Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

26.10.2021 11:04
  • A-
  • A
  • A+

Azərbaycanın regionlarının iqtisadi potensialından istifadənin effektivliyi müzakirə olunub

Azərbaycanın regionlarının iqtisadi potensialından istifadənin effektivliyi müzakirə olunub

AMEA-nın İqtisadiyyat İnstitutunda növbəti onlayn elmi seminar keçirilib.

Seminarı giriş sözü ilə açan müəssisənin direktor müavini, i.ü.f.d., dosent Allahyar Muradov tədbirin əsas müzakirə mövzusu və məruzəçisi barədə məlumat verib.

Tədbirdə qurumun Regional inkişaf və təbii sərvətlərdən istifadə problemləri şöbəsinin aparıcı elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru Məzəddin Əyyubov “Azərbaycanın regionlarının iqtisadi potensialdan istifadənin effektivliyi” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi bildirib ki, İqtisadiyyat İnstitutunda ilk dəfə yerinə yetirilən “Azərbaycanın iqtisadi və inzibati rayonlarında iqtisadi potensialdan istifadənin effektivliyi” mövzusunda aparılan tədqiqatların əsas məqsədi ölkəmizin regionlarının müstəqil iqtisadi inkişaf edə bilmə qabiliyyəti əsasında gələcək dövrdə tam təsərrüfat hesabına keçirilməsi ilə əlaqədar özünü maliyyələşdirməsi və öz xərclərini ödəmələri mexanizminin yaradılmasıdır. Onun sözlərinə görə, regionun (ölkənin) iqtisadi potensial amilləri sırasına regionun əhalisi, əmək ehtiyatları, məşğul əhali, iqlim şəraiti, ərazisi, yararlı torpaq ehtiyatları, əsas istehsalat fondları, mineral-xammal ehtiyatları, dövriyyə fondları (maddi dövriyyə fondu, tədavül fondu) və sərbəst pul kütləsi aid edilir: “Regionun yararlı torpaq ehtiyatları, əsas istehsalat fondları amilləri ilə mineral-xammal ehtiyatları, dövriyyə fondları regionun istehsal potensialını formalaşdırır. Öz növbəsində əmək ehtiyatları ilə istehsal potensialı regionun məhsuldar qüvvələri hesab olunur. Regionun məhsuldar qüvvələri ilə regionda mövcud olan sərbəst pul kütləsi regionun iqtisadi potensialını təşkil edir”.

Tədqiqatçı bildirib ki, regionların iqtisadi potensialından istifadənin effektivliyinin qiymətləndirilməsi vasitəsilə gələcək dövrdə hər bir regionun (iqtisadi rayonun) iqtisadi inkişafının regiondaxili maliyyə mənbələri hesabına strateji istiqamətlərinin formalaşdırılması və ölkənin dövlət büdcəsinin yükünün azaldılmasını təmin etmək olar. Diqqətə çatdırıb ki, bu sahədə tədqiqatların metodologiyası onun tərəfindən işlənib və 2017-2019-ci illər üzrə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi və Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsi tərəfindən dərc edilmiş rəsmi statistik məlumatlar əsasında aprobasiyadan keçirilib.

Daha sonra M.Əyyubovun təklif etdiyi metodologiya və elmi yanaşma müzakirə edilib. Habelə indiyədək həyata keçirilən regionların inkişafı proqramları və onların nəticələri, regionların iqtisadi potensialı və ondan istifadənin effektivliyi, yararlı torpaq ehtiyatları, əsas istehsalat fondlarının mövcudluğu, xammal, material-məhsul ehtiyatları, əmək ehtiyatları, işğaldan azad olunmuş rayonların iqtisadi potensialı, pandemiyanın regionların inkişafına təsirləri və s. məsələlər ətrafında müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: