Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

11.11.2021 11:33
  • A-
  • A
  • A+

Akademik Rafael Hüseynov: “Bayrağa sevgi xalqımızın içində nəbz kimi çırpındıqca Azərbaycan da qüdrətli dövlətlərdən biri olaraq qalacaq”

Akademik Rafael Hüseynov: “Bayrağa sevgi xalqımızın içində nəbz kimi çırpındıqca Azərbaycan da qüdrətli dövlətlərdən biri olaraq qalacaq”

9 Noyabr – Dövlət Bayrağı Günündə AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov Azərbaycan Televiziyasının “Səhər Çağı” verilişinin qonağı olub.

Akademik R.Hüseynov Azərbaycanın üçrəngli bayrağının başımız üzərində ucalması, istiqlal içərisində olmağımız yolunda xalqımızın apardığı mübarizələrdən bəhs edib. Əlavə edib ki, Azərbaycan xalqı birinci ildönümünü qeyd etdiyimiz Zəfər Günündə Prezident, Ali Baş Komandan İlham Əliyevin bayrağımızı işğaldan azad olunmuş bölgələrimizdə ucaltması qürürunu yaşadı.

Şanlı bayrağımızın xalqımızın ən ali sərvəti olduğunu deyən R.Hüseynov bayrağımızın yaranma tarixi haqqında məlumat verib. Bildirib ki, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra iyun ayının 21-də onun əsas rəmzi olan bayraq haqqında hökumətin qərarı verildi. Bu bayraq ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan qırmızı rəngli dövlət bayrağı idi. Daha sonra Azərbaycan bayrağının dəyişməsi məsələsi qaldırıldı və 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı haqqında qərar qəbul edildi.

Akademikin sözlərinə görə, sonralar 70 il ərzində Azərbaycan bayrağı ürəklərdə dalğalanmaqda davam etdi. O, 1956-cı ildə Cahid Hilaloğlunun Qız Qalasında bayrağımızı dalğalandırması və bu səbəbdən 10 il həbs olunmasından söz açıb. Həmçinin 1969-cu ildə Azərbaycanın böyük alimi Xudu Məmmədovun xaricdən qayıdarkən bütün təhlükələri gözə alaraq özü ilə bayrağımızı Azərbaycana gətirməsindən bəhs edib. Qeyd edib ki, Sovet hakimiyyəti dövründə Azərbaycanda gizli fəaliyyət göstərən müxtəlif siyasi qurumlar Azərbaycan istiqlalını dirçəltmək və yaşatmaq, bayrağımızı ucaltmaq yolunda mübarizə aparıblar. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində ümummilli lider Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyada Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı muxtar respublikanın bayrağı kimi qəbul olunub.

R.Hüseynov vurğulayıb ki, Azərbaycan yenidən bərpa olunmuş müstəqilliyinin 30 illiyini başa vurdu: “Bu gün Azərbaycan xoşbəxtdir ki, bayrağımız bütün ölkəmiz boyu dalğalanır. İnanıram ki, bayrağımız bundan sonra da hər zaman ən ucalarda, könüllərdə və düşüncələrdə dalğalanmaqda davam edəcək və xalqımızın daxilindəki vətən, istiqlal eşqini daim gücləndirəcək”.

Akademik torpaqlarımızın işğaldan azad edilməsində ölkəmizdə son 20 il ərzində vətənpərvərlik ruhunda yetişmiş, müqəddəs amal uğrunda şəhid və qazi olmuş nəslin əvəzsiz rolu olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, Bayraq Gününü qəlbimizin bütün sevgisi ilə qeyd etməyimiz qazanılmış zəfərin xalqımıza bəxş etdiyi səadətlə bağlıdır.

“Bayrağa sevgi, onu ən ucalarda tutmaq duyğusu xalqımızın içində nəbz kimi çırpındıqca, bu duyğu var olduqca Azərbaycan da qüdrətli dövlətlərdən biri olaraq qalacaq”, - deyə akademik R.Hüseynov fikrini yekunlaşdırıb.

Verilişdə “Bənövşə” uşaq xoru tərəfindən akademik R.Hüseynovun şeirinə bəstələnmiş mahnı səsləndirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: