Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

27.10.2021 17:22
  • A-
  • A
  • A+

“Müstəqillik dövründə türk dövlətləri incəsənəti” mövzusunda konfrans keçirilib

“Müstəqillik dövründə türk dövlətləri incəsənəti” mövzusunda konfrans keçirilib

Oktyabrın 27-də AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 30-cu ildönümünə həsr olunmuş “Müstəqillik dövründə türk dövlətləri incəsənəti” mövzusunda beynəlxalq onlayn konfrans keçirilib.

Tədbirdə azərbaycanlı alimlərlə yanaşı, Rusiya, Qazaxıstan, Türkmənistan və Özbəkistandan elm adamları iştirak ediblər.

Konfransı giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli tədbirin mövzusunun aktual olduğunu və bu istiqamətdə fundamental tədqiqatlara ehtiyac yarandığını bildirib. Qeyd edib ki, ortaq tarixi ənənələrə malik olan türk xalqları problemlərin həllində birgə fəaliyyəti genişləndirməlidir. Onun sözlərinə görə, türk xalqlarının mədəniyyətinin yaranması və inteqrasiyasında Azərbaycan, Türkiyə və Orta Asiya ölkələrinin böyük xidməti var. Vurğulayıb ki, Avrasiya məkanında məskunlaşan qədim türk xalqları dünya mədəniyyətinin zənginləşməsinə də böyük töhfələr veriblər. Akademik İ.Həbibbəyli AMEA-nın türk dövlətlərinin elmlər akademiyaları ilə güclü əlaqəsi olduğunu diqqətə çatdırıb, konfransı müstəqillik şəraitində türk dövlətlərinin ortaq fəaliyyətinin bəhrəsi kimi qiymətləndirib.

Sonra Memarlıq və İncəsənət İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə “MDB-nin türk ölkələrində atlı heykəllər” mövzusunda məruzə ilə çıxış edib. Müstəqillik dövründə türkdilli dövlətlərin mədəniyyət, elm və incəsənət sahəsində böyük inkişaf yolu keçdiyini bildirib. Qeyd edib ki, qədim tarixə malik olan türk xalqları mədəniyyət və incəsənət sahəsində elmi ixtiraları, bədii əsərləri, musiqisi ilə diqqəti çəkib. O, Azərbaycan, Türkiyə və Orta Asiya dövlətləri arasında həm elmi, həm də bədii sənət sahəsində əlaqələrin olduğunu diqqətə çatdırıb, mədəniyyətin inteqrasiyasının müstəqillik dövründə inkişaf etdiyini vurğulayıb. Həmçinin türkdilli dövlətlərdə ucaldılan atlı heykəllərin mövzu müxtəlifliyindən və son illərdə bu ölkələrdə ərsəyə gələn heykəllərdən bəhs edib, türk mədəniyyəti və incəsənətinin araşdırılmasının institutun prioritet məsələlərindən olduğunu söyləyib.

Konfransda, həmçinin Memarlıq və İncəsənət İnstitutunun elmi işlər üzrə direktor müavini, dosent Xəzər Zeynalov, ümumi işlər üzrə direktor müavini, dosent Namiq Abbasov, Kulturologiya və incəsənətin nəzəriyyəsi şöbəsinin müdiri, professor Rəna Abdullayeva, Muğamşünaslıq şöbəsinin müdiri, professor Sevil Fərhadova, elmi işçi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ramil Quliyev və digərləri çıxış edərək mövzu ətrafında fikirlərini bölüşüblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: