AMEA-nın Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 avqust 2017-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Oxunması zəruri olan kitablar siyahısı”na daxil olan “Mister Hemferin xatirələri” (İngilis casusunun etirafları) kitabı müzakirə edilib.
Tədbiri giriş sözü ilə açan institutun baş direktoru, biologiya elmləri doktoru İsmayıl Məmmədov Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Oxunması zəruri olan kitablar haqqında” sərəncamının əhəmiyyətindən, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində, dünyagörüşünün formalaşmasında mühüm rolundan bəhs edib. Əsər haqqında qısa məlumat verən alim öz təəssüratlarını müzakirə iştirakçıları ilə bölüşüb.
Bioresurslar İnstitutunun kiçik elmi işçisi Qədir Məmmədovun “Radikalizm və məzhəbçilik” mövzusunda məruzəsi dinləyicilər tərəfindən maraqla qarşılanıb.
İştirakçıların fəallığı ilə fərqlənən müzakirədə gənc əməkdaşlardan Günay Zeynalova, Səkinə Baxşəliyeva, Gülşad Məmmədova, Aytac Quluzadə və Səidə Bayramova çıxış edərək əsəri fəsillər üzrə təhlil edib, türk xalqlarına, İslam ölkələrinə qarşı mövcud olan qərəzli münasibətdən bəhs ediblər. Vurğulanıb ki, vətənini, xalqını sevən hər bir gənc onun keşiyində ayıq-sayıq dayanmalı, vətəndaşlıq vəzifəsini şərəflə yerinə yetirməlidir.
Tədbirin sonunda sual doğuran bəzi məsələlərə aydınlıq gətirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.