Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

02.11.2021 14:32
  • A-
  • A
  • A+

Dünya Enerji Trilemma İndeksi üzrə reytinqdə ölkəmizin mövqeyinin yaxşılaşdırılmasına dair müzakirələr aparılıb

Dünya Enerji Trilemma İndeksi üzrə reytinqdə ölkəmizin mövqeyinin yaxşılaşdırılmasına dair müzakirələr aparılıb

AMEA-nın İqtisadiyyat İnstitutunda növbəti onlayn elmi seminar keçirilib.

Tədbiri giriş sözü ilə açan İqtisadiyyat İnstitutunun baş direktoru, i.e.d., professor Nazim İmanov tədbirin əsas müzakirə mövzusu və məruzəçi barəsində məlumat verib.

Seminarda İqtisadiyyat İnstitutunun Regional inkişaf və təbii sərvətlərdən istifadə problemləri şöbəsinin aparıcı elmi işçisi, i.f.d., dosent Nəsimi Əhmədov “Dünya Enerji Trilemma İndeksi üzrə beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin yaxşılaşdırılması istiqamətləri” adlı məruzə ilə çıxış edib. Məruzəçi bildirib ki, dünyada karbon tutumlu mineral yanacaqlarına əsaslanan sistemdən aşağı karbon tutumlu, bərpa olunan enerjiyə əsaslanan, iqlim dəyişikliyinin azaldılması və iqtisadi rifah yaradılması imperativləri tərəfindən idarə olunan sistemə keçid istiqamətində enerji dəyişikliyi baş verir. Dəyişikliyin sürəti və enerji dayanıqlığını təmin etmək məqsədilə siyasi tədbirlərin hazırlanması və həyata keçirilməsində ayrı-ayrı hökumətlərin effektivliyi ölkələr və regionlar üzrə dəyişir. Dünya Enerji Şurası hər kəsin davamlı enerjidən faydalanmasını təmin etmək üçün bütöv bir enerji sistemi yanaşmasının vacibliyini qəbul edir. Bu enerji keçidinin müvəffəqiyyətlə həll olunması üç əsas ölçünün (göstəricinin) idarə edilməsini nəzərdə tutur. Bu dəyişiklik dövründə enerji təhlükəsizliyi, enerji bərabərliyi və enerji sistemlərinin ekoloji dayanıqlılığı birlikdə “Trilemma” təşkil edir və hər üç ölçüdə yüksək qiymətin əldə edilməsi dövlət və özəl qurumlar, hökumətlər və tənzimləyici orqanlar, iqtisadi və sosial amillər, təbii sərvətlər, ətraf mühit məsələləri, istehlakçıların fərdi davranışları arasında mürəkkəb qarşılıqlı əlaqələrin olmasını tələb edir. Dünya Enerji Trilemma İndeksi bu üç Trilemma göstəricisi üzrə milli enerji siyasətinin və fəaliyyətinin obyektiv reytinqini təmin edir.

Tədqiqat işində indeksin metodoloji əsasları, subindekslərin xüsusi çəkiləri, informasiya mənbələri, indeks və subindekslər üzrə Azərbaycanın reytinq sıralanmasındakı yeri, qiymətləndirmə ballarının hesablanması xüsusiyyətləri tədqiq edilir, Azərbaycanın son 21 il ərzində irəliləyiş əldə etdiyi hər bir göstərici üzrə keçdiyi yollar bir sıra ölkələrlə müqayisəli şəkildə nəzərdən keçirilir, Azərbaycanın üstün və zəif cəhətləri qiymətləndirilir, əldə edilmiş nəticələr əsasında hökumətə, indeksi hazırlayan təşkilatlara təklif və tövsiyələr verilir.

