Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

04.11.2021 10:48
  • A-
  • A
  • A+

“Tariximizin şanlı qəhrəmanlıq səhifəsi” adlı tədbir keçirilib

“Tariximizin şanlı qəhrəmanlıq səhifəsi” adlı tədbir keçirilib

AMEA-nın Folklor İnstitutunda “Tariximizin şanlı qəhrəmanlıq səhifəsi” adlı tədbir keçirilib.

Öncə vətən uğrunda canını fəda etmiş bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş nitqi ilə açan institutun direktoru, akademik Muxtar İmanov bildirib ki, 8 Noyabr - Zəfər Günü kimi bizim tariximizə qızıl hərflərlə yazılıb. O, Prezident İlham Əliyevin qələbədən sonrakı çıxışılarının hər bir kəsin əhval-ruhiyyəsinə, nitqinə, davranışına təsirindən söz açaraq deyib ki, 44 günlük Qarabağ savaşı xalqın itən ümidinin, azalmış qürurunun qayıtmasına səbəb olub.

Yığıncağa qonaq qismində dəvət edilən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin təşkilati məsələlər üzrə nümayəndəsi, Nəsimi rayon şöbəsinin sədri, Azərbaycan bayrağı ordenli, polkovnik Elmar Hüseynov çıxışında ötən əsrin 90-cı illərində Azərbaycan dövlətinin və ordusunun ağır sınaqlar yaşadığını görüş iştirakçılarının diqqətinə çatdırıb. O, Xüsusi təyinatlı polis dəstəsinin üzvü kimi 1990-cı ilin noyabr ayından Şuşa şəhərində başladığı hərbi xidmətdən, Xocalı aeroportunun düşməndən azad edilib Azərbaycanın tabeliyinə keçirilməsində döyüş yoldaşları ilə birgə göstərdikləri şücaətlərdən geniş söz açıb. E. Hüseynov Ağdam, Laçın, Şuşa ətrafı və Qubadlıdakı döyüş əməliyyatlarında fəal iştirak edib. O, eyni zamanda 1991-ci ildə Xanlar rayonu ərazisindəki Çaykənd əməliyyatının da  iştirakçısı olub. Veteran hərbçi çıxışı zamanı Azərbaycan dövlətinin bu gün orduya göstərdiyi qayğıdan bəhs edib.

Sonra tədbir iştirakçıları polkovnik E.Hüseynova suallar ünvanlayıblar.

Görüşün sonunda Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov qonağa xalq musiqisi ilə bağlı Folklor İnstitutunun buraxdığı diskləri təqdim edib və xatirə şəkilləri çəkilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: