AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.
İclası açan institutun baş direktoru, AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova Hüceyrənin membran sistemləri laboratoriyasının müdiri biologiya elmləri doktoru, professor Səftər Süleymanovu 70 illik yubileyi münasibətilə kollektiv adından təbrik edib, ona fəxri fərman təqdim edib. İclasda iştirak edən Botanika İnstitutunun baş direktoru, professor Səyyarə İbadullayeva, Mərkəzi Nəbatat bağının baş direktoru Natiq Allahverdiyev rəhbərlik etdikləri müəssisələrin kollektivi adından yubilyarı təbrik ediblər.
İclasda Hesablama struktur biologiyası beynəlxalq laboratoriyasının, Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin illik hesabatları dinlənilib. Bitki biotexnologiyası laboratoriyasının müdiri Tofiq Qaragözov “Hüceyrə və molekulyar biotexnologiyalar yolu ilə kənd təsərrüfatı, insan sağlamlığı, sənaye, təbii ekosistemlərin qorunması və səmərəli istifadəsi problemlərinin həlli yollarının araşdırılması”, Bioinformatika laboratoriyasının müdiri AMEA-nın müxbir üzvü İlham Şahmuradov “İnsan, bəzi heyvan və bitki genomlarının funksional təşkilinin tədqiqi”, Hesablama struktur biologiyası beynəlxalq laboratoriyasının müdiri Qərib Mürşüdov “Makromolekulların üçölçülü quruluş modellərinin statistik analizi və validasiyası” mövzuları ətrafında 2021-ci ildə yerinə yetirilən elmi-tədqiqat işləri, konfrans və seminarlarda iştirak, əldə edilən mühüm nəticələr, çap işləri, kadr hazırlığı haqqında ətraflı məlumat veriblər.
Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Minaxanım Əliyeva institutun imbb.az saytına cari ildə ölkələr və aylar üzrə baxış sayı, saytın xəbərlər bölməsində yerləşdirilən məlumatların statistikası, institutun fəaliyyətinin kütləvi informasiya vasitələrində işıqlandırılması haqqında məlumatları şura üzvlərinin diqqətinə çatdırıb.
Hesabatlar ətrafında geniş müzakirələr aparılıb və hesabatların qəbul olunması haqqında qərar qəbul edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.