Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

08.10.2021 17:45
  • A-
  • A
  • A+

Görkəmli ədəbiyyatşünas alim Abbas Zamanovun 110 illiyi münasibətilə tədbir keçirilib

Görkəmli ədəbiyyatşünas alim Abbas Zamanovun 110 illiyi münasibətilə tədbir keçirilib

Akademiyanın Naxçıvan Bölməsində görkəmli ədəbiyyatşünas alim, AMEA-nın müxbir üzvü Abbas Zamanovun anadan olmasının 110 illiyi münasibətilə tədbir keçirilib.

Bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun baş direktoru, professor Hacıfəxrəddin Səfərli yığıncağı giriş sözü ilə açaraq bildirib ki, tədbir AMEA Rəyasət Heyətinin alimin 110 illik yubileyi münasibətilə 1 oktyabr 2021-ci il tarixli qərarına əsasən keçirilir.

H.Səfərli A.Zamanovun həyat və yaradıcılığı haqqında yığcam məlumat verərək qeyd edib ki, çətin və keşməkeşli həyat sürən alim vətənpərvər şəxsiyyət kimi formalaşıb, Azərbaycançılıq məfkurəsinə sədaqətlə xidmət edib, qətiyyətli mövqeyindən heç zaman dönməyib. Zəhmətkeş alimin ədəbiyyatşünaslıq elminə verdiyi töhfələr, Azərbaycan ədəbi mühiti, mədəniyyətinin beynəlxalq ictimaiyyətə çatdırılmasında əvəzsiz xidmətləri var: “Bu baxımdan əminliklə deyə bilərik ki, Abbas Zamanov vətənpərvər alim missiyasını uğurla yerinə yetirib”.

Yığıncaqda “Ədəbi əlaqələrin inkişafında Abbas Zamanov erası” mövzusunda məruzə edən Əlyazmalar Fondunun baş direktoru, filologiya elmləri doktoru Fərman Xəlilov Abbas Zamanovun zəngin həyat və yaradıcılıq yoluna nəzər salıb. Məruzədə mətnşünas alimin çoxsahəli fəaliyyəti, onun ədəbiyyatşünaslıq elminə bəxş etdiyi əsərlər və mühüm şəxsi keyfiyyətləri təhlil olunub.

Diqqətə çatdırılıb ki, hələ sovet hakimiyyəti dövründə ermənilərin Naxçıvanla bağlı iddialarına qarşı qətiyyətli mövqe nümayiş etdirən patriot alim bütün çətinliklərə baxmayaraq haqlı mübarizəsindən dönməyib. İngiltərə, Fransa, Yaponiya, Polşa, İran, İraq və başqa ölkələrdə yaşayan müasirlərinə müntəzəm olaraq məktublar göndərib, Azərbaycanın ədəbi və mədəni dəyərlərini daim təbliğ edib. Bu gün istər ölkəmizdə, istərsə də ölkə xaricində məhz Abbas Zamanovun şəxsi təşəbbüsü ilə zənginləşdirilmiş kitab fondları tədqiqatçıların müntəzəm istifadə etdiyi mənbə rolunu uğurla yerinə yetirir.

Bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aygün Orucova yığıncaqda “Abbas Zamanovun mollanəsrəddinşünaslıq tədqiqatları” mövzusunda məruzə edib. Məruzədə vurğulanıb ki, XX əsr Azərbaycan maarifçi realistlərinin, eləcə də romantiklərinin yaradıcılığı Abbas Zamanov tərəfindən öyrənilib, C.Məmmədquluzadə, Ə.Nəzmi, Ö.F.Nemanzadə, Ə.Haqverdiyev və başqalarının yaradıcılığı ilə bağlı fundamental elmi əsərlər ərsəyə gəlib. Tədqiqatçı çıxışı zamanı alimin əsərlərini təhlil edərək, hər biri haqqında ətraflı məlumat verib.

“Abbas Zamanov yaradıcılığında “Cənub xatirələri” mövzusunda məruzə ilə çıxış edən bölmənin Elmi Kitabxanasının direktoru Sahab Əliyeva söyləyib ki, professor Abbas Zamanov Azərbaycan ədəbiyyatşünaslığının inkişafında, ədəbiyyatımızın daha geniş arenada tanıdılmasında misilsiz xidmətlər göstərib.

Alimin yaradıcılığında Cənubi Azərbaycanla bağlı tədqiqatlar mühüm yeri tutur. Milli dəyərlərimizi vahid Azərbaycan fəzasında yaymaq, Cənubi Azərbaycanla əlaqələrimizi genişləndirmək, ikiyə bölünmüş xalqımızın mənəvi birliyini təmin etmək, orada yaşayan şair və yazıçılarımızın əsərlərini təbliğ etmək, araşdırmaq Abbas Zamanovun bu istiqamətdəki uğurlu fəaliyyətinin əsas cəhətləridir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: