Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) Ümumi yığıncağının növbəti onlayn iclası keçirilib.
Tədbirdə AMEA-nın həqiqi və müxbir üzvləri, FRTEB-in elmi müəssisələrinin baş direktorları və icraçı direktorları, elmi katibləri, təhsil, ictimaiyyətlə əlaqələr və beynəlxalq əlaqələr şöbələrinin rəhbərləri, eyni zamanda müvafiq dövlət qurumlarının, elm və ali təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər.
Öncə AMEA-nın vitse-prezidenti, FRTEB-in Ümumi yığıncağının sədri, akademik Rasim Əliquliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən, AMEA-nın müxbir üzvü, Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru Misir Mərdanovu “Vətənə xidmətə görə” 1-ci dərəcəli ordeni ilə təltif edilməsi, həmçinin AMEA-nın akademik-katibi, Fizika İnstitutunun baş direktoru, akademik Arif Həşimovun AMEA-nın birinci vitse-prezidenti seçilməsi münasibəti ilə FRTEB-in Ümumi yığıncağının iştirakçıları adından təbrik edib, hər iki görkəmli alimə cansağlığı və gələcək elmi-ictimai fəaliyyətlərində yeni nailiyətlər arzulayıb.
FRTEB-in Ümumi yığıncağının yekdilliklə qəbul etdiyi iclas gündəliyində yer alan ilk məsələ “Zülal aqreqatlarının parçalanması üzrə biofiziki tədqiqatlar: amiloid xəstəliklərinin müalicəsində yeni perspektivlər” mövzusunda elmi məruzə olub. Məruzəni təqdim edən Biofizika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Oktay Qasımov qeyd edib ki, İnstitutda aparılan tədqiqat işləri daima AMEA Rəyasət Heyətinin və FRTEB-in diqqət mərkəzində olub və Biofizika İnstitutunun qarşısında bir sıra mühüm vəzifələr, o cümlədən dünyəvi xarakter daşıyan xərçəng və neyrodegenerativ xəstəliklərin biofiziki üsullarla tədqiqi üzrə tapşırıqlar verilib.
Alim 2021-ci ildə AMEA-TÜBİTAK layihəsi çərçivəsində anti-xərçəng peptidləri üzrə nəzəri və eksperimental işlərin aparıldığı, xərçəng hüceyrələrinin məhv etmə mexanizmi üzrə mühüm nəticələrin əldə edildiyini vurğulayıb.
Neyrodegenerativ xəstəliklərin (Alzeymer, Parkinson, Prion və s.) əsasını təşkil edən zülal aqreqatlarının yaranma mexanizmi, kinetikası, ətraf mühit və s. faktorlardan asılılığına aid alınan nəticələrdən danışan məruzəçi vurğulayıb ki, zülal aqreqatlarının yaranması nəticəsində baş verən fəsadlar 40-a yaxın müxtəlif xəstəliklərdə müşahidə olunur və ona görə də müasir təbabətin ən mühüm problemlərindən biridir.
Onlayn tədbirdə çıxış edən akademik Rasim Əliquliyev AMEA-nın gənc elmi müəssisələrindən biri olan Biofizika İnstitutunun alim və mütəxəssisləri tərəfindən aparılan multidissiplinar tədqiqatları, beynəlxalq layihələrdə xarici həmkarları ilə birlikdə əldə etdikləri nailiyyətləri yüksək qiymətləndirib.
Məruzə ətrafında aparılan müzakirələrdə akademiklər – Fikrət Əliyev, Adil Qəribov, Yusif Məmmədov, Nazim Məmmədov, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev, Bakı Dövlət Universitetinin professorları Niftalı Qocayev və Rövşən Xəlilov çıxış edərək rəy və təkliflərini səsləndiriblər.
Sonra AMEA Rəyasət Heyətinin 1 oktyabr 2021-ci il tarixli “AMEA-nın və respublikanın digər elm və ali təhsil müəssisələrində 2021-ci ildə aparılmış elmi tədqiqat işlərinin yekunlarına dair hesabatlar haqqında” qərarından irəli gələn məsələlərdən danışan akademik Rasim Əliquliyev FRTEB-in elmi müəssisələrində keçiriləcək hesabat iclaslarının Rəyasət Heyəti tərəfindən təyin olunmuş qrafik və aidiyyəti üzrə dövlət, özəl, biznes sektorunun müxtəxəssislərinin, eləcə də ictimai təşkilatların nümayəndələrinin iştirakı ilə geniş müzakirə şəraitində təşkili barədə zəruri tövsiyələri səsləndirib.
Onlayn iclasın gündəliyinə əsasən, Avropa Komissiyasının dəstəyi, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun iştirakı ilə keçiriləcək “Şərq Tərəfdaşlığı ölkələri üçün E-infrastrukturlar 5-ci beynəlxalq konfransı”nın hazırlıq işləri barədə məlumat verən akademik Rasim Əliquliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Avropa İttifaqının Şərq Tərəşdaşlığı ilə əməkdaşlığa verdiyi önəmdən, Avropa İttifaqına üzv dövlətlərin Azərbaycanla strateji tərəfdaşlığından söz açıb. Bildirib ki, Azərbaycan bir çox istiqamətdə, o cümlədən innovasiyalar və texnoloji mübadilə sahəsində Şərq Tərəfdaşlığının fəal strateji tərəfdaş ölkəsidir. Alimin sözlərinə görə, İKT-nin cəmiyyətin müxtəlif sferalarına tətbiqi, Industry 4.0 platformasında e-elmin transformasiyası, virtual məkanın bir hissəsi kimi elm, e-təhsil, ümumiyyətlə, elmdə gedən transformasiyalar və dünyanın bu kimi mühüm elmi trendləri adıçəkilən mötəbər beynəlxalq konfransın əsas müzakirə istiqamətlərində öz əksini tapıb. Qeyd edək ki, “Şərq Tərəfdaşlığı ölkələri üçün E-infrastrukturlar 5-ci beynəlxalq konfransı”nda dünyanın 100-dən çox ölkəsini təmsil edən alim və mütəxəssislərin, qabaqcıl elmi mərkəzlərin nümayəndələrinin iştirakı gözlənilir.
AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev Rusiyada təşkil ediləcək “X Milli Superkompüter Forumu” çərçivəsində AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun həmtəşkilatçılığı ilə keçiriləcək “Elektron idarəetmədə bulud və paylanmış hesablama sistemləri” beynəlxalq konfransına hazırlıq məsələləri barədə də məlumat verib.
FRTEB-in Ümumi yığıncağı 35 yaşadək elmlər doktoru dissertasiyası müdafiə etmiş fizika elmləri doktoru Elçin Hüseynovun mükafata təqdim edilməsini müzakirə edib. Akademik Rasim Əliquliyev diqqətə çatdırıb ki, Elçin Hüseynov 2021-ci ildə ABŞ-ın Stenford Universitetinin tərtib etdiyi reytinq qiymətləndirmə siyahısında yer alıb. Həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu, AMEA və ICESCO-nun təşkilatçılığı ilə “Elmdə Zəfər mükafatı-2021” müsabiqəsində I yerin qalibi olub. 2014-cü ildə “İlin gənc alimi” fəxri adına layiq görülüb. AMEA-nın Fəxri fərmanı ilə təltif edilib. Bütün bu nailiyyətləri nəzərə alaraq, f.e.d. Elçin Hüseynovun mükafatlandırılması barədə AMEA Rəyasət Heyəti qarşısında vəsadət qaldırılıb.
Tədbirdə FRTEB-in Ümumi yığıncağı, həmçinin AMEA-nın müxbir üzvü İsmayil İsmayılovun 75 illik, Radiasiya Problemləri İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü İslam Mustafayevin 70 illik yubileyinin keçirilməsi haqqında müvafiq qərarlar qəbul edib.
Daha sonra Ümumi yığıncaqda akademik Lətif İmanovun 100 illiyinə həsr olunmuş “Molekulyar spektroskopiya” və akademik Məhəmmədəmin Şahtaxtınskinin 90 illiyinə həsr olunmuş “Kompozisiyalı quruluşlar fizikası” beynəlxalq konfranslarının keçirilməsi barədə təklif dəstəklənib.
Bununla yanaşı, fizika elmləri doktoru Hüseyn Orucovun, fizika üzrə fəlsəfə doktoru Nərmin İsmayılovanın və fizika elmləri doktoru Zakir Cahangirlinin həmmüəllifliyi ilə ərsəyə gələn “Kristal cisimlərin elektron strukturunun və dinamik xassələrinin tədqiqinin müasir metodları” monoqrafiyası nəşrə tövsiyə olunub.
Onlayn iclasda qəbul edilən digər bir qərara görə, AMEA-nın Fizika İnstitutunun böyük elmi işçisi Samirə Məmmədovanın “Türkiyə bursları” araşdırma proqramında qalib gələrək Ankara Yıldırım Beyazıt Universitetində elmi araşdırma aparmaq hüququ qazandığı üçün qardaş ölkəyə ezam edilməsi dəstəklənib.
AMEA-nın Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Elmi şurasının və “Azərbaycan astronomiya jurnalı”nın redaksiya heyətinin tərkibində qismən dəyişiklik edilməsi haqqında, eləcə də Fizika İnstitutuna 2020/21-ci tədris ili üçün məqsədli qəbul olunmuş fəlsəfə və elmlər doktoru hazırlığı üzrə doktorant və dissertantların Biofizika İnstitutuna keçirilməsi haqqında müvafiq qərarlar qəbul edilib.
Sonra FRTEB-in və onun elmi müəssisələrinin qarşısında duran müxtəlif cari məsələlərin həlli istiqamətində müzakirələr və fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.