AMEA-nın Radiasiya Problemləri İnstitutunda (RPİ) Qadınlar Şurası ilə birgə “8 Noyabr-Zəfər Günü”nə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin müqəddəs ruhları bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə giriş sözü ilə çıxış edən RPİ-nin icraçı direktoru və Qadınlar Şurasının sədri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Rəvan Mehdiyeva Müzəffər Ali Baş Komandanımızın uğurlu siyasəti və rəşadətli Azərbaycan Silahlı Qüvvələrinin qəhrəmanlığı sayəsində qazanılan tarixi zəfərdən söz açıb.
44 günlük Vətən müharibəsində ən müasir hərbi texnika və texnologiyalardan məharətlə istifadə edən Azərbaycan Ordusunun dünya hərb tarixində yeni səhifə yazdığını diqqətə çatdıran R.Mehdiyeva bu möhtəşəm qələbənin əldə edilməsində müasir hərbi biliklərə və döyüş bacarıqlarına sahib, vətənpərvər, qəhrəman Azərbaycan əsgəri və zabitlərinin mühüm pay sahibi olduğunu qeyd edib.
Azərbaycan Ordusunun Ermənistan üzərində qələbəsinin regionda sülhün, sabitliyin və inkişafın təmin olunmasında mühüm əhəmiyyət kəsb etdiyini vurğulayan R.Mehdiyeva bildirib ki, Vətən müharibəsində ordumuzun misilsiz qələbələri ilə yanaşı, ölkə rəhbərinin apardığı diplomatik mübarizə, dünyanın nüfuzlu media orqanlarına verdiyi müsahibələr də Azərbaycanın haqq səsini dünyaya çatdırıb. Həmçinin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın mənəvi dəstəyi və mühüm xidmətləri xalqımızda böyük ruh yüksəkliyi yaradıb.
Tədbirin sonunda Zəfər Gününə həsr edilən videoçarx nümayiş olunub və institutun foyesində sərgilənən zəfər stendlərinə baxış keçirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.