Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

17.11.2021 14:10
  • A-
  • A
  • A+

Ədəbiyyat İnstitutunda “Nizami Gəncəvi sözünün orbitində” kitabının təqdimatı keçirilib

Ədəbiyyat İnstitutunda “Nizami Gəncəvi sözünün orbitində” kitabının təqdimatı keçirilib

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda AMEA-nın müxbir üzvü Azadə Rüstəmovanın “Nizami Gəncəvi sözünün orbitində” kitabının təqdimatı keçirilib.

Tədbiri AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli açaraq “Nizami Gəncəvi ili”ndə Azadə Rüstəmovanın rus dilində çap olunan bu kitabının böyük önəm daşıdığını bildirib. Akademik qeyd edib ki, nizamişünaslıq XX əsrin 30-cu illərindən inkişaf etməyə başlayıb. Buna da üç böyük qərarın təsiri olduğunu diqqətə çatdırıb. 1938-ci ildə verilən qərarla Nizami irsinin tərcümə və nəşri sahəsində canlanma olduğunu, nizamişünaslığın təməli qoyulduğunu vurğulayıb. İkinci qərarın ulu öndər Heydər Əliyev, üçüncünün isə cənab Prezident İlham Əliyev tərəfindən verildiyini və bu istiqamətdə xeyli işlər görüldüyünü əlavə edib. İ.Həbibbəyli 2021-ci ilin sonuna qədər Prezidentin Sərəncamına uyğun olaraq bu sahədə akademiyada qırx kitabın nəşr olunacağını deyib.

Akademik İsa Həbibbəyli belə sanballı nəşrlərdən birinin Azadə Rüstəmovanın “Nizami Gəncəvi sözünün orbitində” kitabı olduğunu bildirib. Eyni zamanda Azadə Rüstəmovanın iki böyük xidmətindən bəhs edib: “Onun birinci xidməti odur ki, o, 40-cı illərdən başlayan nizamişünaslığı mükəmməl sistemli elm səviyyəsinə qaldırıb. İkincisi isə nizamişünaslığın məktəbini yaratması, gələcək nizamişünaslar yetişdirməsidir. Bu kitab da elmi-nəzəri və azərbaycanşünaslıq baxımından çox önəmlidir. “Nizami Gəncəvi ili”nə Ədəbiyyat İnstitutunun hesabatıdır”.

Sonra filologiya üzrə fəlsəfə doktoru, dosent Zəhra Allahverdiyeva “Nizamişünaslıqda Azadə Rüstəmova mərhələsi” adlı məruzə edib.

Tədbirdə Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli çıxış edərək bildirib ki, mən çox fəxr edirəm ki, onun ilk aspirantı olmuşam. Azadə Rüstəmova klassik nizamişünaslığın son böyük nümayəndələrindən biridir.

Ədəbiyyat İnstitutunun XX əsr (Sovet dövrü) Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Şirindil Alışanlı, filologiya elmləri doktoru Ataəmi Mirzəyev və filologiya üzrə fəlsəfə doktoru, dosent Təhminə Bədəlova sözügedən kitab haqqında fikirlərini bölüşüblər.

Sonda Orta əsrlər Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru Fəridə Əzizova həm də Azadə Rüstəmovanın ailə üzvü kimi tədbirin təşkilatçılarına və çıxış edənlərə minnətdarlığını bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: