Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

27.09.2021 14:34
  • A-
  • A
  • A+

Botanika İnstitutunda 27 sentyabr - Anım Gününə həsr olunan tədbir keçirilib

Botanika İnstitutunda 27 sentyabr - Anım Gününə həsr olunan tədbir keçirilib

AMEA-nın Botanika İnstitutunda 27 sentyabr - Anım Gününə həsr olunmuş iclas keçirilib.

Əvvəlcə vətən uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

İnstitutun direktoru, akademik Validə Əlizadə iclası açıq elan edərək çıxışında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, Vətən müharibəsində canlarını fəda etmiş bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-sinin Azərbaycanda Anım Günü kimi qeyd ediləcəyini vurğulayıb. Akademik Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında 44 günlük Vətən müharibəsi dövründə bütün Azərbaycan xalqının ordumuzun ətrafında yumruq kimi birləşdiyini qeyd edib. Bildirib ki, böyük qələbənin qazanılması naminə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi xalqımız tərəfindən daim ehtiramla anılacaq.

İnstitutun elmi işlər üzrə direktor müavini, b.e.d. Eldar Novruzov qeyd edib ki, 44 günlük Vətən müharibəsi xeyirin şər üzərində qələbəsi, tarixi ədalətin təntənəsi, Azərbaycan xalqının qəhrəmanlıq salnaməsidir.

Daha sonra institutun ümumi işlər üzrə direktor müavini İmran Babayev, sözügedən müəssisənin əməkdaşları, b.e.d. Dilzarə Ağayeva, b.e.d. Naibə Mehdiyeva, b.e.d. Lətafət Mustafayeva, b.ü.f.d. Arzu Hüseynova, b.ü.f.d. Rəşad Səlimov, doktorant Aida İbrahimova və b.e.d. Lamiyə Abbasova məruzə ilə çıxış edərək 44 günlük müharibədə cəmiyyətimizin nümayiş etdirdiyi səfərbərlikdən, qəhrəman igidlərimizin müharibə dövründə göstərdikləri şücaətdən danışıb, torpaqlarımızın işğaldan azad edilməsində, tarixi qələbənin qazanılmasında qəhrəmanlıq göstərərək canını vətən üçün qurban vermiş şəhidlərimizə Allahdan rəhmət diləyiblər.

Tədbir müharibəyə həsr olunmuş sənədli filmin nümayişi ilə başa çatıb.

Yığıncağın davamı olaraq Botanika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri İkinci Şəhidlər xiyabanını ziyarət edərək torpaqlarımızın azadlığı uğrunda şəhid olan qəhrəmanlarımızın əziz xatirəsini dərin ehtiramla yad edib, məzarları üzərinə gül düzüblər. Həmçinin gənclər möhtəşəm qələbəmizin rəmzi olan “Hərbi Qənimətlər Parkı”nı da ziyarət ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: