Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

12.10.2021 11:20
  • A-
  • A
  • A+

Elmi seminarda Azərbaycan dilində iqtisadi terminologiya ilə bağlı müzakirələr aparılıb

Elmi seminarda Azərbaycan dilində iqtisadi terminologiya ilə bağlı müzakirələr aparılıb

AMEA-nın İqtisadiyyat İnstitutunda növbəti onlayn elmi seminar keçirilib.

Seminarı giriş sözü ilə açan İqtisadiyyat İnstitutunun baş direktoru, i.e.d., professor Nazim İmanov tədbirin əsas müzakirə mövzusu və məruzəçi barəsində məlumat verib.

Seminarda İqtisadiyyat İnstitutunun Maliyyə, pul-kredit siyasəti şöbəsinin aparıcı elmi işçisi Tanrıverdi Paşa “İqtisadi terminlər haqqında“ adlı məruzə ilə çıxış edib. Məruzəçi bildirib ki,  Azərbaycan Respublikası Prezidentinin 23 may 2012-ci il tarixli Sərəncamı ilə təsdiq etdiyi “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair” Dövlət Proqramında Azərbaycan dilində terminologiya sisteminin yenidən işlənməsi, qaydaya salınması sahəsində əsas vəzifələr müəyyən olunub. İqtisadçıların müasir peşəkar dili - dünya iqtisad elminin çoxəsrlik inkişafının məhsuludur. Bu tarixi təsir demək olar ki, dünyanın bütün inkişaf etmiş dillərinin lüğətlərində öz əksini tapıb. Terminologiya sisteminin özü daim hərəkətdədir, yəni bəzi terminlər tarixi baxımdan işlənmədiyinə, elmi termin dairəsindən çıxarıldığına, daha uğurlu yeni terminlərlə əvəz olunduğuna görə yaşam dövrünü başa vurur. Terminlər dil vahidi kimi həmin dilin fonetik və qrammatik qanunauyğunluqlarına tabedir. Dünyada elmlərin beynəlmiləlləşməsi ilə əlaqədar son onilliklərdə elmi terminologiyada yunan-latın ünsürləri böyük payla üstünlük təşkil etməkdədir. Eyni zamanda, söz birləşməsi terminlərin də sayı artmaqdadır.

Müasir elmdə dillərin fərqindən asılı olmayaraq, eyni elm daxilində terminlərin semantik unifikasiyasına, yəni müxtəlif dillərdə terminlərin birmənalı uyğunluğuna və ümumiyyətlə, terminlərin beynəlmiləlləşməsinə üstünlük verilməkdədir. T.Paşa vurğulayıb ki, bu məsələ, türk dilləri üçün daha aktualdır. Məlum olduğu kimi əksər Avropa dillərində, həmçinin dilimizin terminologiya fondunun ən çox yararlandığı ərəb, fars  və rus dillərində yeni söz-termin yaratma imkanları həmin dillərdə mövcud olan önlüklər (prefikslər) hesabına bir qədər artıqdır. Lakin türk dillərinin məhz fel, sifət və şəkilçilərdən istifadə etməklə yeni söz-termin yaratmaq imkanları qat-qat üstündür. Fikrimizcə son illərdə türk xalqlarının və toplumlarının beynəlxalq əlaqələrinin və birgə araşdırmalarının daha da intensivləşməsi iqtisadi terminologiya sahəsində də əsaslı dönüş yaratmağa gətirib çıxaracaq. Bu fürsətdən yararlanaraq türk dillərinin (Azərbaycan dilinin də) yeni söz və termin yaratmaq imkanlarından daha geniş istifadə edilməlidir. Dilçilik, tibb, texniki və dəqiq elmlər, o cümlədən iqtisad elmində bütün türk xalqları üçün ortaq terminlərin yaradılması kifayət qədər aktualdır. Türk xalqlarının bəzən bir-birini başa düşməməsinin, ayrı-ayrı türk toplumlarında nəşr edilən elmi kitabların, məqalələrin və dərsliklərin qarşılıqlı yayılmamasının da səbəbini bunda axtarmaq lazımdır. Termin həm də, ondan törəyəcək yeni terminlərin yaradılması üçün rasional və qavramada  rahat olmalıdır. Terminlər üçün ən vacib keyfiyyətlərdən biri onların beynəlmiləlliyidir. Terminlərin yaradılmasında birinci yol xalqın öz dilində mövcud olan sözlərdən istifadə etməkdir. Başqa dillərdən alınma terminlər məhz bu çətinliyi aradan qaldırır.

T.Paşa qeyd edib ki, əksər dillərdə olduğu kimi Azərbaycan iqtisadçılarının dilinə də yeni terminlər ingilis dili vasitəsi ilə daxil olur. Bazar iqtisadiyyatı terminləri XVII-XIX əsrlərin klassik ingilis nəzəriyyələrinə və XX əsrdə əsasən amerika iqtisadçılarının əsərlərində inkişaf etdirilən anlayış və terminlərə əsaslanır. Müasir iqtisad elmi yeni terminologiyanı ən çox dünyanın ən nüfuzlu iqtisadçılarının elmi əsərlərindən götürür. Belə iqtisadçı alimlər ilk növbədə, Nobel mükafatı laureatları (iqtisadçılar 1969-cu ildən təltif edilir) arasındadır və onların adı ilə xeyli yeni kateqoriyalar, anlayışlar və terminlər bağlıdır. Bu gün Azərbaycanda iqtisadiyyata dair müxtəlif fənlərə aid olan xeyli dərsliklər yazılsa da, onları əksəriyyəti, istər həmin predmetə aid olan mövzuların ardıcıllığı və məntiqi, istərsə də üslub baxımdan, kifayət qədər qüsurludur. Sözügedən dərsliklərdə Azərbaycan dilində termin yaratma təcrübəsi də yox dərəcəsindədir. Müxtəlif dərsliklərdə bəzən eyni terminlər müxtəlif cür verilir. Bu dərsliklərin bir qismini, həm də mahiyyətcə çox pis tərcümə olunmuş, primitiv plagiat saymaq olar. Tədqiqatçının fikrincə, belə psevdo dərsliklərin əvəzinə dünyada qəbul edilən və tədris edilən kitabların peşəkarlar tərəfindən tərcüməsinə üstünlük verilməlidir.

Tədbirin sonunda məruzəçi sualları cavablandırıb, Azərbaycan dilində müasir iqtisadi terminologiya ilə bağlı geniş müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: