Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

26.10.2021 14:08
  • A-
  • A
  • A+

Professor Məryəm Seyidbəylinin kitabının Rusiyada təqdimatı keçirilib

Professor Məryəm Seyidbəylinin kitabının Rusiyada təqdimatı keçirilib

AMEA-nın Elm Tarixi İnstitutunun (ETİ) direktoru, tarix elmləri doktoru, professor Məryəm Seyidbəyli 25 oktyabr 2021-ci il tarixində Rusiya Elmlər Akademiyasının S.İ.Vavilov adına Təbiət elmləri və Texnika Tarixi İnstitutunun Sankt-Peterburq filialının təşkilatçılığı ilə keçirilmiş beynəlxalq elmi konfransda iştirak edib. Sankt-Peterburqda təşkil olunan onlayn tədbir tanınmış rusiyalı alimlər A.P.Karpinski və L.S.Berqinin xatirəsinə həsr edilib.

Konfransda M.Seyidbəyli “Orta əsr Azərbaycan alimi Nəsirəddin Tusinin həyat və yaradıcılığının səhifələri” mövzusunda məruzə ilə çıxış edib. Dahi azərbaycanlı mütəfəkkirin həyatı və elmi fəaliyyəti haqqında danışan M.Seyidbəyli eyni zamanda alimin bir müddət Ələmut qalasında əsir saxlanılması, 1258-ci ildə Azərbaycanda Elxanilər dövlətinin qurulması və Hülaki xanın şəxsi təşəbbüsü ilə vəzir vəzifəsinə gətirilməsi barədə geniş məlumat verib. Daha sonra M.Seyidbəyli Marağa Rəsədxanasının inşası haqqında danışaraq orada mövcud olan astronomik alətlər və rəsədxananın zəngin kitabxanasının olmasını xüsusilə vurğulayıb.

Tədbir çərçivəsində, həmçinin M.Seyidbəylinin Rusiyanın Sankt-Peterburq şəhərində nəşr olunan “Azərbaycanlı alim Nəsirəddin ət-Tusinin əlyazma irsi” adlı kitabının təqdimatı keçirilib. Kitab haqqında konfrans iştirakçılarına geniş məlumat verən M.Seyidbəyli bildirib ki, tədqiqatın birinci hissəsi Nəsirəddin Tusinin ömür yolu və yaradıcılığına həsr edilib. Alimin tibbə dair “Risalətüt-tibb” risaləsinin orijinal mətni, əlyazmaların ərəb və fars dillərində faksimələlərinin Azərbaycan və rus dillərinə tərcüməsi ikinci hissədə yer alıb. Qeyd etmək lazımdır ki, təqdim olunan tibbi məlumatlar praktik dəyəri baxımından böyük əhəmiyyətə malikdir. Bu əlyazmalar dünya tarixşünaslığında ilk dəfə Azərbaycan və rus dillərinə tərcümə edilib. Kitabın üçüncü hissəsində N.Tusinin biblioqrafiyası və əsərlərinin ümumi göstəricisi, şərhlər verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: