Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları Komandanlığının “Lənkəran” şəhərində yerləşən “N” saylı hərbi hissəsində ölkəmizdə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə əlaqədar və Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102 illiyi münasibətilə “Heydər Əliyev siyasətində milli-mənəvi dəyərlər” mövzusunda keçirilən tədbirdə AMEA-nın Lənkəran Regional Elmi Mərkəzi də təmsil olunub.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb. Hərbi qulluqçuların iştirakı ilə keçirilən tədbirdə Ulu Öndərin, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə AMEA Lənkəran Regional Elmi Mərkəzinin elmi katibi, tar.ü.f.d. Cəmil Quliyev, hərbi hissənin komandanlığı və şəxsi heyəti iştirak ediblər. Məruzəçi çıxışında vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev hər zaman milli-mənəvi dəyərlərimizin, eləcə də adət-ənənələrimizin qoruyucusu olub. O, dövlət quruculuğu prosesi ilə yanaşı, mədəni-mənəvi dəyərlərin dirçəldilməsi və milli-tarixi yaddaşın bərpasına da xüsusi önəm verilib. Məruzədə Azərbaycanın dövlət müstəqilliyinin əldə olunması, qorunub saxlanılması və milli dövlət quruculuğu proseslərində Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərindən bəhs edilmişdir. Görkəmli siyasətçi, ictimai-siyasi xadim və unikal şəxsiyyət kimi Ümummilli Liderin müstəqillik dövründəki xidmətləri, Azərbaycana rəhbərliyi illərində respublikanın sosial-iqtisadi tərəqqisi istiqamətində atdığı addımlar, xalqımızın milli-mənəvi dəyərlərinin qorunması və inkişafı sahəsində gördüyü işlər haqqında əsgər və zabitlərə geniş məlumat verilmişdir.
Çıxış edən hərbçilər millətini zamanın sərt sınaqlarından böyük məharətlə çıxaran Ümummilli Lider Heydər Əliyevin şərəfli və mənalı ömür yolundan, çoxşaxəli fəaliyyətindən, ölkəmizin qüdrətlənməsində, xalqın rifahının yüksəldilməsində misilsiz xidmətlərindən və dünya siyasətinə verdiyi töhfələrdən danışıblar. Qeyd olunub ki, Əbədiyaşar Liderin ordu quruculuğu sahəsində həyata keçirdiyi tədbirlərin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan Ordusu 30 illik həsrətə Vətən müharibəsində son qoydu, işğal olunmuş əzəli və əbədi torpaqlarımızı azad edərək tarixi ədaləti bərpa etdi.
Tədbirin sonunda Ümummilli Lider Heydər Əliyevin zəngin, mənalı həyat və fəaliyyətini əks etdirən Heydər Əliyev - dəyərlərimizin xilaskarı” adlı sənədli film nümayiş etdirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.