AMEA-nın Mərkəzi Nəbatat Bağında akademiya rəhbərliyinin göstərişinə əsasən həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işləri davam etdirilir.
Mərhələli şəkildə həyata keçirilən yenidənqurma işləri çərçivəsində Bağın fitodizayn cəhətdən zənginləşdirilməsi üçün buraya müxtəlif növ nadir dekorativ və meyvə ağacları əkilib.
Hazırda ərazinin kollardan və qurumuş ağaclardan təmizlənməsi tədbirləri sürətlə davam etdirilir. Bu gün ərzində Nəbatat Bağında 4000-ə yaxın ardıc, carilla, şam ağacı, Livan sidri və s. ağac növləri əkilib.
Payız fəslinin sonuna uyğun olaraq ağaclar yarpaqlarını tökdükdən sonra Bağın ərazisində bir sıra vacib aqrotexniki əməliyyatların yerinə yetirilməsi zərurəti yaranır. Vegetasiyanın sonunda yığılıb qalan zərərvericilər və xəstəlik törədiciləri yerə tökülən yarpaqların altında, quru budaqlarda qışlayaraq ağacların inkişafı üçün potensial təhlükə törədir. Bu məqsədlə Bağda payızın sonunda həyata keçirilən quru budaqların budanması, ağac diblərinin bellənməsi kimi aqrotexniki işlər növbəti mövsümdə ağacların sürətli inkişafı üçün münbit şərait yaradır.
Nəbatat Bağının landşaft dizaynının yaxşılaşdırılması, yaşıllaşdırma işlərinin genişləndirilməsi məqsədilə təcrübə sahələrində suvarma işləri aparılır, zəif inkişaf etmiş tinglər yenisi ilə əvəz edilir. Bununla yanaşı, Bağda yeni kolleksiya sahələrinin yaradılması, eyni zamanda xarici ölkələrdən kolleksiya nümunələrinin gətirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Mərkəzi Nəbatat Bağında işlərin keyfiyyətlə həyata keçirilməsi rəhbərlik tərəfindən daim nəzarətdə saxlanılır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.