Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

02.12.2021 11:24
  • A-
  • A
  • A+

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Elmi şurasında hesabatların dinlənilməsi davam edir

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Elmi şurasında hesabatların dinlənilməsi davam edir

AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Elmi şurasında institutun şöbə və laboratoriyalar üzrə elmi və elmi - təşkilati hesabatların dinlənilməsi davam edib.

İclası AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Dilqəm Tağıyev açaraq qeyd edib ki, bu gün Kimyəvi və ekoloji proseslərin modelləşdirilməsi və texnologiyası, Nano- və elektrokataliz və Qeyri-üzvi funksional materiallar şöbələrinin hesabatları dinləniləcək. Qeyd olunan şöbələr üzrə 6 laboratoriyanın 2021-ci il üzrə apardıqları elmi-tədqiqat işləri, əldə olunan nəticələr, çap olunan məqalələr haqqında laboratoriya rəhbərlərinin, eləcə də baş və aparıcı elmi işçilərin məruzələri dinlənilib. Məruzələr ətrafında müzakirələr aparılıb.

Qeyd etmək lazımdır ki, cari ildə bu gün hesabat verən iki şöbənin apardıqları elmi-tədqiqat işləri nəticəsində mühüm elmi və praktiki nəticələr əldə olunub. Belə ki, Nano- və elektrokataliz şöbəsində kombinə edilmiş yolla sintez edilən Fe2O3 nazik təbəqələri əsasında Fe2O3/TiO2 nazik təbəqə şəkilli heterostrukturları yaradılıb və bu heterostrukturların fotoelektrokimyəvi xassələri tədqiq edilib. Müəyyən edilib ki, Fe2O3/TiO2 nazik təbəqəşəkilli heterostrukturları fotokatalitik xassələrə malikdir və onlar fotoelektronikada, fotoelektroliz prosesində model elektrod olaraq istifadə edilə bilər. Şöbədə digər istiqamət üzrə təbii polimer əsaslı xitozanın asetaldehidlə modifikasiyası və metil yodidlə kvaternizə-edilməsi həyata keçirilib və onun suda yaxşı həll olan modifikantları alınıb. Kvaternizə olunmuş nümunələrin iştirakı ilə Co2+, Cu2+ və Ni2+ ionlarının sorbsiyası öyrənilib və göstərilib ki, bu nümunələr yüksək sorbsiya xüsusiyyətlərinə malikdirlər. Eyni zamanda sorbsiya prosesinə mühitin pH-ı, sorbentin miqdarı, sorbsiya müddəti kimi müxtəlif parametrlərin təsiri tədqiq edilib və prosesin optimal variantı müəyyən edilib. Qeyd edək ki, detoksikasiya müalicəsi üsullarından biri olaraq enterosorbsiya son illərdə klinik təcrübədə geniş yayılıb. Dərman tətbiqinə əsaslanan ənənəvi müalicə üsullarından fərqli olaraq, enterosorbsiya insan orqanizminin daxili mühitini sorbsiya terapiyasından istifadə edərək toksiki maddələrdən aktiv şəkildə təmizləməyə imkan verir. Bir çox enterosorbent arasında  təbii molekul və onların törəmələri əsasında olan preparatlar maraq doğurur. Bunlardan biri özünə məxsus fiziki-kimyəvi, bioloji, ekoloji və fizioloji xüsusiyyətlərinə, o cümlədən, biouyğunlaşmaya, bioloji parçalanmaya, təbii mühitdəki stabilliyə, qeyri-toksikliyə, yüksək bioloji aktivliyə görə praktik tibbdə fəal şəkildə istifadə olunan xitozandır. Buna görə də, şöbədə aparılan tədqiqatlar mühüm tətbiq perspektivinə malikdir.

Qeyri-üzvi funksional materiallar şöbəsində də, cari ildə respublika əhəmiyyətli elmi-tədqiqat işləri aparılıb. Qeyd edək ki, Hidrotexniki qurğular (HQ) dünya ölkələrinin iqtisadiyyatında mühüm rol oynamaqla yanaşı həm də böyük təhlüklə mənbələridir. HQ-də potensial qəza səbəblərindən biri bu qurğuların (SES-lər, su anbarları, estakadalar, körpülər və s.) korroziya nəticəsində dağılıb sıradan çıxmalarıdır. Ona görə də qeyd olunan qəzaların baş verməməsi üçün mütəmadi olaraq HQ-in korroziya vəziyyətinin monitoringi aparılmalı və belə bir təklükənin yarana biləcəyi halda qabaqlayıcı tədbirlər görülməlidir.

Bu işlərin respublika əhəmiyyətli olduğunu nəzərə alaraq AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya  İnstitutu ilə “Azərenerji ASC “Şəmkir SES MMC arasında “Şəmkir və Yenikənd SES-lərin HQ-də olan metal avadanlıqların atmosfer və su mühitlərində korroziya davamlılığının tədqiqinə” dair müqavilə bağlanıb, bir sıra nəticələr əldə edilib. Belə ki, Taxtakörpü SES-in su anbarının hidrotexniki qurğularının istismarı şəraitində aparılan korroziya sınaqları başa çatdırılıb, anbarda suyun kimyəvi analizi aparılıb. Bir il müddətində suda və su anbarının atmosferində aparılan korroziya sınaqları nəticəsində məlum olub ki, poladın korroziya sürəti suyun temperaturundan asılı olub mövsümi xarakter daşıyır, yəni yaz-yay aylarında nisbətən yüksək, payız-qış aylarında isə nisbətən kiçik sürətlə korroziyaya uğrayır (0,04q/m2.saat). Atmosfer şəraitində isə polad kiçik sürətlə korroziyaya uğrayır (0,006 q/m2.saat). SES-lərdə geniş istifadə olunan misin, latunun, alüminiumun dinamik şəraitdə aparılan laboratoriya sınaqları nəticəsində məlum olub ki, mis və latun qeyd olunan sularda çox kiçik, (0,001-0,002 q/m2.saat) alüminium isə daha yüksək sürətlə korroziyaya uğrayırlar (0,03 q/m2.saat).

Sonda akademik Dilqəm Tağıyev bildirib ki, növbəti ildə prioritet istiqamətlər üzrə innovativ işlərə üstünlük verilməli, eyni zamanda fundamental işlər davam etdirilməlidir. Alim vurğulayıb ki, növbəti illərdə institutda hidrogenin energetikası, ekoloji təmiz hidrogenin irimiqyaslı istehsalı, akkumulyasiyası/saxlanması və nəqli məsələlərinin həlli istiqamətində fundamental və tətbiqi xarakterli tədqiqat işləri aparılacaq. Sonda  qeyd olunan şöbələrin hesabatlarının qəbul olunması haqqında qərar qəbul edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: