Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

12.11.2021 17:20
  • A-
  • A
  • A+

Neft və Qaz İnstitutunun Elmi şurasının iclasında bir sıra məsələlər müzakirə olunub

Neft və Qaz İnstitutunun Elmi şurasının iclasında bir sıra məsələlər müzakirə olunub

AMEA-nın Neft və Qaz İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.

İnstitutun baş direktoru, akademik Fəxrəddin Qədirovun sədrlik etdiyi iclasda icraçı direktor, elmi katib, şura üzvləri, şöbə müdirləri və digər aidiyyəti şəxslərin iştirakı ilə bir sıra elmi-təşkilati məsələlər müzakirə olunub.

Əvvəlcə akademik Fəxrəddin Qədirov gündəlikdəki elmi-təşkilati məsələlər barədə məlumat verib. O, AMEA Rəyasət Heyətinin qərarlarının icrası və Neft və Qaz İnstitutunun Elmi şurasının yeni tərkibi haqqında fikirlərini bildirib.

Sonra elmi katib, y.e.ü.f.d. Şəlalə Hüseynova institutun elmi, elmi-təşkilati şöbələrinin və ictimai təşkilatlarının 2021-ci ildəki fəaliyyətləri haqqında hesabatların qrafikləri barədə məlumatı çatdırıb.

Daha sonra iclasda böyük elmi işçi, doktorant Samirə Məhərrəmovanın “Qazkondensat yataqlarının horizontal quyularla işlənilməsi prosesinin modelləşdirilməsi” mövzusunda çıxışı dinlənilib. Məruzəçi tərəfindən qazkondensat layının horizontal quyu ilə işlənilməsi prosesi modelləşdirilib və işlənilmənin effektivliyini təmin edən optimal konstruksiyanın seçilməsində zəruri olan geoloji, texniki və texnoloji amillərin quyunun hasilatına təsiri qiymətləndirilib. Tədqiqat çərçivəsində müəyyən edilib ki, horizontal lülənin layın hündürlüyü üzrə mərkəzi hissədə yerləşməsi onun həm qaz və həm də kondensata görə məhsuldarlığını, digər yerləşmə halları ilə müqayisədə, daha yüksək edir. Layın sahə üzrə keçiriciliyi ilə müqayisədə hündürlük üzrə keçiriciliyinin aşağı olması halında ona horizontal quyunun qazılması səmərəli hesab edilmir. Tədqiqat zamanı horizontal lülənin diametrinin onun lüləsinin optimal uzunluğuna təsiri qiymətləndirilib. Layın anizotropiya əmsalının texnoloji göstəricilərə təsiri qiymətləndirilib və horizontal quyunun maksimal debiti izotrop laylarda alınıb.

Məruzə dinlənildikdən sonra şura tərəfindən mövzunun aktuallığı qeyd edilməklə qoyulmuş məsələnin həllində bəzi anlaşılmazlıq olduğu vurğulanıb. Müzakirə zamanı çıxış edən AMEA-nın müxbir üzvü Qərib Calalov və t.ü.f.d. Bünyad Kazımov məruzədə qarşıya qoyulan məsələlərin həlli üçün doktorant və onun rəhbəri ilə birlikdə sual doğuran məsələlərə aydınlıq gətirilməsi tövsiyə edilib.

Daha sonra institutun icraçı direktoru, g-m.e.d Vaqif Qurbanov, g-m.e.d Namaz Yusubov və Fəxrəddin Kərimov məruzəyə öz münasibətlərini bildirərək təkliflərini irəli sürüblər. Sonda mövzunun yenidən işlənərək növbəti Elmi şuraların birində təqdim olunması tövsiyə edilib.

Sonda bir sıra cari məsələlərə baxılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: