Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

23.11.2021 17:48
  • A-
  • A
  • A+

Vətən müharibəsi şəhidi polkovnik Babək Səmidliyə məxsus materiallar Tarix Muzeyində qorunur

Vətən müharibəsi şəhidi polkovnik Babək Səmidliyə məxsus materiallar Tarix Muzeyində qorunur

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin polkovniki, Vətən müharibəsi şəhidi Babək Səmidlinin ölümündən bir il ötür.

Şəhid Babək Səmidliyə məxsus materiallar hazırda AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fondunda qorunur.

Qeyd edək ki, Babək Mətləb oğlu Səmidli 1974-cü il yanvarın 7-də Göyçay şəhərində anadan olub. 1993-1997-ci illərdə Ankarada Quru Qoşunları Məktəbində təhsil alıb. 2005-ci ildə Almaniyada Corc Marşal adına Avropa təhlükəsizlik mərkəzində kurs keçib. Həmin il Hərbi polisin xüsusi təyinatlı taborunda komandir müavini vəzifəsinə təyin olunub. 2015-ci ildə 1-ci Ordu Korpusunun Əməliyyat bölməsinin rəisi vəzifəsinə təyin edilib.

Babək Səmidli 2016-cı ildə tarixə Aprel döyüşləri olaraq yazılan hərbi əməliyyatlar zamanı  Talış kəndi istiqamətində gedən döyüşlərdə iştirak edib. Cəbhənin Tərtər rayonu istiqamətində gedən döyüşlərin idarə edilməsi məhz ona həvalə olunub.

Azərbaycan Ordusunun yaranmasının 100 illiyi münasibətilə və qarşısına qoyulmuş tapşırıqları yerinə yetirən zaman fərqləndiyinə görə Prezident İlham Əliyevin 25 iyun 2018-ci il tarixli Sərəncamına əsasən, Babək Səmidli “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.

Babək Səmidli 2020-ci il sentyabrın 27-də Vətən müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Onun rəhbərliyi altında Suqovuşan qısa müddət ərzində işğaldan azad edilib. Noyabrın 23-də Babək Səmidli Suqovuşan ərazisində minaya düşüb və şəhid olub. Noyabrın 24-də Göyçay şəhərinin Şəhidlər xiyabanında dəfn olunub.

Babək Səmidli ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən,  Zəfər ordeni, Vətən uğrunda medalı, Suqovuşanın azad olunmasına görə medalı ilə təltif edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: