Bu gün AMEA Rəyasət Heyətində Aqrar Elmlər Bölməsinin (AEB) növbəti yığıncağı keçirildi.
Bölmənin büro üzvlərinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan AEB-in akademik-katibi, akademik Qərib Məmmədov gündəlikdəki məsələlər barədə məlumat verdi.
Tədbirdə cari ilin aprel ayının 29-da keçiriləcək AMEA-nın illik Ümumi yığıncağına hazırlıqla bağlı məsələlər müzakirə edildi. Bildirildi ki, Ümumi yığıncaqda akademiyanın 2014-cü ildəki fəaliyyəti haqqında hesabat, AMEA-nın akademik-katibi və bir sıra bölmələrin akademik-katibi vəzifələrinə seçkilərin keçirilməsi və s. məsələlər yer alıb.
İclasda akademiyanın Ümumi yığıncağında bölmənin fəaliyyətini əks etdirəcək video-slayda baxıldı, AEB tərəfindən təşkil olunacaq sərgi ilə bağlı fikir mübadiləsi aparıldı.
Tədbirdə, həmçinin doktorant və dissertantların attestasiyası keçirildi. Aqrar elmlərin müxtəlif istiqamətləri üzrə mövzulara dair attestasiyada 36 doktorant və dissertant iştirak etdi.
Bölmə institutlarında fəaliyyət göstərən doktorant və dissertantların attestasiya mövzuları ilə bağlı müzakirələr aparıldı, təklif və tövsiyələr səsləndirildi.
<i>© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.</i>