Fizika İnstitutunun Kristallofizika laboratoriyasının rəhbəri, fizika-riyaziyyat elmləri doktoru, professor Elmira Kərimova dekabrın 4-də ömrünün 80-ci ilində vəfat edib.
Elmira Kərimova 1941-ci il dekabrın 31-də Goranboy rayonunun Qızılhacılı kəndində ziyalı ailəsində anadan oub. O, 1958-ci ildə orta məktəbi gümüş medalla bitirib. Həmin il Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Fizika fakültəsinə daxil olub, 1963-cü ildə universiteti müvəffəqiyyətlə başa vurub. Elmira Kərimova universitetdə təhsil aldığı dövrdə öz əməkseverliyi və məqsədyönlülüyü ilə digər tələbələrdən seçilib.
O, əmək fəaliyyətinə Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) Fizika kafedrasında başlayıb və iki il burada pedaqoji işlə məşğul olub. Elmira Kərimovanın elmə və tədqiqatçılığa olan marağı onu AMEA-nın Fizika İnstitutunun aspiranturasına gətirib çıxarıb. Aspiranturada təhsil aldığı dövrdə o, böyük həvəs və əzmkarlıqla çalışıb, mürəkkəb yarımkeçirici birləşmələrin alınma texnologiyası və tədqiqatları sahəsində dəyərli nəticələr əldə edib. Bu mühüm nəticələr nüfuzlu elmi jurnallarda çap olunub. Gənc tədqiqatçı 1970-ci ildə namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək, fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsini alıb.
Elmira Kərimova bununla kifayətlənməyərək öz elmi axtarışlarını davam etdirib və 1992-ci ildə Ukraynanın Çernivtsi şəhərində doktorluq dissertasiyasını müdafiə edib. “Kiçik ölçülü yarımkeçirici materiallarının fiziki xassələri” mövzusunda doktorluq dissertasiyasına keçmiş ittifaqda məşhur olan fizikaçı alimlər böyük qiymət vermişdilər.
Tanınmış alim 1993-cü ildən etibarən Fizika İnstitutunda Kristallofizika laboratoriyasına rəhbərlik edib, burada əsasən zəncirvari və laylı quruluşa malik mürəkkəb (halkogenli) yarımkeçiricilərin sintezi və monokristalların göyərdilməsi texnologiyasının işlənib hazırlanması, xarici faktorların təsiri altında fiziki xassələrin tədqiqi istiqamətində araşdırmalar aparılıb. Onun rəhbərliyi altında laboratoriyanın əməkdaşları tərəfindən sintez edilən müxtəlif fiziki xassələrə malik yarımkeçirici maddələr və onların əsasında hazırlanan müxtəlif təyinatlı cihazlar, qurğular müasir həyatın bütün sahələrinə uğurla tətbiq olunub. Laboratoriyada alınan elmi nəticələr bir sıra tanınmış alimlər tərəfindən yüksək dəyərləndirilib.
Məhsuldar ixtiraçı alimin apardığı elmi-tədqiqat işlərinin nəticələri bir sıra tanınmış xarici və yerli jurnallarda dərc olunub. Alim 582 elmi məqalənin, 16-dan çox müəlliflik şəhadətnaməsinin və patentin, “Kiçik ölçülü halkogenidlərin kristallofizikası” monoqrafiyasının müəllifi idi. O, aldığı elmi nəticələrlə bir sıra xarici ölkələrdə keçirilən beynəlxalq konfranslara qatılaraq ixtisasçı alimlərin böyük marağına səbəb olub, onun işlərinə bir sıra istinadlar edilib.
Elmira Kərimova yüksəkixtisaslı kadr hazırlığı sahəsinə də böyük diqqət yetirib. Belə ki, o, 3 elmlər doktorunun dissertasiya işinin məsləhətçisi olub və bir neçə fəlsəfə doktoru yetişdirib.
Alimin doğmalarına, əzizlərinə, onu tanıyanlara, sevənlərə dərin hüznlə başsağlığı verir, onlara uca tanrıdan səbr diləyirik. Bütün mənalı ömrünü elmin inkişafına həsr edən fedakar alim, ziyalı, qayğıkeş və gözəl insan Elmira Kərimovanın xatirəsi onu tanıyanların, sevənlərin qəlbində daim yaşayacaqdır.
Allah rəhmət eləsin!
AMEA Rəyasət Heyətinin üzvləri:
Ramiz Mehdiyev
Arif Həşimov
İsa Həbibbəyli
Dilqəm Tağıyev
İbrahim Quliyev
Nərgiz Paşayeva
Rasim Əliquliyev
Tofiq Nağıyev
İradə Hüseynova
Cəmil Əliyev
Gövhər Baxşəliyeva
Adil Qəribov
Fikrət Əliyev
İsmayıl Hacıyev
Fuad Əliyev
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.