Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

24.09.2021 15:58
  • A-
  • A
  • A+

Akademik Zemfira Səfərovanın yeni nəşr olunmuş kitablarının təqdimatı olub

Akademik Zemfira Səfərovanın yeni nəşr olunmuş kitablarının təqdimatı olub

Sentyabrın 24-də Azərbaycan Bəstəkarlar İttifaqında görkəmli musiqişünas-alim, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun şöbə müdiri, akademik Zemfira Səfərovanın yeni nəşr olunmuş kitablarının təqdimatı keçirilib.

Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə gerçəkləşən tədbirdə akademik Zemfira Səfərova və onun rəhbərlik etdiyi İşçi qrup tərəfindən hazırlanmış “Azərbaycanın musiqi tarixi” adlı çoxcildliyin V cildi, həmçinin alimin Şuşanın 270 illiyinə həsr edilmiş “Şuşa Azərbaycanın musiqi qalasıdır” (Azərbaycan və rus dillərində) kitabı və “Türk dünyasının Muzik Yıldızı Üzeyir Hacıbəyli” adlı monoqrafiyası musiqi ictimaiyyətinə təqdim edilib.

Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festival çərçivəsində çox maraqlı əsərlərin səsləndiyini söyləyən Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə deyib ki, ilk dəfə qələbədən sonra təşkil olunan bu festival yeni-yeni əsərlərin yaranmasına təkan verəcək. Zemfira Səfərovanın yeni nəşr olunan əsərlərini musiqi irsimiz üçün bənzərsiz sərvət hesab edən Xalq artisti bildirib ki, təqdim olunan kitablarda musiqi mədəniyyətimiz barədə dolğun məlumatlar yer alıb.

Diqqətə çatdırılıb ki, “Şuşa Azərbaycanın musiqi qalasıdır” kitabı Azərbaycan və rus dilində nəşr olunub. Müəllif bu kitabı tək musiqişünas kimi deyil, həm də yaradıcı insan kimi qələmə alıb: “Zemfira xanımın 2014 ildə Türkiyədə çap olunmuş “Türk dünyasının yıldızı” kitabı o qədər böyük nailiyyət qazanmışdır ki, ikinci dəfə nəşr etmək qərarına gəldik”.

Sonra Firəngiz Əlizadə Zemfira Səfərovanı Bəstəkarlar İttifaqının təsis etdiyi “Üzeyir Hacıbəyli medalı” ilə təltif edib.

Zemfira Əliyeva bildirib ki, mükafat onun üçün gözlənilməzdir. Qeyd edib ki, Üzeyir Hacıbəyli ilə bağlı mükafatlar ona çox əzizdir.

AMEA-nın vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli bildirib ki, Azərbaycan Milli Elmlər Akademiyasında qələbə ilə bağlı bir çox tədbirlər keçirilib. Bu gün tədbiri Bəstəkarlar İttifaqı ilə birgə keçirməyimiz təsadüfi deyil. Çünki Zemfira Səfərovanın fəaliyyəti akademiya ilə sıx bağlıdır. Onun seçdiyi mövzular şübhəsiz Qarabağın tarixini özündə əks etdirir. “O, 60 ildən çoxdur ki, elmi tədqiqatla məşğul olur, həyatını Azərbaycan Milli Elmlər Akademiyası ilə bağlayıb. Akademiyada musiqişünaslığın istiqaməti Zemfira Səfərovanın adı ilə bağlıdır. Deyərdim ki, o Azərbaycanda musiqi mənbəşünaslığı elminin əsasını qoyub. O həm də tarixçilik və salnaməçilik istiqaməti üzrə məhsuldar işlər görüb. Zemfira Səfərovanın musiqi tarixinə həsr etdiyi bu kitabları yüksək qiymətləndiririk”, - deyə akademik əlavə edib.

Respublikanın tanınmış elm və mədəniyyət xadimlərinin iştirak etdiyi təqdimat mərasimində Qədim Musiqi Alətləri Dövlət Ansamblı (bədii rəhbər Xalq artisti Munis Şərifov), Xalq artisti Gülnaz İsmayılova (soprano) və beynəlxalq müsabiqələr laureatı Fəqan Həsənli (piano) Azərbaycanın klassik bəstəkarlarının əsərlərini ifa ediblər.

AzərTac

  • Paylaş: