Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

01.05.2025 11:57
  • A-
  • A
  • A+

“Kitab klubu” devizi altında gənclərlə görüş keçirilib

“Kitab klubu” devizi altında gənclərlə görüş keçirilib

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran Regional filialında Kürdəmir rayon Gənclər Evinin könüllüləri ilə birlikdə “Kitab klubu” devizi altında görüş və hərbi vətənpərvərlik mövzusunda yazılmış kitabların  müzakirəsi təşkil olunub.

Tədbirdə könüllülər muzeyin Aran Regional filialının direktoru filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızının 2016-cı ilin aprelində Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş, ölümündən sonra “Azərbaycan Bayrağı” Ordeninə layiq görülmüş Mİ-24 hərbi helikopterinin ekipaj üzvü, baş leytenant Əbu Bəkr İsmayılova həsr etdiyi "Hay ver mənə, cənab leytenant" kitabını müzakirə ediblər. Görüşdə şəhid Əbu Bəkr İsmayilovun anası Rəna İsmayılova da iştirak edib.

Müzakirə zamanı könüllülər kitabı dərin maraqla təhlil edib, şəhidin həyatından ilhamlandıqlarını bildiriblər. Könüllülər müəllifə və Rəna İsmayılovaya suallarını ünvanlayaraq kitabın ideya-məzmunu, qəhrəmanın xarakteri və döyüşdə göstərdiyi şücaət, döyüş yoldaşlarının xatirələri, ailəsinə, vətənə bağlılığı barədə diskussiya aparıblar.

Şəhid anası Rəna İsmayılova oğlunun kiçik yaşlarından Vətənə olan sevgisindən, Azərbaycan Bayrağına və digər dövlət atributlarına dəyər verməsindən, ailəsinə, dostlarına sədaqətindən, dürüstlüyündən, cəsarətindən gənclərə ürəkdolusu danışıb. Gənclər şəhid Əbu Bəkr İsmayilovun həyatının onlara nümunə olduğunu vurğulayıblar.

Kürdəmir rayon “Gənclər evi”nin dərnək rəhbəri Röya İbişova çıxış edərək bildirib ki, “Kitab klubu” devizi altında keçirilən görüşlər, vətənpərvərlik ruhunda müzakirələr, ədəbi söhbətlər gənc nəsildə vətənpərvərlik ruhunun, mütaliə mədəniyyətinin aşılanmasında, onlarda tariximizə və ədəbi irsimizə marağın artırılmasında mühüm rol oynayır. “Kitab klubu” çərçivəsində keçirilən bu tədbir, həm də şəhidlərin əziz xatirəsinə ehtiramın ifadəsidir.

Yaqut Bahadurqızı son dövrdə yazarların hərbi vətənpərvərlik mövzusuna tez-tez müraciət etdiyini deyərək, torpaqlarımızın müdafiəsi, müstəqilliyimiz və suverenliyimiz uğrunda canlarını fəda etmiş şəhidlərimizin şərəfinə yazılan əsərlər haqqında gənclərə məlumat verin. O, “Kitab klubu” devizi altında görüşü gənclərin ədəbi mühitə inteqrasiyası baxımından əhəmiyyətli təşəbbüs kimi dəyərləndirib.

Sonda “Kitab klubu”nun üzvlərinə nəşrlər hədiyyə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: