Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

29.09.2021 15:45
  • A-
  • A
  • A+

AMEA-da “İdarəetmənin şərtləri: əqli mülkiyyətin kommersiyalaşdırılması imkanları” mövzusunda seminar keçirilib

AMEA-da “İdarəetmənin şərtləri: əqli mülkiyyətin kommersiyalaşdırılması imkanları” mövzusunda seminar keçirilib

Sentyabrın 29-da AMEA Rəyasət Heyətində “İdarəetmənin şərtləri: əqli mülkiyyətin kommersiyalaşdırılması imkanları” mövzusunda seminar keçirilib.

Tədbirdə AMEA-nın vitse-prezidentləri, akademik-katibi, Rəyasət Heyəti aparatının rəhbəri, həmçinin akademiyanın institut və təşkilatlarının direktorları və elmi katibləri iştirak ediblər.

Seminarı giriş sözü ilə açan Rəyasət Heyəti aparatının rəhbəri, filologiya üzrə fəlsəfə doktoru, dosent Seyfəl Həsənov hazırda AMEA-da elmi və elmi-texniki fəaliyyətin nəticələrinin kommersiyalaşdırılması, maarifləndirmə işinin genişləndirilməsi və əqli mülkiyyət hüquqlarının qorunması üzrə lazımi dəstəyin göstərilməsi istiqamətində mühüm işlərin icra olunduğunu, ölkənin müvafiq qurumları ilə birgə fəaliyyət planlarının hazırlandığını bildirib. O, bu istiqamətdə tədbirlərin mərhələli şəkildə həyata keçiriləcəyini vurğulayıb.

Sonra AMEA Rəyasət Heyəti aparatının Elmi-təşkilat idarəsinin rəisi, fizika üzrə fəlsəfə doktoru, dosent Rüstəm Rüstəmov “İdarəetmənin şərtləri: əqli mülkiyyətin kommersiyalaşdırılması imkanları” mövzusunda təqdimatla çıxış edib. R.Rüstəmov hər bir elmi qurumun düzgün müəyyən olunmuş əqli mülkiyyət siyasətinin olmasının vacibliyini vurğulayıb. Qeyd edib ki, bu, ilk növbədə elmi tədqiqat və innovasiya fəaliyyəti nəticələrinin səmərəli reallaşdırılması və müəlliflik hüququndan maksimum faydalanmaq baxımından əhəmiyyətlidir.

Məruzəçi, kommersiyalaşma üçün əsas seqmentlər, dəyərləndirmə zamanı diqqət edilməli aspektlər, fundamental və tətbiqi elmin vəziyyəti və inkişaf perspektivlərinin ekspert qiymətləndirilməsi üsulları barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. O, “Öyrənən Təşkilat”ın xüsusiyyətlərindən bəhs edərək bu zaman sistem düşüncə, fərdi ustalıq, mental model, vizyonun paylaşılması və komanda təlimi kimi özəlliklərə nail olmaq üçün görülməsi vacib olan işləri diqqətə çatdırıb.

Çıxışının sonunda R.Rüstəmov 2022-ci ilin dünyada “Fundamental elm ili” elan olunduğunu bildirərək ölkəmizdə elmi fəaliyyətin daha da dərinləşdirilməsinin, bu istiqamətdə inkişaf strategiyasının hazırlanmasının vacibliyinə toxunub. AMEA-da aparılan fundamental tədqiqat işlərinin kommersiyalaşmada mühüm əhəmiyyət kəsb etdiyini deyən idarə rəisi akademiyada əqli mülkiyyətin qorunması və istifadə olunması prosesini təkmilləşdirmək, AMEA əməkdaşlarının elmi-texniki yaradıcılığını və innovativ fəaliyyətini stimullaşdırmaq, onların öz fəaliyyətlərinin nəticəsinə marağını yüksəltmək üçün həyata keçirilən tədbirlərin daha da artırılmasının önəmini qeyd edib.

Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova, akademik-katib, akademik Arif Həşimov, akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru,  akademik Vaqif Abbasov, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev suallarla çıxış edib, akademiyada aparılan elmi tədqiqatların kommersiyalaşdırılması ilə bağlı mövcud problemlərin aradan qaldırılması istiqamətində təkliflərini səsləndiriblər. Həmçinin patentlərin alınması, müəllif hüquqlarının qorunması, elmi nailiyyətlərin istehsalatda tətbiqi kimi vacib məsələlər ətrafında müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: