Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

27.09.2021 15:54
  • A-
  • A
  • A+

MEK-də 27 sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib

MEK-də 27 sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) 27 sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib.

MEK-in “Qarabağ müharibəsi qəhrəmanları” fondunun təşkilatçılığı ilə baş tutan tədbirdə şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları, AMEA-nın elmi-tədqiqat institutlarının rəhbər heyəti, elm xadimləri və KİV nümayəndələri iştirak ediblər.

Öncə MEK-in foyesində quraşdırılmış monitorda Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xalqa müraciəti dinlənilib, saat 12:00-da Vətən müharibəsində şücaətlə vuruşmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Anım Günü münasibətilə keçirilən tədbiri giriş sözü ilə açan MEK-in baş direktoru, professor Məmməd Əliyev qeyd edib ki, Ali Baş Komandanı Prezident İlham Əliyev  zamanın da ən doğru qərarı qəbul etməklə xalqımızın tarixi qələbəsini təmin edib. O bildirib ki, bu ölkənin vətəndaşı olaraq hər birimiz 44 günlük haqq savaşı boyunca bizlərə sevinc, fərəh, qürur dolu saysız-hesabsız qələbələr bəxş edən şəhidlərimizə, sağlamlığını itirən qazilərimizə, şanlı Azərbaycan Ordusunun əsgər və zabitlərinə ömür boyu minnətdar olmalıyıq.

Baş direktor onu da vurğulayıb ki, MEK-in təşəbbüsü ilə yaradılan “Qarabağ müharibəsi qəhrəmanları” fondu şəhidlərimizin xatirəsinə sonsuz ehtiramın bariz nümunəsidir. Qeyd olunub ki, Birinci və İkinci Qarabağ müharibəsinin iştirakçıları haqqında ictimaiyyətin kifayət qədər dolğun məlumatlandırılmasını təmin etmək məqsədilə ardıcıl və davamlı tədbirlər həyata keçirən fonda şəhidlərimizin yaxınlarının sıx-sıx ziyarəti burada yaradılan şəraitdən və aparılan işlərdən məmnunluğun əyani təsdiqidir.

Tədbirdə məruzə ilə çıxış edən Tarix İnstitutunun icraçı direktoru, t.ü.f.d., professor Cəbi Bəhramov öncə erməni faşizminin tarixi köklərinə nəzər salaraq müxtəlif dövrlərdə Azərbaycanın torpaqlarına açıq formada ərazi iddiaları və etnik zəmində azərbaycanlılara qarşı törədilən təxribatları, soyqırımları nəzərə çatdırıb. Professor, həmçinin erməni faşizminin ifşası altında müxtəlif zaman kəsiyində AMEA-da çalışmış alimlərin müstəsna xidmətlərindən bəhs edib. Alim  Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərdən danışıb.

Anım tədbirində Vətən müharibəsində qəhrəmancasına vuruşmuş şəhidlərimizin yaxınları, qazilər də çıxış ediblər. Şəhid polkovnik Babək Səmidlinin bacısı, MEK-in “Qarabağ müharibəsi qəhrəmanları” fondunun müdiri Röksanə Səfərzadə, şəhid Vüsal Vəliyevin qardaşı, AMEA-nın Folklor İnstitutunun aparıcı elmi işçisi, f.ü.f.d. Əpoş Vəliyev, qazi Mir Kənan Kərimov çıxışlarında qəhramanlıqları ilə adlarını Zəfər tarixinə yazan igid döyüşçülərimizlə bağlı xatirələrini bölüşüblər.

Tədbir zamanı MEK tərəfindən hazırlanmış 27 sentyabr - Anım Gününə həsr olunan videoçarx nümayiş olunub.

Sonda qonaqlar Birinci və İkinci Qarabağ müharibəsinə həsr edilmiş kitablardan ibarət sərgiyə baxıblar, bir neçə ay əvvəl istifadəyə verilmiş “Qarabağ müharibəsi qəhrəmanları” fondu ilə yaxından tanış olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: