Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

AMEA-nın müxbir üzvü İsmayıl İsmayılovu 75 illik yubileyi münasibətilə təbrik edirik!
25.10.2021 11:39
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü İsmayıl İsmayılovu 75 illik yubileyi münasibətilə təbrik edirik!

Bu gün tanınmış alim, Əməkdar müəllim, Milli Aviasiya Akademiyasının Aerokosmik informasiya sistemləri kafedrasının müdiri, AMEA-nın müxbir üzvü İsmayıl İsmayılovun 75 yaşı tamam olur.

İsmayıl Mahmud oğlu İsmayılov 1946-cı il oktyabr ayının 25-də Bakı şəhərində anadan olub. 1970-ci ildə Azərbaycan Dövlət Neft və Kimya İnstitutunu (hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) bitirib.

Əmək fəaliyyətinə 1970-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində başlayan alim 2003-cü ilədək bu ali təhsil müəssisəsinin kiçik elmi işçisi, böyük elmi işçisi, dosenti, həmçinin dekanı olub. 1994-1997-ci illərdə Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı səfirliyinin təhsil müşaviri vəzifəsində çalışıb.

İsmayıl İsmayılov 1985-ci ildə “Dəniz geofiziki tədqiqatlarda seysmik qəbuledicilərin fəza vəziyyətinə avtomatik nəzarət sistemi” mövzusunda namizədlik, 2010-cu ildə “Hərəkət edən obyektlər fəzasında uçuş informasiyasının optimal çevrilməsi” mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib. 1986-cı ildə dosent, 2015-ci ildə professor elmi adını alıb. 2017-ci ildə AMEA-nın müxbir üzvü seçilib.

O, 120-dən çox elmi əsərin, 1 monoqrafiyanın, 12 elmi ixtiranın, 25 dərslik və dərs vəsaitinin müəllifidir.

2003-cü ildən elmi-pedaqoji fəaliyyətini Milli Aviasiya Akademiyasında davam etdirən alim dosent, kafedra müdiri, dekan vəzifələrində çalışıb. Hazırda Aerokosmik informasiya sistemləri kafedrasının müdiridir.

AMEA-nın müxbir üzvü İsmayıl İsmayılov informasiya-ölçmə və idarəetmə sistemləri sahəsində gör­kəmli mütəxəssisdir. Onun tərəfindən uçuş informasiyasının çevrilməsi və emalına tətbiqlə siqnalların diskretləşməsi və diskretləşdirmədən sonra bərpası metodlarının analizi əsasında zamanda və fəzada dəyişən parametrlərin optimal diskretləşmə tezliyinin qiymətləndirilməsi və seçilməsi metodikası təklif edilib.

Ölçü siqnalının geniş zolaqlı olması və xətaların mövcudluğu, həmçinin diskretləşdirmə və müşahidə intervallarının məhdudluğu şəraitində rəqəmsal dinamik ölçmələrin dəqiqliyinin yüksəldilməsi və informasiyanın qeyri-müəyyənliyində naviqasiya ölçmələri nəticələrinin qiymətləndirilməsi metodu təklif olunub.

Trendə (qeyri-stasionar tərtibedici) və stasionar tərtibediciyə bölünmə prinsipindən istifadə etməklə və sonradan birinciyə zaman oblastında, ikinciyə isə tezlik oblastında analiz tətbiq etməklə qeyri-stasionar siqnalların analizi üçün rəqəmsal qurğu ciddi yenilikdir.

Alim tərəfindən uçuşların təhlükəsizliyinin yüksəldilməsində böyük əhəmiyyət kəsb edən peyk və pilotaj informasiyasının birgə emalından istifadə etməklə hava gəmisinin dəqiq nəzarətli kompleks enmə sistemi yaradılıb.

Qeyd edək ki, bu sistemdə naviqasiya və pilotaj informasiyasının çevrilməsi, onun emalının işlənilmiş alqoritmləri havada hərəkətin idarə olunması, nəzarətin avtomatlaşdırılması, həmçinin uçuşların təhlükəsizliyinin təmin olunması işlərini yerinə yetirərkən effektli bir metod və vasitə kimi dəyərləndirilib.

Müxtəlif predmet oblastlarında intellektual və ekspert sistemlərinin işlənilməsi, biliklər bazasının və biliklərin təqdim olunması modellərinin yaradılması, onların tədqiqi yubilyarın mühüm elmi nailiyyətlərindəndir. Alim tərəfindən, həmçinin süni neyron şəbəkələrindən (SNŞ) istifadənin yer aldığı intellektual-ölçmə kompleksləri yaradılıb. Statistik metodlardan və süni neyron şəbəkələrindən birgə istifadə etməklə bort dinamik sistemlərin proqnozlaşdırılan nəzarət üsulu işlənilib.

Görkəmli alim insan-maşın konseptual modeli əsasında “Ekipaj-hava gəmisi” altsistemində ölçmə məlumatı ilə mübadilənin informasiya sisteminin yaradılmasının yeni konsepsiyalarını irəli sürüb, erqodik inteqrallaşdırılmış naviqasiya kompleksinin çoxsəviyyəli informasiya sisteminin strukturunu yaradıb.

AMEA-nın müxbir üzvü İsmayıl İsmayılov Oracle VBİS-dən istifadə etməklə aviasiya və aeronaviqasiya informasiyalarının qorunması və onlarla işləmək üçün maksimal mühafizə infrastrukturunun konseptual sxemini yaradıb, həmçinin onun proqram təminatını işləyib.

Alim elmi və pedaqoji fəaliyyətində əldə etdiyi uğurlara görə 2018-ci ildə “Əməkdar müəllim” fəxri adına layiq gö­rül­üb.

AMEA-nın müxbir üzvü İsmayıl İsmayılovu 75 illik yubileyi münasibətilə təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, Azərbaycan elminin və təhsilinin inkişafı yolunda yeni uğurlar arzulayırıq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: