AMEA-nın İdarəetmə Sistemləri İnstitutunda (İSİ) I kurs magistrantlarla onlayn formatda görüş keçirilib.
İclası İSİ-nin icraçı direktoru, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov açaraq yüksəksəviyəli kadr potensialının inkişaf etdirilməsi baxımından magistratura pilləsinin önəminə toxunub. AMEA-da magistratura pilləsinin yaranma tarixindən, təhsil prosesinin keyfiyyətindən, o cümlədən İSİ-də magistrantlara göstərilən yüksək diqqət və qayğıdan bəhs edən Ə.Sadıqov əldə edilən uğurları və statistik göstəriciləri gənclərin diqqətinə çatdırıb.
2021/2022-ci tədris ili üzrə İSİ-də I kursda 7 olmaqla, ümumilikdə 11 magistrantın təhsil aldığını qeyd edən institutun Təhsil şöbəsinin müdiri, r.ü.f.d. Sevinc Quliyeva magistrantlar, təyin edilən elmi rəhbərlər və dissertasiya mövzuları barədə tədbir iştirakçılarına məlumat verib.
Tədbirin sonunda İSİ-nin baş direktoru, akademik Əli Abbasov institutda magistrantların təhsil almaları üçün yaradılmış şəraitdən bəhs edib, gənclərə elmi fəaliyyətləri ilə bağlı tövsiyələrini verib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.