Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

22.09.2021 09:45
  • A-
  • A
  • A+

Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları Türkiyədə arxeoloji qazıntılarda iştirak ediblər

Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları Türkiyədə arxeoloji qazıntılarda iştirak ediblər

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Antik dövr arxeologiyası şöbəsinin əməkdaşları Cavid Bayramov, Nərmin Məmmədli və Nərmin Bayramova avqust və sentyabr aylarında Avropa Komissiyasının “Horizon 2020” elmi mübadilə proqramının xətti ilə Türkiyə Cümhuriyyətinə ezam olunublar.

Həmin müddət ərzində, sentyabr ayının 2-dən 6-a kimi adı çəkilən üç gənc alimimiz Amasyanın Gözlek kəndində yerləşən Oluz-Höyük abidəsində arxeoloji qazıntılarda iştirak ediblər.

Oluz-Höyük qazıntılarına İstanbul Universitetinin Arxeologiya fakültəsindən professor Şevket Dönməz rəhbərlik edir. Abidədə 2007-ci ildən başlayaraq sistemli şəkildə arxeoloji qazıntılar aparılır. Abidənin mədəni qatlarını öyrənmək məqsədi ilə  2007-ci ildə stratiqrafik qazıntı aparılıb və nəticədə 9 mədəni təbəqə müəyyən olunub. Belə ki, abidə erkən tunc dövründən başlayaraq eramızın XI əsrlərinə qədər olan dövrü özündə cəmləşdirir. 2009-cu ildən 2-ci təbəqə olan Əhəməni dövrü mədəni təbəqəsində tədqiqat işləri  aparılır. Bu mədəni təbəqədən Əhəməni dövrü saray qalıqları, su kanalı, dini ritualların keçirildiyi otaqlar üzə çıxarılıb. Saray, malikanə qalıqları şimal hissədə, dini bölgələr isə cənub tərəfdə yerləşir.

Şevket Dönməz gənc alimlərimizə abidənin ötən illərdəki qazıntılarından bəhs edib, qazıntı sistemləri barədə məlumat verib. Daha sonra əməkdaşlarımız abidənin şimal hissəsində yerləşən Əhəməni dövrünə aid təsərrüfat tikilisinin (sarayın mətbəxi olduğu güman edilir) qazıntılarında iştirak edib, həmçinin orada bərpaçıdan memarlıq tikililərinin bərpa olunması barədə təlim alıblar.

Gənc tədqiqatçılarımız qazıntılarda olduqları müddətdə kameral işlərin aparıldığı “Oluz–Höyük emalatxanasında” da olublar. Orada Türkiyədə aparılan müasir arxeoloji üsullarla tanış olub və kameral işlərin həyata keçirilməsində öz təcrübələrini  nümayiş etdiriblər.

Qeyd edək ki, Şevket Dönməz və Arxeologiya və Etnoqrafiya İnstitutunun Antik dövr arxeologiyası şöbəsinin müdiri, iskit problemi üzrə mütəxəssis t.ü.f.d. Zaur Həsənov uzun müddətdir ki, əməkdaşlıq edirlər. Şevket Dönməzin Türkiyədə aşkar olunmuş iskit tipli tapıntılarla bağlı bir sıra tədqiqatları var. Z.Həsənovun rəhbərliyi altında işləyən gənc tədqiqatçılarımız həmin tapıntıların sərgiləndiyi Amasya Arxeoloji muzeyində olub və hər iki arxeoloqdan da barəsində geniş məlumat aldıqları iskit tipli tapıntılarla yaxından tanış olublar. Adı çəkilən gənc alimlərimizin Türkiyədəki arxeoloji qazıntılarda iştirakı iki dövlətin dəmir dövrü arxeologiyasının birgə praktiki öyrənilməsində ilk addımıdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: