Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunun (GGİ) Elmi şurasının növbəti iclası keçirilib.
Tədbirdə Elmi şuranın üzvləri, şöbə müdirləri, doktorant və dissertantlar, magistr və magistrantlar iştirak ediblər.
İclası giriş sözü ilə açan institutun baş direktoru akademik Akif Əlizadə hər il sentyabrın 27-nin Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edildiyini diqqətə çatdırıb, Vətən torpaqlarının işğalı dövründə və işğaldan azad edildiyi zaman şəhid olmuş övladlarımızın fədakarlığından danışıb.
Sonra Vətən yolunda canından keçmiş igid hərbçilərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Akademik A.Əlizadə daha sonra y.e.ü.e.d. Qulam Babayevi, y.e.ü.f.d. Şəfəq Bayramovanı, y.e.ü.f.d. Səadət Ələkbərovanı yubileyləri münasibətilə, eləcə də Filiz-maqmatik sistemləri və minerageniya şöbəsinin işçisi Tellər Qədirovanı y.e.ü.f.d. alimlik dərəcəsi diplomu aldığı üçün institut kollektivi adından təbrik edib, xoş arzularını çatdırıb.
Akademik Akif Əlizadə AMEA-nın 80-illik yubileyinə hazırlıqla bağlı imzaladığı əmrin icrasının gedişatı haqqında məlumat verib və bir sıra yeni tapşırıqlar da səsləndirib.
Elmi şura iclasının sonrakı mərhələsində ETİ-nin yerinə yetirilməsi müzakirə edilib. Qoyulmuş məsələyə uyğun olaraq “Şərqi Paratetisin oliqosen-miosendə paleocoğrafi şəraiti və qəziyyələr stratiqrafiyası” (2023–2025) barədə y.e.ü.f.d. Şəfəq Bayramovanın məruzəsi dinlənilib.
UNESCO-nun Dünya İrsi çərçivəsində Azərbaycanda geoparkların yaradılması ilə bağlı görülən işlər haqqında AMEA-nın müxbir üzvü Tələt Kəngərli, İtaliya Milli Tədqiqatlar Şurası (CNR) proqramı çərçivəsində aparılan tədqiqat işlərinin vəziyyəti barədə y.e.ü.e.d. Qulam Babayev, Geologiya və Geofizika İnstitutunun Massaçusets Texnologiya İnstitutu ilə birgə apardığı elmi tədqiqatlar y.e.ü.f.d. Rafiq Səfərov, Milli məlumat mərkəzində (CTBTO) yerinə yetirilən işlərin gedişatı haqqında y.e.ü.e.d. Q.Babayev və y.e.ü.f.d. R. Səfərov, GGİ-nin doktoranturasına və dissertanturasına qəbul haqqında y.e.ü.f.d. S.Ələkbərova çıxış edib. Hesabatla çıxış edənlər iclas iştirakçılarının suallarını cavablandırandan sonra akademik Akif Əlizadə institutun strukturunda qismən dəyişikliklər haqqında danışıb. Bildirib ki, GGİ-də “İzotop-geokimyəvi tədqiqatlar” laboratoriyası yaradılır. Yeni laboratoriyaya gənc alim, Rusiyanın Dubna şəhərində yerləşən Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda 9 il ərzində elmi fəaliyyətlə məşğul olmuş GGİ-nin Yerin radioaktiv sahələri şöbəsinin mühəndisi Fuad Əliyev rəhbərlik edəcək.
Sonda bir sıra cari məsələlərə baxılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.