Oktyabrın 8-də Bakı Ekspo Mərkəzində VII Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində AMEA Hüseyn Cavidin Ev Muzeyinin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlının tərtibçisi və “Ön söz”ünün müəllifi olduğu “Qarabağın musiqi irsi və Ərtoğrol Cavid” kitabının təqdimat mərasimi və imza günü keçirilib.
Tədbirdə Milli Kitabxananın direktoru, professor Kərim Şükürov, Rusiya, Bolqarıstan, Özbəkistan, Qırğızıstan, Gürcüstan kitabxanalarının rəhbərləri, musiqiçilər, ədəbiyyatşünaslar, folklorşünaslar, hərbçilər və media nümayəndələri iştirak ediblər.
Mərasimdə çıxış edən kitabın redaktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfov və Hüseyn Cavidin Ev Muzeyinin şöbə müdiri Lalə Əliyeva bildiriblər ki, peşəkar musiqiçilər, folklorşünaslar, etnoqraflar, ədəbiyyatşünaslar və geniş oxucu kütləsi üçün nəzərdə tutulan nəşr Ərtoğrol Cavidin AMEA Hüseyn Cavidin Ev Muzeyində saxlanılan şəxsi arxiv materialları əsasında hazırlanıb. Kitabda Qarabağ xanəndələrinin ifa etdiyi Azərbaycan klassik musiqi mətnləri, Cabbar Qaryağdıoğlu və Süleyman Mansurovun Qarabağın musiqi keçmişinə dair xatirələri, onların repertuarına daxil olan, Qarabağ toylarında ifa edilən mahnılar, rəqs havaları haqqında toplanmış materiallar və Ərtoğrol Cavidin bunlara dair elmi araşdırmaları daxil edilib.
Daha sonra kitab xarici qonaqlara hədiyyə olunub və xatirə şəkilləri çəkdirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.