Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

03.12.2021 10:42
  • A-
  • A
  • A+

AMEA əməkdaşları Belarusda keçirilən tədbirdə iştirak ediblər

AMEA əməkdaşları Belarusda keçirilən tədbirdə iştirak ediblər

23-27 noyabr 2021-ci il tarixlərində AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun baş direktoru, akademik Əli Abbasov, Neft və Qaz İnstitutunun baş direktoru, akademik Fəxrəddin Qədirov, İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev, “AMEA Yüksək Texnologiyalar Parkı” MMC-nin icraçı direktoru Zaur Nəhmətov, Ədəbiyyat İnstitutunun baş direktorunun köməkçisi Pənah Hacıyev, İdarəetmə Sistemləri İnstitutunun Beynəlxalq əlaqələr və innovasiya şöbəsinin müdiri, t.ü.f.d. Tofiq Babayev və həmin institutun laboratoriya müdiri, r.ü.f.d. Ədalət Paşayev Belarusun paytaxtı Minsk şəhərində keçirilmiş MDB-yə üzv dövlətlərin alimlərinin III Forumunda iştirak ediblər.

Tədbirin plenar iclasında Azərbaycan nümayəndə heyətinin rəhbəri akademik Əli Abbasov çıxış edərək dəvətə görə Belarus Milli Elmlər Akademiyasına minnətdarlığını bildirib. Akademik Azərbaycan Milli Elmlər Akademiyasının ölkə sənayesinin müxtəlif sahələrinin formalaşması və inkişafı, Azərbaycan xalqının tarixinin və fəlsəfi fikrinin öyrənilməsi, Azərbaycan dilinin qorunub saxlanılması, inkişafı və s. istiqamətlərdə önəmini vurğulayıb.

Akademik çıxışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə elmin inkişafı, elmi-texniki potensialın gücləndirilməsi, yüksək ixtisaslı elmi kadrların hazırlanması və alimlərin cəmiyyətdə rolunun artırılması istiqamətində həyata keçirilən əsaslı tədbirləri qeyd edib. Ə.Abbasov Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən “Azərbaycan Respublikasında 2020-2025-ci illərdə AMEA-nın inkişafı proqramı” üzrə planlaşdırılan işlərdən, o cümlədən elmi tədqiqatların prioritet istiqamətləri, innovativ inkişaf, gənc alimlərin hazırlanması, elm və texnologiyaların inkişafında dövlət və özəl şirkətlərin əməkdaşlığından söz açıb.

Əli Abbasov, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının MDB və Baltikyanı ölkələrin, ABŞ-ın, Yaponiyanın, İsrailin və s. ölkələrin aparıcı elm və təhsil ocaqları ilə elm və texnologiyanın prioritet sahələrində birgə layihələrin hazırlanması və həyata keçirilməsi, informasiya və təcrübə mübadiləsi, kadr hazırlığı və birgə tədbirlərin təşkili istiqamətində əməkdaşlığından bəhs edib.

Dəyirmi masada İdarəetmə Sistemləri İnstitutunun baş direktoru, akademik Əli Abbasov, AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev, İdarəetmə Sistemləri İnstitutunun əməkdaşları t.ü.f.d. Tofiq Babayev və dosent Ədalət Paşayev iştirak ediblər.

Akademik Əli Abbasov “Rəqəmsal ipək yolu layihəsi çərçivəsində qlobal təbiət problemlərinin həllində MDB ölkələrinin elmi-texniki əməkdaşlığı” (‹‹Научно-техническое сотрудничество стран СНГ в решении глобальных проблем природы в рамках проекта Цифрового шелкового пути››) mövzusunda təqdimatla çıxış edib.

Ə.Abbasov çıxışında qlobal xarakterli problemlərin həlli üçün Rəqəmsal İpək Yolu çərçivəsində MDB ölkələrinin elmi-texniki əməkdaşlığı sahəsində aparılan tədqiqatların nəticələrini iştirakçıların diqqətinə çatdırıb.

Akademik Rəqəmsal İpək Yolunun elmi proqramında uğurlu iştirakın əsas şərti olaraq ölkənin qanunvericilik tənzimləməsi daxil olmaqla informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində, elmi-texniki həm də istehsal-iqtisadi baxımdan potensialı və inkişaf səviyyəsinin mühüm olduğunu vurğulayıb.

Məruzəçi Azərbaycanda informasiya infrastrukturunun inkişaf səviyyəsini, o cümlədən internet, kosmik texnologiyalar, transmilli informasiya kanalları, data mərkəzlər, hesablama sistemləri və s. haqqında dinləyicilərə məlumat verib.

Alim sonda layihənin əsas mahiyyətini - BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində AMEA-nın MDB və digər region ölkələrinin elmi-texniki və bilik potensialını cəmləşdirərək qlobal təbiət problemlərinin həllinə yönəldilməsi təklifini dinləyicilərə çatdırıb.

Tədbir çərçivəsində İdarəetmə Sistemləri İnstitutunun nümayəndələri Minskdə Belarus Milli Elmlər Akademiyasının Birləşmiş Maşınqayırma İnstitutunda görüşlər keçirib və əməkdaşlıq barəsində ikitərəfli müqavilə imzalanıb. İnstitutunun nümayəndələri, həmçinin Belarus Respublikasının Tətbiqi Proqram Sistemləri İnstitutunda görüşlər keçirib. 27-29 oktyabr Bakı şəhərində keçirilmiş Şərq-Qərb nəqliyyat dəhlizində logistika, idarəetmə və istismar problemləri konfransının vacibliyi və müvəffəqiyyətlə keçirilməsi qeyd edilib və Tətbiqi Proqram Sistemləri İnstitutun da konfransın dəyirmi masasında aktiv iştirakı qeyd edilib. İki müəssisə arasında əməkdaşlıq Memorandumu imzalanıb. Bundan başqa AMEA əməkdaşları Belarus Dövlət İnformatika və Elektronika Universitetində görüşlər keçirib və İdarəetmə Sistemləri İnstitutu və universitet arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Memorandumda elm, təhsil və iki müəssisə üçün əhəmiyyət kəsb edən digər sahələrdə geniş əməkdaşlığın həyata keçirilmələri nəzərdə tutulub.

Noyabr ayının 26-da MDB İcra Komitəsinin binasında Forumun bağlanış tədbiri keçirilib və akademik Əli Abbasov həmin tədbirdə çıxış edib.

Əli Abbasov çıxışında MDB-yə üzv olan ölkələrin akademik strukturları və Beynəlxalq Elmlər Akademiyaları Assosiasiyası (MAAM) ilə yeni inkişaf mərhələsində olan əlaqələrin qurulmasının böyük əhəmiyyətini qeyd edib. O, həmçinin qarşılıqlı milli maraq kəsb edən müxtəlif elmi sahələrdə birgə layihələrin və tədqiqatların aparılmasını, eləcə də elmi-tədqiqat müəssisələrilə birgə beynəlxalq elmi tədbirlərin keçirilməsi və birbaşa əməkdaşlığın vacibliyini vurğulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: