Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

24.09.2021 15:54
  • A-
  • A
  • A+

Zəfər yolu, şəhidlik yolu

Zəfər yolu, şəhidlik yolu

AMEA-da Vətən müharibəsinə həsr edilmiş “Zəfər dərsləri elmi həftəsi” çərçivəsində Nəsimi adına Dilçilik  İnstitutunda “Zəfər yolu, şəhidlik yolu” adlı onlayn tədbir keçirilib.

Öncə tədbir iştirakçıları Vətən müharibəsi şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbiri giriş sözü açan institutun direktoru, akademik Möhsün Nağısoylu bildirib ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd ediləcək.

Sonra akademik 44 günlük Vətən müharibəsində əldə edilən şanlı qələbənin əhəmiyyətindən danışıb. Akademik  vurğulayıb ki, Azərbaycan bu qələbəni şəhidlərin qanı, canı hesabına qazanıb. Vətən müharibəsi başlayan ilk gündən Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə mətin ordumuz irəliləyərək, düşməni işğal olunmuş torpaqlarımızdan uzaqlaşdırmağa başlayıb.

Akademik qeyd edib ki, müharibə dövründə də Ermənistan öz məkrli niyyətindən əl çəkməyərək dinc, silahsız, cəbhə zonasından uzaqda yerləşən əhaliyə divan tutub.

Sonra institutun Elmi işlər üzrə direktor müavini Baba Məhərrəmli, Elmi katib Aynel Məşədiyeva, Təhsil şöbəsinin müdiri Qətibə Quliyeva və Mətbuat xidmətinin rəhbəri Təranə Şükürlü bildirib ki, İkinci Qarabağ savaşının cəmi 44 günə qələbə ilə bitməsi Müzəffər Ali Baş Komandan İlham Əliyevin məharətli və qətiyyətli rəhbərliyinin, ordumuzun müasir hərbi texnika ilə təchizatının, əsgər və zabitlərimizin hazırlıqlı olmasının, xalqımızın birliyinin nəticəsində mümkün oldu.

İnstitutun Monitorinq şöbəsinin müdiri, filologiya elmləri doktoru Sevinc Əliyeva vurğulayıb ki, Vətən müharibəsində qazandığımız zəfər təkcə ərazi bütövlüyümüzü, tarixi ədaləti bərpa etməyib, həm də vətən həsrəti ilə yaşayan soydaşlarımızın qəlbində yenidən həyat işığı yandırıb, onlara doğma torpaqlara dönmək imkanını yaradıb.

Müəssisənin professorları İsmayıl Məmmədli, Sayalı Sadıqova, İsmayıl Kazımov, dosentlər Kifayət İmamquliyeva, Aytən Allahverdiyeva və Aytən Bəylərova çıxışlarında Vətən müharibəsi cəbhələrində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə yüksələn hərbçilərimizin həyat yollarından bəhs ediblər.

Bildirilib ki, torpaqlarımızın erməni işğalından azad edilməsi naminə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi xalqımız tərəfindən daim uca tutulur, ehtiramla anılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: