Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

24.09.2021 17:09
  • A-
  • A
  • A+

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda şəhidlərimiz anılıb

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda şəhidlərimiz anılıb

Sentyabrın 24-də AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda 27 sentyabr - Anım Günü münasibətilə şəhid və qazilərin ailə üzvlərinin iştirakı ilə geniş tədbir keçirilib.

Öncə tədbir iştirakçıları Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

İclası giriş sözü ilə açan institutun direktoru, AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova Azərbaycan Ordusunun qüdrətindən, şəhid və qazilərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açaraq, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun torpaqlarımızı işğalçı düşməndən azad etdiyini qeyd edib. O, məlumat verib ki, 44 günlük Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2904 hərbi qulluqçusu şəhid olub, 10 hərbi qulluqçumuz itkin düşüb, 1000-dən hərbi qulluqçumuz yaralanaraq sağlamlığını itirib. İşğal altında olan torpaqlarımız qəhrəman şəhid və qazilərimizin, əsgər və zabitlərimizin qanı və canı bahasına azad olunub.

Ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə hər il sentyabr ayının 27-sinin Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara alınıb. Akademik İradə Hüseynova Azərbaycanın bu gün mövcud olan qüdrətli ordusunun bünövrəsinin ümummili lider Heydər Əliyev tərəfindən qoyulduğunu qeyd edib. Məhz bu böyük insanın fəaliyyəti sayəsində Silahlı Qüvvələrimiz dünya standartlarına cavab verən, vahid komandanlıqdan idarə olunan mütəşəkkil hərbi struktura çevrilib. Natiq ötən ilin sentyabr-noyabr aylarının Azərbaycan tarixinə xalq-ordu-iqtidar birliyinin ən yüksək təzahürü kimi həkk olunduğunu bildirib.

Qazilər Ceyhun Abdullayev və Arif Cəbrayılıov 44 günlük Vətən savaşında keçdikləri döyüş yollarından, Azərbaycan əsgərinin əzmkarlığından və mübarizliyindən söz açaraq, şəhid ailələrinə və qazilərə göstərilən hərtərəfli qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Tədbirdə çıxış edən qazi anaları - Nəsibə Abdullayeva və Mayaxanım Xanışova müharibənin çətin günlərində onlara dəstək olduqlarına, diqqət və qayğı göstərdiklərinə görə institutun rəhbərliyinə və əməkdaşlarına dərin təşəkkürlərini bildiriblər.

İnstitutun əməkdaşı, şəhid bacısı Firuzə Rzayeva şəhid ailələrinə dövlət tərəfindən daima qayğı göstərildiyini vurğulayaraq qeyd edib ki, şəhid olan hər bir əsgər əvvəllər yalnız bir ailənin övladı idisə, indi bütün xalqın övladına çevrilib.

İnstitutun əməkdaşlarından S.Xudaverdiyeva, M.Paşayev, G.Əlibəyova və Z.Rüstəmova yaxınlarının müharibədə iştirak etdiyi günləri xatırlayaraq Azərbaycan xalqının cənab Prezidentin ətrafında bir yumruq kimi birləşib bu sınaqdan şərəflə, qalib xalq kimi çıxdığını qeyd ediblər.   

Birinci Qarabağ müharibəsinin iştirakçıları N.Mustafayev, Ş.Məmmədov və B.Daşdəmirov, YAP Gənclər Təşkilatının sədri N.Məmmədov və institutun Veteranlar şurasının sədri, AMEA-nın müxbir üzvü İbrahim Əzizov çıxış edərək Azərbaycan xalqının bu tarixi qələbəsinin məhz xalqın istəyi, ordunun gücü və rəhbərin iradəsinin üst-üstə düşməsi hesabına qazanıldığını vurğulayıblar.

Sonda 44 günlük Vətən müharibəsində qəhrəman oğullarımızın keçdiyi döyüş yolunu əks etdirən videoçarx nümayiş etdirilib.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: