Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” kitabı işıq üzü görüb
06.12.2021 12:14
  • A-
  • A
  • A+

“Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” kitabı işıq üzü görüb

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru, professor Nadir Məmmədlinin “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” kitabı çap olunub.

Kitabın elmi redaktoru akademik Nizami Cəfərov, məsləəhətçi akademik Möhsün Nağısoylu, rəyçilər professor Fərrux Rüstəmov, filologiya elmləri doktoru, professor Rüfət Rüstəmov, filologiya elmləri doktoru Lalə Əlizadə, filologiya üzrə fəlsəfə doktorları Salatın Əhmədova və Akif Hacıyevdir.

İstənilən peşəkar fəaliyyət ünsiyyət, xüsusilə işgüzar ünsiyyətin əməli fəaliyyətə, təcrübəyə tətbiqi ilə bağlıdır. Bu gün işgüzar ünsiyyət insanların ictimai həyatının bütün sahələrinə fəal nüfuz edir. Bu fənn tətbiqi xarakter daşıyır və bir sıra fundamental elmi araşdırmaların nəticələrinə əsaslanır, işgüzar ünsiyyət nəzəriyyəsi və təcrübəsi etika, ümumi və sosial psixologiya, nitq mədəniyyəti və sair sahələri əhatə edir. Ümumiyyətlə, kommunikasiya universal mexanizmlərlə ünsiyyətin strukturunu və elmi-informasiya mübadiləsinin qanunauyğunluğunu öyrənir.

Əsərin birinci fəsli “İşgüzar kommunikasiya” adlanır. Burada işgüzar kommunikasiyanın verbal və qeyri-verbal formaları, işgüzar ünsiyyətdə danışmaq və dinləmək bacarığı, onlayn işgüzar kommunikasiya, işgüzar kommunikasiyanın norma və prinsipləri araşdırılıb.

“Akademik kommunikasiya” adlanan ikinci fəsildə şifahi və yazılı akademik kommunikasiya, akademik yazı qaydaları, tələbələrdə tədqiqatçılıq qabiliyyətinin formalaşdırılması məsələləri təhlil edilib.

Üçüncü fəsil “İşgüzar və akademik kommunikasiyada nitq mədəniyyəti. Punktuasiya problemi” adlanır. Burada mədəniyyyət anlayışı, nitq mədəniyyəti konsepsiyası, norma və variantlılıq, durğu işarələri haqqında geniş məlumat öz əksini tapıb.

Dördüncü fəsildə “Azərbaycan dilinin funksional üslubları”nın dildəki funksiyasından bəhs edilir.

“Elm və Təhsil” nəşriyyatında çap olunan kitabdan bütün ali məktəblərin bakalavr pilləsinin tələbələri istifadə edə bilərlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: