Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

07.12.2021 11:58
  • A-
  • A
  • A+

Şamaxıda “İşğaldan azad olunmuş ərazilərin innovativ iqtisadi inkişaf imkanları” mövzusunda konfrans keçirilib

Şamaxıda “İşğaldan azad olunmuş ərazilərin innovativ iqtisadi inkişaf imkanları” mövzusunda konfrans keçirilib

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, ADA Universiteti və AMEA-nın İqtisadiyyat İnstitutunun təşkilatçılığı ilə Dövlət Vergi Xidmətinin Şamaxıdakı Tədris Mərkəzində “İşğaldan azad olunmuş ərazilərin innovativ iqtisadi inkişaf imkanları” mövzusunda konfrans keçirilib.

Məqsəd Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Qarabağda uğurla aparılan yeni iqtisadiyyat quruculuğuna elmi dəstəyi davam etdirməkdir.

Konfransda Azərbaycan Milli Elmlər Akademiyası, İqtisadiyyat Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Statistika Komitəsi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət agentliyi (ASAN Xidmət), Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan İqtisadçılar İttifaqı, Auditorlar Palatası və Şamaxı rayonu İcra hakimiyyəti nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə AMEA-nın İqtisadiyyat İnstitutunun baş direktoru, professor Nazim İmanov açaraq Azərbaycan iqtisadiyyatının innovativ iqtisadi inkişaf imkanlarından, bu sahədəki reallıqlardan, Qarabağda yeni iqtisadiyyat quruculuğu prosesindən danışıb. İşğaldan azad olunmuş ərazilərdə iqtisadiyyatın sıfırdan qurulmasının burada hər şeyi yenidən qurmaq və innovasiya mühiti formalaşdırmaq baxımından yaxşı imkan olduğunu, Qarabağda innovativ iqtisadi inkişafın aktuallığını qeyd edib. Bildirib ki, bu elmi-praktik konfrans İqtisadiyyat İnstitutunun Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin sifarişi ilə yerinə yetirdiyi “Azərbaycanın post-konflikt ərazilərində iqtisadi potensialın qiymətləndirilməsi və müqayisəli üstünlük sahələrinin seçilməsi” mövzusunda kompleks tədqiqat çərçivəsində keçirilir.

Sonra İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov, Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin rəhbəri Mirəli Kazımov açılış nitqi ilə çıxış ediblər.

Sahib Ələkbərov işğaldan azad olunmuş ərazilərdə dövlətin indiyədək həyata keçirdiyi layihələrdən, yenidənqurma və bərpa işlərindən, gələcək iqtisadiyyat quruculuğundan, regionun investisiya imkanlarından, nəzərdə tutulan dövlət dəstəyi tədbirlərindən, təşviq mexanizmlərindən danışıb. Bildirib ki, təkcə bu il işğaldan azad olunmuş ərazilərin bərpasına dövlət büdcəsindən 2,2 mlrd. manat vəsait ayrılıb və gələn il də ən azı eyni məbləğdə vəsait nəzərdə tutulur. Gələcəkdə bu məbləğin artırılacağı, habelə özəl sektor tərəfindən ayrılacaq vəsaitləri və xarici investisiyaları da bura əlavə etsək, investisiyaların daha çox olacağı gözlənilir. Qarabağdakı sənaye parklarında yalnız innovativ texnologiyalara əsaslanan sənaye sahələri fəaliyyət göstərəcək. Onlara böyük vergi güzəştləri verilə bilər. İşğaldan azad edilmiş ərazilərində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı İqtisadiyyat Nazirliyinə 900-dən çox müraciət daxil olub ki, onun da üçdə birini xarici şirkətlər təşkil edir. Burada fəaliyyət göstərəcək sahibkarlıq subyektlərinə vergi güzəştləri və tətillərinin, habelə sosial sığorta üzrə güzəştlərin verilməsi ilə bağlı təkliflər hazırlanır.

Sahib Ələkbərov qeyd edib ki, işğaldan azad edilmiş ərazilərin potensialı və coğrafi şəraiti nəzərə alınaraq, bir sıra xidmətlər üzrə yeni iqtisadi drayverlər ixtisaslaşa bilər: “Kəlbəcər rayonu əsasən hasilat sənayesi və sağlamlıq turizmi, Ağdam rayonu emal sənayesi, Şuşa şəhəri mədəniyyət və turizm sənayesi, Cəbrayıl rayonu ticarət-logistika xidməti, Qubadlı, Zəngilan, Laçın, Füzuli və Xocavənd rayonları isə kənd təsərrüfatı sahəsi üzrə yeni iqtisadi drayverlər kimi ixtisaslaşa bilər”.

Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov rayonda həyata keçirilən innovativ layihələrdən, vətəndaşların yerli icra hakimiyyəti strukturlarına elektron müraciət portalından danışıb, yerli idarəetmə təcrübəsini bölüşüb.

Sonra konfransda məruzələr dinlənilib. Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov “Ağdam rayonunda innovativ iqtisadiyyat: praktik işlər və yaxın gələcək üçün perspektivlər”, AMEA-nın birinci vitse-prezidenti v.i.e., akademik Arif Həşimov “İnnovativ iqtisadiyyat və elmin təşkili sistemində islahatlar”, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov “Potensial repatriantların “ağıllı şəhər”, “ağıllı kənd”, “ağıllı iqtisadiyyat” mühitində yaşayışa hazırlanması məsələləri”, Milli Məclisin deputatı, Azərbaycan İqtisadçılar İttifaqının sədri, akademik Ziyad Səmədzadə “Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında rəqabətə davamlı sənaye potensialının yaradılması haqqında”, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, t.e.d., professor Mustafa Babanlı “İnnovativ iqtisadiyyat və innovativ insan” mövzusunda çıxış ediblər.

Habelə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirinin müşaviri Rəşad Həsənov “Post-konflikt dövrdə innovativ texnologiyaların yenidənqurma və inkişafda rolu”,  Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədr müavini Yusif Yusifov “Azərbaycanda iqtisadiyyatın innovativlik səviyyəsinin ölçülməsi sahəsində problemlər və onların həlli yolları”, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət agentliyinin sədr müavini Ceyhun Salmanov “İnnovativ məhsul və xidmətlər istehsalının təşviqi mexanizmləri”, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin direktoru, i.f.d. Firdovsi Fikrətzadə “Qarabağın kənd təsərrüfatında innovativ texnologiyalarda istifadə perspektivləri”, AMEA-nın İqtisadiyyat İnstitutunun icraçı direktor v.i.e., i.f.d., dosent Allahyar Muradovun “İnnovativ iqtisadi inkişafın “mühit çərçivəsi” mövzusunda məruzələri dinlənilib.

Konfrans çıxışlar və müzakirələrlə davam etdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: