AMEA-nın İqtisadiyyat İnstitutunda növbəti onlayn elmi seminar keçirilib.
Tədbiri giriş sözü ilə açan institutun direktor müavini, i.ü.f.d., dosent Allahyar Muradov seminarın əsas müzakirə mövzusu və məruzəçi barədə məlumat verib.
Yığıncaqda Xidmət sahələrinin inkişafı problemləri şöbəsinin aparıcı elmi işçisi, i.ü.f.d. Kamran Abdullayev “Nəqliyyat xidmətləri üzrə beynəlxalq müqayisəli reytinqlərdə Azərbaycanın mövqeyinin daha da yaxşılaşdırılması istiqamətləri (Qlobal Rəqabətlilik İndeksi)” adlı məruzə ilə çıxış edib. Məruzəçi bildirib ki, Beynəlxalq Rəqabətqabiliyyətlilik Hesabatında ölkəmizin infrastruktur sahəsi üzrə nəqliyyat infrastrukturunun vəziyyəti və yol infrastrukturunun keyfiyyəti, dəmir yollarının sıxlığı, dəmiryolu xidmətlərinin səmərəliliyi, hava limanlarının əlaqəliliyi, hava nəqliyyat xidmətlərinin, dəniz limanları xidmətlərinin səmərəlilik göstəriciləri region dövlətləri və bu sahədə qabacıl ölkələrin göstəriciləri ilə müqayisə edilərək tədqiq edilib.
Beynəlxalq Rəqabətlilik Hesabatında Azərbaycan 141 ölkə arasında infrastruktur sub indeksi üzrə 38-ci, nəqliyyat infrastrukturu göstəricisi üzrə isə 31-ci yerdədir. Azərbaycan infrastruktur sub-indeksi üzrə Gürcüstan (73-cü yer), İran (80-ci yer), Rusiya (50), Türkiyə (49), Qazaxıstan (67), Ukrayna (57) kimi ölkələrdən öndədir. Bundan başqa, müvafiq hesabatda 141 ölkə arasında yol şəbəkəsinin keyfiyyəti üzrə ölkəmiz 88-ci, yol infrastrukturunun keyfiyyəti üzrə 27-ci, dəmiryollarının sıxlığı üzrə 34-cü, dəmiryol xidmətlərinin səmərəliliyi üzrə 11-ci, hava limanlarının bağlantısı üzrə 79-cu, hava nəqliyyat xidmətlərinin səmərəliliyi üzrə 12-ci, dəniz limanları xidmətlərinin səmərəliliyi üzrə 25-ci yerdədir.
Tədqiqatçı tərəfindən son illər ölkəmiz üzrə dəmiryolu nəqliyyatında (yük və sərnişin daşımaları daxil olmaqla) əldə olunan gəlir və xərclər, eləcə də daşımalar üzrə xərclər və əsas kapitala yönələn investisiyalarla bağlı statistik göstəricilər üzrə dəyişən dinamika, onlar arasında korrelyasiya əlaqəsi təhlil olunub. Bundan başqa hava nəqliyyatında (yük və sərnişin daşımaları daxil olmaqla) əldə olunan gəlir və xərclər, daşımalar üzrə xərclər və əsas kapitala yönələn investisiyalar üzrə statistik göstəricilər ilə bağlı dəyişən dinamika da təhlil edilib, onlar arasında korrelyasiya əlaqəsi araşdırılıb. Beynəlxalq reytinqdə ölkəmizin göstəricilərinin yaxşılaşdırılması, mövqelərimizin irəliləməsi üçün tədqiq olunan infrastruktur sahəsi üzrə mövcud problemlər müəyyən edilib, onların aradan qaldırılması istiqamətində təklif və tövsiyələr irəli sürülüb.
Tədbirin sonunda məruzəçi sualları cavablandırıb, nəqliyyatın bütün sahələri üzrə ölkəmizdəki real vəziyyət, həyata keçirilən yerli və beynəlxalq əhəmiyyətli nəqliyyat layihələri, nəqliyyat sektorunun gələcək inkişaf istiqamətləri, dünyada bu sahədəki başlıca meyillər və beynəlxalq təcrübə ətrafında maraqlı və geniş müzakirələr aparılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.