N.Əhmədov qeyd edib ki, son illərdə dünyada bərpa olunan enerji sahəsində baş vermiş böyük texnoloji nailiyyətlər və xərclərin kəskin azalması Azərbaycanda da enerji səmərəliliyi ilə uzlaşdırılmış şəkildə isitmə və soyutma, nəqliyyat və elektroenergetika sektorlarında bərpa olunan enerji mənbələrindən istifadənin geniş tətbiqinə imkan yaradır. Qarabağ regionunun Azərbaycan iqtisadiyyatına reinteqrasiyası, əhalinin məskunlaşması, iqtisadiyyatın müxtəlif sahələrinin inkişafı baş verdikcə ölkənin ÜDM-i artmaqla yanaşı, regionda enerjinin istehlakı da yüksələcəkdir. Reinteqrasiya prosesində enerji sisteminə yeni qoşulmuş ərazilərdə yaşayan əhalinin enerji əldə etmə imkanlarının bərpa olunan enerji mənbələrindən istifadə etməklə genişlənməsi bərabərlik və davamlılığı artırsa da, ilkin dövrdə şaxələnmiş elektrik sistemlərinin fəaliyyətində qeyri-sabitliyin artmasına, təchizatın davamlılığı və yeni infrastrukturun formalaşması,  enerjinin iqtisadi cəhətdən əlverişli olması problemlərinə və nəticədə Trilemmada təhlükəsizlik göstəricisində qısamüddətli azalmalara səbəb ola bilər. Bərpa olunan enerji potensialından səmərəli istifadə Azərbaycanda karbon emissiyalarının sabitləşdirilməsinə, enerji tutumunun azalmasına, enerji səmərəliliyinin yüksəldilməsinə, ölkənin beynəlxalq enerji reytinqlərində mövqeyinin yaxşılaşmasına imkan yaradacaqdır. Azərbaycanda elektrik enerjisi istehsalı mənbələrinin müxtəlifliyi olduqca aşağıdır və bu sahədə diversifikasiyanın yüksəldilməsində bərpa olunan enerji potensialının yaratdığı imkanlardan geniş istifadə zəruridir.  

Tədqiqatçı qeyd edib ki, son illərdə neftin emal dərinliyi yüksəlsə də, açıq rəngli neft məhsullarının çıxım faizi azalıb. Hətta xam neftin yüksək qiymətlərində yüksək marja əldə edən, açıq rəngli məhsulların çıxımı Avropa normalarından yuxarı, emal dərinliyi daha yüksək olan, mürəkkəb sxemli və böyük kapital qoyuluşlu ABŞ emal zavodlarının texnoloji layihələrinin Azərbaycanda tətbiqi məqsədəuyğundur. Azərbaycan nefti açıq rəngli neft məhsulları istehsalının yüksək potensialına malikdir. Texnologiyanın təkmilləşdirilməsi, zavodlar modernləşdirilməsi ilə açıq rəngli məhsullar və yüksək qiymətli kimya xammalı əldə oluna bilər. Emal kompleksində katalik krekinq, kokslaşdırma, hidrokrekinq güclərinin artırılması, təkrar emal proseslərinin genişləndirilməsi vacibdir.

Tədqiqatçı N.Əhmədov hesab edir ki, enerji təhlükəsizliyinin və ekoloji davamlılığın əsaslarının mineral yanacaqdan bərpa olunan enerji mənbələrinin üzərinə keçirilməsi neft-qaz resurslarından daha səmərəli və kompleks istifadə etməyə əlverişli şərait yaradacaqdır. Gələcəkdə ölkəmizdə qaz hasilatının daha da artacağı gözlənildiyindən, neft emalını daha da dərinləşdirmək və çıxım faizini yüksəltmək mümkündür. Ölkədə məhsul və proses innovasiyaları formasında texnoloji innovasiyalara çəkilən xərclərin artırılması zəruridir. Sənayedə elmi-tədqiqat və işləmələrə çəkilən xərclər olduqca aşağıdır. Mədənçıxarma sənayesi ilə yanaşı neft emalı və kimya sənayesində də texnoloji innovasiyalara ayrılan vəsait artırılmalıdır.

Sonra məruzəçi sualları cavablandırıb, mövzu ətrafında geniş müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: