AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının əməkdaşları müasir Azərbaycan Respublikasının memarı, ölkəmizin tərəqqisində misilsiz xidmətləri olan siyasi xadim, Ulu Öndər Heydər Əliyevin vəfatının 18-ci ildönümü münasibətilə, Ümumilli Liderin Şamaxı şəhərindəki abidəsini ziyarət ediblər.
Rəsədxana əməkdaşları Ulu Öndərin əziz xatirəsinə hörmət və ehtiram əlaməti olaraq abidəsi önünə gül dəstələri qoyub və ruhu qarşısında baş əyiblər.
Ümummilli Lider zəngin fəaliyyətində digər sahələrlə yanaşı, elm və təhsilə xüsusi diqqət və qayğı ilə yanaşıb. Ömrünü Azərbaycanın davamlı və hərtərəfli inkişafına, elmi potensialının yüksəldilməsinə həsr edən Ulu Öndər gənclərin yüksəkixtisaslı kadr kimi yetişməsi, onların təhsilini xarici ölkələrin nüfuzlu elm və təhsil müəssisələrində davam etdirməsi üçün mühüm qərarlara imza atıb. Məhz Heydər Əliyevin təşəbbüsü ilə hər il yüzlərlə Azərbaycan gənci Sovet respublikalarının müxtəlif şəhərlərinə ali təhsil almağa göndərilib. Bir neçə il sonra isə həmin gənclər ən vacib sahələri əhatə edən ixtisaslar üzrə təhsil alaraq respublikamıza təcrübəli mütəxəssis kimi qayıdıblar.
Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə qabaqcıl texnologiyanın Azərbaycana gətirilməsi, əldə olunan uğurlu elmi nəticələrin istehsalata tətbiqi, böyük alim ordusunun formalaşması prioritetə çevrilib. Həmin illərdən başlayaraq Ulu Öndərin uğurla həyata keçirdiyi siyasətin təməlində hər zaman Azərbaycanın gələcəyi, milli dövlətçilik düşüncəsi dayanıb. Heydər Əliyev 1974-cü ildə AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasına gələrək alimlərlə görüşüb. Sonrakı dövrlərdə də Ulu Öndər daim rəsədxananın fəaliyyətini diqqət mərkəzində saxlayıb, ölkəmizdə astrofizika elminin inkişafına yönələn qərarlara imza atıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.