AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Antik dövr arxeologiyası şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Natiq Alışovun rəhbərliyi ilə 2017-ci ildən başlayaraq Balakən rayonunun Tülü kəndi ərazisindəki Qafqaz Albaniyasına məxsus xristian abidəsində arxeoloji tədqiqat işləri davam etməkdədir.
Tədqiqatlarla müəyyən edilib ki, üçnefli (nef – sütunlarla haşiyələnmiş kilsənin interyeri) kilsənin şərq divarının cənub-şərq və şimal-şərq divarları qismən sökülüb, altar (mehrab) hissəni əhatə edən mərkəzi divar tamamilə dağılıb. Bir zallı kilsənin fəaliyyəti dövründə üst qatda aparılan inşaat və zamanla kilsə ətrafında davam edən dəfn prosesləri bu hissədə tam dağılmanı sürətləndirən amil olub.
Tədqiqatın nəticəsinə əsasən söyləmək olar ki, dini-memarlıq nümunəsində tarixin müxtəlif dövrlərini əhatə edən üç inşaat mərhələsi mövcud olub. Memarlıq nöqteyi-nəzərən üç zallı abidənin düzbucaq daxilində inşa olunan altarı xristianlığın Suriya, altarı xaricində olan bir zallı kilsə isə Bizans memarlıq məktəbinə aiddir.
Kompleksin memarlıq xüsusiyyətləri nəzərə alınmaqla üçnefli kilsə V-VI əsrlərə, birnefli kilsə IX-X əsrlərə və bir zallı kilsənin şimal və qərb girişində Arran memarlıq elementlərinə malik aynabəndlər (narteks) isə X-XII əsrlərə aid edilə bilər.
Son üç ildə birnefli və üçnefli kilsənin xarici və daxili divarları boyunca aparılan arxeoloji tədqiqatlar nəticəsində xristian dəfn ənənəsinə uyğun tam şəkildə 61 insan skeleti və təkrar dəfnlər zamanı pərakəndə halda 300-dən artıq sümük fraqmentləri tədqiq olunub. Buradan belə bir qənaətə gəlmək olar ki, Tülü kilsəsinin ilkin mərhələsindən ərazidə kilsə qəbiristanlığı salınıb. Kilsə qəbiristanlığında tədqiq olnumuş dəfnlər sadə torpaq, daş qutu, üzəri plitələrlə bağlanan daş qutu və kirəcdən tökülmüş plitələrdə hazırlanan qəbir tiplərindən ibarət olub. Qəbirlərdə ölü ilə birlikdə qoyulmuş şüşə və metal qolbaqlar, muncuqlar və digər asma bəzəklər müxtəlifliyi ilə seçilir.
Qeyd edək ki, uzunluğu 16,30 m, eni 10,50 m olan üçnefli kilsənin tağvari örtüyünü saxlayan sütunlarının özülləri hələlik müəyyən edilməyib. Buna səbəb kilsənin növbəti inşaat mərhələsində üst qatda yerləşən birnefli alban xristian abidəsinin nisbətən kiçik ölçüdə inşasıdır.
Tülü kənd sakini Elşad Dabaxovun şəxsi həyətyanı sahəsində aşkar olunan abidə təkcə kilsədən ibarət deyil. Aparılan yerüstü müşahidələr və yoxlama işlərinə əsasən kilsə ətrafında divar qalıqları müəyyən edilib. Gələcəkdə kilsə ətrafı divarlar və həyətyanı sahəsində yardımçı otaqların müəyyən edilməsi ilə kompleksin tədqiqi tam yekunlaşmış sayıla bilər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.