bu ordunun zəfərli yürüşünü dayandırmağı da bacarardılar. İkinci bir orduya da hökmən ehtiyac vardı.

Döyüş meydanına Baş Sərkərdə İlham Əliyev başçısı olduğu Silahlı Qüvvələrlə, ən kamil bir səviyyəyə yetirdiyi Milli Ordumuzla çıxmışdı.

Və İkinci Ordu sırf özü idi, zəkası ilə, iradəsi ilə, əzmi ilə, qətiyyəti ilə, siyasəti ilə, sanballı sözü ilə, daşı dələn məntiqi ilə!

Bu, onun, tariximizdəki ən ali zəfərimizin Memarının ana südü kimi halal olan haqqı və qiymətidir.

Qarabağ zəfərimizdən söz açılan hər məclisimizin əvvəlində ilk olaraq bu yolda canlarını fəda etmişlərə rəhmətlər oxumaq mənəvi vəzifəmiz olduğu kimi, hər dəfə dərhal bu qələbənin Baş Memarına ən səmimi minnətdarlığı dilə gətirmək də vicdan borcumuzdur!

O böyük azərbaycanlının bu layiqli qiyməti gərək həmin Vaqif bayramında, ölməz şairin yenidən dikələn məqbərəsinin tuşunda, azad Şuşada səslənəydi! Fürsət olmadı, neynək, burda deyək, ancaq yalnız bu gün yox, həmişə təkrarlayaq! Çünki istiqbal daim minnətdar olmağı bacaranlara, haqq itirməyənlərə, müstəsna yaxşılıqların qədrini yetərincə anlayıb dəyərləndirənlərə gülümsəyir!..

X X X

Azərbaycan tarixinin xoşbəxt bir günündə, 2021-ci ilin avqustunda, Azərbaycanın ən xoşbəxt insanı, millətinə qalib olmağın əbədi qürurunu bağışlamış Prezident İlham Əliyev millətinə və dünyaya bir daha ürəyini açırdı: “İşğal dövründə bir çoxlarımız – həm keçmiş məcburi köçkünlər, həm bütün Azərbaycan xalqı, o cümlədən də mən dəfələrlə fikirləşirdik ki, dünyada ədalət yoxdur. Çünki ədalət olsaydı, biz bu vəziyyətə düşməzdik. Mən də, o cümlədən, belə fikirdə idim. Ancaq həyat göstərdi ki, ədalət var, sadəcə, dözümlü olmaq lazımdır, səbirli olmaq lazımdır, ədalətə inanmaq lazımdır və ədalətə nail olmaq üçün çalışmaq lazımdır, hədəfə doğru getmək lazımdır, ədaləti bərpa etmək üçün fədakarlıq göstərmək lazımdır. Bu gün biz hamımız ürəyimizdə deyirik və açıq deyirik ki, bəli, ədalət var, ədalət bərpa edildi, biz bu gün Şuşadayıq və bundan sonra Şuşada əbədi yaşayacağıq”.

İllər ayrılığından sonra ilk dəfədir ki, Şuşanın köhnə, tanış, doğma məhəllələrindən keçirəm. Əziz ünvanların yanında ayaq saxlayıram, Sadıqcanın, Mir Möhsün Nəvvabın, Əbdürrəhim bəy Haqverdiyevin... mülklərinin divarlarını sığallayıram, o bağda ki həmişə Xan Şuşinski əyləşərdi, camaat başına yığılardı, orada dolaşıram.

Həmişə həyat qaynayan, səsli-küylü, çal-çağırlı şəhər hələ bomboş, sanki əhalisi harasa köçüb gedib, bu evlər, bu qəribsəmiş küçələr, bu darıxmış məhəllələr onları gözləyir.

Təbii ki, asta-asta qayıdacaqlar, yavaş-yavaş Şuşanın köhnə, sevimli hüsnü də geri dönəcək, bu göyçəyimiz əvvəlkindən də sahmanlı, əvvəlkindən də cazibəli olacaq.

“Olacaq” yazıram, amma bu, daha çox ümiddir, arzudur. Bu diləklərin gerçəyə çevrilməsindən ötrü Şuşa gərək elə zərifliklə bərpa edilə ki, heç bir cizgisinə xələl gəlməyə, xətər dəyməyə, Şuşanın pak ruhu inciməyə, Qala hətta indiki boş, qərib, yarıuçuq vəziyyətində də onu tərk etməyən munis çöhrəsini qoruya!

Bundan ötrüsə gərək olan ən azı üç şərt var: bilginlik, Şuşanı dərindən tanımaq; hər daşa, hər ağaca, hər tikiliyə, hər qapıya, hər eyvana həssaslıqla, nəvazişlə yanaşmaq; və ən mühümü – içərisində Şuşa ruhunu daşımaq! Bunlar olsa, Şuşa əvvəlkindən də gözəl Şuşa olacaq və doğma Şuşa olaraq qalacaq, işdi, şayəd belə olmasa, bu şərtlərdən hansısa aradan getsə, bəlkə şəhər əvvəlkindən də gözəgəlimli olacaq, amma əsl Şuşa olmayacaq, Şuşanın maketi olacaq, şəfqəti, istisi azalacaq.

Nə yaxşı onillər qabaq istedadlı memar və rəssam dostumuz Elturan Avalov Şuşanı gərəyincə araşdırıb, bircə-bircə evlərin, məhəllələrin dəqiq ölçüləriylə rəsmini çəkib, ayrıca kitab yazıb və indi Şuşa küçələrində onun böyüdülmüş rəsmlərini görəndə sevinirdim ki, məram canayatandır, demək, çox keçməyəcək ki, hansısa artıq uçulub getmiş, hansınınsa yalnız divarları qalmış, hansısa az, ya çox zədələnmiş tikililər elə bu şəkillərdəki sayaq bərpa ediləcək, canlanacaq, qoynu insan qaynarlığı və sevgisi ilə dolacaq.

Bu evlərdə, bu məhəllələrdə yenə insanlar sevişəcək, yenə toylar olacaq, yenə körpələr doğulacaq.

Vaqif üç əsr öncə gözəl Şuşaya qonaq gələnləri salamlayır, “xoş gəldin” deyirdi:

Bu şəhrə ki, təşrif-i bəqalər gətiribsən,

Sən xoş gəlibsən və səfalər gətiribsən!

2021-in son üç avqust günündə Şuşaya gəliş sadəcə səfər, təşrif gətirmək deyildi. Bu, müqəddəs bir ziyarət idi.

Gözünün nurunu qeyb etmiş insanın təzədən hər şeyi bütün aydınlığı ilə görə bilməsi hansı səadətdirsə, yenidən Şuşaya qovuşmaq, Cıdır düzünü gəzmək, bu dağların şəfalı havasını udmaq, İsa bulağının diş sızıldadan suyunu içmək də eyni bəxtiyarlıqdır.

Azərbaycanın son Qarabağ savaşında qələbəsindən, şanlı ordumuzun torpaqlarımızı düşmən işğalından azad etməsindən aylar keçsə də, zəfərimizin sevinci də, zəfərli yolumuz da, əziz Qarabağa yeni qayıdışlarımız da davam edir.

Azərbaycanın böyük dəstə elm, ədəbiyyat, mədəniyyət xadiminin gözəl Şuşaya Vaqif poeziya günlərini bayram etməkçün gəlişi qələbəmizin və zəfər yolumuzun daha bir davamı, Qarabağa daha bir möhtəşəm qayıdışımızdır ki, var.

Qarabağ zəfərlərimizin ilk müjdəçisi Prezident İlham Əliyev avqustun 30-da Vaqif poeziya günlərini açarkən 1982-ci ili, unudulmaz Heydər Əliyevin iştirakı ilə Molla Pənah məqbərəsinin açılışının edildiyi şaxtalı, amma indiki avqust günləri kimi hərarətli dəmləri xatırlayaraq rəqəmlərin heyrətli cazibəsinə diqqət yönəltdi. Söylədi ki, o vaxt Vaqif türbəsini açarkən Ulu Öndər Heydər Əliyevin 59 yaşı vardı, indi erməni qəsbkarlarının caynağından xilas edilərək əvvəlki gözəlliyi ilə bərpa edilmiş Vaqif məqbərəsinin yenidən açılışını keçirərkən, azad Şuşada Vaqif poeziya günlərini təzədən başlayarkən mənim də 59 yaşım var.

Cənab Prezidentin bu duyğulu sözləri mənim yadıma xeyli rəmzi olan başqa “59”ları saldı.

1996-cı ilin oktyabrında qədim Naxçıvan torpağında idik.

59 il ömür sürmüş dahi Cavidin ata-baba yurdunda təntənə ilə xatirəsi anılırdı, böyük Heydər Əliyev Cavid məqbərəsini açırdı.

Həmin mərasimdə mən də çıxış etdim və söylədim ki, Cavid 1937-ci ilin 4 iyun gecəsində həbs edildi və doğmalarından o ayrılan oldu. İndi üstündən düz 59 il keçirkən Cavid bu məqbərədə ailəsi ilə, əzizləriylə yenidən qovuşur, vəfalı ömür yoldaşı Mişkinaz xanımla, sevimli oğlu Ərtoğrolla təzədən eyni tavan, eyni qübbə altında görüşür.

Heydər Əliyevin ictimai vicdanımız qarşısında ən müstəsna xidmətlərindən olan Cavid qayıdışının, ölməz ustadın millətinə, Vətəninə dönüşünün zirvəsi sayılası bu məqbərə mənim nəzərimdə sadəcə bir türbə, yalnız bir memarlıq abidəsi deyil, daha əvvəl burada, Naxçıvan torpağında ucalan ən uca sərhəd dirəyimizdir.

Eyni duyğuları mən gözəl Şuşada, Vaqif məqbərəsinin bərpadan sonrakı yeni açılışı təntənəsində, Vaqif şeir günlərinin başlanğıcında da yaşadım.

Bu məqbərə də mənim düşüncəmdə yalnız abidə, türbə deyil, Şuşada, Qarabağ torpağında dikələn ən uca sərhəd dirəyimizdir.

Yəqin, 1982-ci ildə Vaqif türbəsinin ilk açılışında 59 yaşlı Heydər Əliyev də bu fikirdəymiş, yəqin, 2021-ci ilin avqustunda yeni ömür bağışladığı Vaqif məqbərəsi qarşısında vüqarla dayanarkən 59 yaşlı Prezident İlham Əliyev də eyni düşüncədədir.

Və ən böyük arzu, ümid və inam odur ki, zəfərimizin parlaq rəmzlərindən olan bu məqbərə, Qarabağdakı bu ən uca sərhəd dirəyimiz həmişə yüksəlsin, daha heç vaxt qara buludlar Qarabağa, Şuşaya, əziz Vətənimizə yaxın düşməsin!

Azərbaycanın, Prezident İlham Əliyevin Ermənistan və erməniliklə mübarizəsi yalnız xeyirlə şərin deyil, həm də yolu olanla yolsuzluğun savaşıdır.

Ermənilər 30 il ərzində işğalda saxladıqları ərazilərdə hər şeyi dağıdıblar, məhv ediblər və özlərindən sonra keçiləsi bircə yol belə qoymayıblar. Qalan axırıncı yolları, körpüləri də indi gethagetdə yerlə yeksan etdilər.

Prezident İlham Əliyevsə Qarabağdakı quruculuğun siftəsini təzə yol salmaqla etdi.

Yolsuzluğun axırı həmişə uçurumdur. Yol sahibinin, yol quranın qisməti isə zirvələrdir. Prezident İlham Əliyevin Azərbaycanın Dirçəliş bayramına bircə gün qalmış Qarabağda təməlini qoyduğu ilk yol da Füzulidən Şuşaya uzanır. Düzəndən zirvəyə!

Hələ nə qədər yollar salınacaq, hələ Qarabağda insanlarda məmnun heyranlıq doğuran nə qədər quruculuqlar olacaq!

Bütün varlığıyla qurucu olan Prezident İlham Əliyevin bundan sonra keçəcəyi yollar da, millətin köksünü qürurla dolduracaq böyük əməlləri də çox olacaq.

Ancaq bu yolların, böyük əməllərin zirvəsində həmişə Şuşa zəfərinə aparan yol, elə Qarabağın hər qarışının rəmzi sayılan Şuşanın fəthi dayanacaq.

Bu elə yüksək zirvədir ki, tarixin bütün gələcəklərindən görünəcək, həmişə minnətdar insanlarımıza vüqar gətirəcək və daim ürəklərdə Şuşa Fatehi İlham Əliyevə məhəbbətlər, ehtiramlar oyadacaq!

Rafael HÜSEYNOV, AMEA-nın Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin baş direktoru, akademik

AzərTac

  • Paylaş: