Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

27.09.2021 17:16
  • A-
  • A
  • A+

Neft və Qaz İnstitutunda Anım Günü ilə bağlı tədbir təşkil olunub

Neft və Qaz İnstitutunda Anım Günü ilə bağlı tədbir təşkil olunub

AMEA-nın Neft və Qaz İnstitutunda 27 sentyabr - Anım Gününə həsr olunan tədbir keçirilib. Tədbirdə Vətən müharibəsinin iştirakçısı, Füzuli, Xocavənd və Cəbrayıl rayonlarının alınmasında əvəzsiz rolu olan 3 medal sahibi Məhəmməd Dadaşov da iştirak edib.

Əvvəlcə iştirakçılar şəhidlərimizin ruhu qarşısında baş əyib, onların xatirəsinə hörmət və ehtiramlarını bir dəqiqəlik sükutla ifadə ediblər.

Tədbirdə çıxış edən AMEA-nın Neft və Qaz İnstitutunun baş direktoru, akademik Fəxrəddin Qədirov bildirib ki, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən müharibədə əsgər və zabitlərimiz rəşadət göstərib, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirib.

Sonra institutun elmi işlər üzrə direktor müavini, professor Vaqif Qurbanov dövlətimiz tərəfindən hər zaman mübariz oğul və qızlarımızın şücaətinin yüksək qiymətləndirildiyini, bütün şəhidlərimizin ruhuna ehtiram göstərildiyini söyləyib.

Daha sonra Məhəmməd Dadaşov keçdiyi döyüş yolu barədə təəssüratlarını bölüşüb: “Həyəcan siqnalı verilir və harasa tələsən zabitlər, nələrisə daşıyan əsgərlər görürdüm. Onlara kömək edirdim, lakin yenə də nəyin baş verdiyini bilmirdim. Mənə sonradan “müharibə başlayıb, gedirik”, - dedilər. Bunu eşidəndə çox qəribə hisslər yaşadım. Çünki hər birimizin borcudur ki, vətənimizə olan sədaqətimizi, borcumuzu ödəyək. Qəhrəman oğullarımız, qardaşlarımız ən yüksək zirvə olan şəhidlik zirvəsinə çatdılar. Torpaqlarımızı işğalçılardan azad etdik. Düşmən bizim dövlətimizin qüdrətini gördü və bir daha cəsarətini toplayıb üzərimizə gələ bilməyəcək. Qarabağ Azərbaycandır!”

Tədbir institutun əməkdaşları Mahir Rəsulov, Ədalət Həsənov, Qadınlar Şurasının sədri Arzu Rüstəmli və üzvü Nübar Dilbazovanın çıxışları ilə davam edib.

Allah şəhidlərimizə rəhmət eləsin, bütün qazilərimizə şəfa versin!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: